Bütöv Azərbaycan naminə
Tarixin son 30 illik dönəmi xalqımızın tarixinə unudulmaz qanlı səhifələr yazdı. Mənfur ermənilərin xalqımıza qarşı törətdikləri qanlı terror aktları vətənimizə əsassız torpaq iddialarından və etnik düşmənçilik siyasətindən irəli gəlir. Təkcə onu demək kifayətdir ki, özünü sivil dünyaya “əzabkeş”, “yazıq” millət kimi tanıtmağa cəhd edən və əfsuslar olsun ki, çox vaxt inandırmağı bacaran ermənilər 1994-cü ildə əldə olunmuş “atəşkəs” müqaviləsinə əməl etməmiş, vaxtaşırı hərbi mövqelərimizi, eləcə də dinc əhalini atəşə tutmuş, adamlarımızı həlak etmişdirlər.
2020-ci ilin iyul hadisələri isə artıq hər şeyə nöqtə qoydu. “Qarabağ Azərbaycandır!” şüarı ölkə başçımız, Ali Baş komandan İlham Əliyevin xalqa bir çağırışı oldu. Qəhrəman Azərbaycan Ordusu xalqın, vətənin müqəddaratı üçün döyüşlərə başladı. Torpaqlarımızın işğaldan azad olunmasını, doğma Qarabağımızın xilasını biz çox arzulamışıq. Heç bir qüvvə Ordumuzun mübarizə əzmini qıra bilməz. Azərbaycan Respublikasının Prezidenti cənab İ. Əliyev qətiyyətli mövqeyini ortaya qoyaraq bunu bir daha isbat etdi. Qarabağ Azərbaycanın döyünən qəlbidir. Qarabağı qarış-qarış, kənd-kənd, oba-oba azad edən əsgər dünyanın ən məğrur, ən qüdrətli əsgəridir, o, cümlədən bu gün cəbhədə düşmənə qarşı vuruşan mənim və müəllim yoldaşlarımın övladlarıdır.
Hər qələbə xəbəri xalqımızın gücünə güc qatır. Biz bir daha dünyaya birliyimizi, müdrikliyimizi bəyan edirik.
Artıq zaman o zaman deyil. Azərbaycanın güclü nizami Ordusu, müasir silahları və məğlubedilməz xalqı var. Biz qalib gələcəyik. Ali Baş Komandanımızın dediyi kimi: “Biz nə vaxt nəyi edəcəyimizi yaxşı bilirik. Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır! Tarixi ədalət bizim tərəfimizdədir”.
Tezliklə Qarabağ işğaldan tamamilə azad olunacaq. Qafqazın yenilməz qartalı - Azərbaycan Ordusu zəfər salnaməsini gözümüz önündə yazır! Azad olan kəndlərimizə, qəsəbələrimizə, şəhərlərimizə yeni həyat, yeni nəfəs gələcək. Qarabağda müqəddəs bayrağımız dalğalandıqca qəlbimiz qürur hissi ilə coşub daşır.
Müasir dünyanın iqtisadi, siyasi, mədəni arenasında kifayət qədər uğurlara imza atan Azərbaycan hal-hazırda öz torpağının cəsur müdafiəçisidir. Azərbaycan Ordusunun göstərdiyi şücaət dünya hərb tarixinin bəlkə də çox nadir halda qarşılaşacağı bir qətiyyətdir.
Bu Ordunun bir yolu var! Qarabağı azad etmək! Bu haqq işimizdə bizə dəstək olan dövlətlər, xüsusən, canımız, qanımız, qardaş Türkiyəmiz var olsun.
Allah torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımıza rəhmət eləsin. Vətəni vətən edən, torpağı müqəddəs edən belə cəsur igidlərimizdir.
Allah Azərbaycana Haqq işində yar olsun!
Səmədova Yegənə
E. İsmayılov adına
253 nömrəli məktəbin Tarix müəllimi