Biz öz torpaqlarımızdayıq!
«Erməni ölmək istəmirsə rədd olsun bizim Qarabağ torpaqlarımızdan!»
İlham Əliyev
Söhbət mövzusu dövlət, vətən olduqdan sonra gerisi təfərrüatdır.
Qarabağ Azərbaycanın ən qədim və səfalı guşələrindən biridir. Qarabağ dünyanın ən qədim insan məskənlərindən biridir. Qarabağın Füzuli şəhəri yaxınlığında yerləşən Azıx mağarasından alimlər qədim insanların necə yaşadıqlarını göstərən maraqlı tapıntılar aşkar etmişlər. Burada tapılmış ən qiymətli nümunə qədim insanın alt çənə sümüyüdür. Həmin insan yaşadığı mağaranın adına uyğun olaraq “Azıx adamı” adlandırılmışdır. Bu tapıntıya görə Azərbaycan “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.
Bu ərazilər ta qədimdən Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. 18-ci yüzilliyin ortalarında Qarabağda müstəqil bir dövlətimiz yaranmışdı. Bu dövlət Qarabağ xanlığı adlanırdı. Qarabağ xanlığının əsasını Pənahəli xan qoymuşdu. O, xanlığı müdafiə etmək üçün əvvəlcə Bayat və Şahbulaq qalalarını tikdirmiş, Şuşada daha möhtəşəm qala tikilməsi üçün göstəriş vermişdi. 1757-ci ildə xanlığın mərkəzi Şuşa qalasına köçürülmüşdü. Qala onu tikdirmiş Pənah xanın şərəfinə “Pənahabad” adlandırıldı. Sonralar bu qala yenə də Şuşa qalası kimi tanındı.
Azərbaycanın dilbər güşələrindən olan Şuşa haqqında çox yazılıb, Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağlarının əzəmətindən söz açılıb. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə , ədəbiyyatımıza, incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa Şərqlilrə məxsus arxitekturası ilə də fərqlənir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.
Burada şairə Xurşidbanu Natəvanın, general Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bül-bülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın mülkləri, “Gəncə darvazaları”, Qala divarı və başqa tarixi və mədəni abidələr vardır.
XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20035 ailədən 15729-nu azərbaycanlı, 4366-nı isə xristian (albanmənşəli) ailələri təşkil edirdi. Göründüyü kimi, XIX əsrin əvvəllərinə qədər Qarabağda, o cümlədən Şuşada yaşayan əhalinin mütləq əksəriyyətini azərbaycanlılar (türklər) təşkil edirdi. Rusiya ilə Qarabağ xanlığı arasında 4 may 1805-ci il kürəkçay müqaviləsinin imzalanması ilə Rus imperiyasının tərkibinə daxil olan Qarabağ ərazilərinin xristianlaşdırılması siyasətinin əsasını qоyuldu. Bölgədə alban mənşəli xristian əhalinin erməniləşmə prosesinin başa çatması və ermənilərin (hayların) sayının sürətlə artması Rusiyanın 1828-ci ildə Qacarlarla (İranla) Türkmənçay və 1829-cu ildə isə Osmanlı Türkiyəsi ilə imzaladığı Ədirnə müqavilələrindən sonra baş verdi. Cənubi Qafqazın işğalını başa çatdıran çar Rusiyası burada öz mövqelərini möhkəmləndirmək üçün ermənilərdən istifadə etmək qərarına gəldi. Adları çəkilən müqavilələrin şərtlərinə əsasən ermənilərin İrandan və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza, əsasən tarixi Azərbaycan torpaqlarına (Qarabağ, İrəvan, Zəngəzur, Göyçə və s.) köçürülməsinə başlanıldı. Məhz bu kütləvi köçürmələrin nəticəsi idi ki, Türkmənçay müqaviləsindən keçən illər ərzində Cənubi Qafqazda ermənilərin sayı, təxminən 4,5 dəfə artmışdı.
1923-cü ildə Azərbaycan xalqının etirazına baxmayaraq Sovet rəhbərliyi vaxtilə bizim torpaqlara köçürülmüş ermənilərə muxtariyyət hüququ vermiş və Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmışdır.Ermənilər bizim torpaqlara başqa yerlərdən köçürülmələrinə baxmayaraq tarixən Vətənimizin ərazilərini mənimsəmək istəmiş, xalqımıza qarşı soyqırımlar həyata keçirmişlər.
Bu gün Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20%-i – Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuz işğal edilmişdir. Bu hərbi təcavüz nəticəsində uşaqlar, qadınlar, ahıl yaşında olanlar da daxil olmaqla çoxlu sayda həmvətənlərimiz həlak olmuş, 1 milyondan artıq soydaşımız öz torpaqlarından qovulmuş və qaçqın vəziyyətinə düşmüşdür.
Düşmən Şuşanı fəth etməyə, onu diz çökdürməyə, kəndlərin və yaşayış məntəqələrinin tarixi adlarını dəyişdirməyə nə qədər çalışsa da, heç vaxt onun ruhunu qıra bilməyəcək. Şah İsmayıl Xətai, Nadir şah, Xan Qacar, Cavad xan, Mehmandarov, Şıxlinski kimi sərkərdələri olan xalqın torpağı işğalda qala bilməz. Çox da uzaqda olmayan gün gələcək, Qarabağ uğrunda mübarizədə yüzlərlə övladını qurban vermiş Şuşa erməni işğalından azad ediləcək. Minlərlə məcburi köçkün sönmüş ocağına dönəcək və onu öz nəfəsi ilə yenidən alovlandıracaq. Şəhərin üzərində sevinc və azadlıq günəşi doğacaq.
Aygün Rzayeva
Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
5 nömrəli Kitabxana filialının müdir