Şriftin ölçüsü :

Saytın rəngi :

Humanitar atəşkəs sülh demək deyil

15 oktyabr 2020 | 11:00

   Azərbaycan, Ermənistan və Rusiyanın Xarici İşlər Nazirlərinin Moskvada 10 saatdan artıq bir müddətdə humanitar atəşkəs barədə danışıqlar aparması vəziyyətin nə qədər gərgin olduğunun göstəricisidir. Biz illərdir sülhün arzusunda olmuşuq, həyasızcasına torpaqlarımızı işğal edən təcavüzkarın hərəkətlərinə təmkinlə dözmüşük. Bəzən “torpaqlarının işğalına göz yuman xalq” kimi də qınanmışıq. Bu gün isə artıq səbr kasası dolub və xalqımız müharibə edir – torpaqlarının atəşkəs ilə azad olunduğunu görməyən xalqın başqa çıxış yolu yoxdur. Otuz ilə yaxın bir müddətdə arzuladığımız ədalətli sülhü görməyəndə müharibə artıq hədəfə çatmaq üçün bir vasitəyə çevrilir.
   Münaqişənin həll olunmaması və status-kvonun saxlanılması Ermənistanın xeyrinədir. Prezident İlham Əliyev qəti siyasi iradə göstərərək 30 il ərzində qurulmuş və inkişaf etdirilən bu sistemi darmadağın etdi və azərbaycanın işğalla barışmayacağını sübut etdi. Nəticədə Azərbaycan özü status-kvonu dəyişdi. Artıq Dağlıq Qarabağın inzibati ərazisi olan Hadrutun azad edilməsi yeni geosiyasi mənzərə yaradır. Bu gün danışıqlar prosesində azərbaycan öz iradəsini nümayiş etdirir. Ölkə başçımız xalqa müraciət etdi: “30 ilə yaxındır danışıqlar aparılır, bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Təcavüzkarı məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirsin? – Yox. Bəs, bu məsələ indi necə həll olunur? Bu hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra siyasi.”
   Bütün dünya Azərbaycan xalqının əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir.
   Tariximizin ən şərəfli səhifələrindən birini yaşayırıq. Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər azad edilib. Həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Milli birlik, vətənpərvərlik, təəssübkeşlik dövlətimizin əzmini daha da artırır.
    Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş humanitar atəşkəs oktyabrın 11-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə törədilmiş terrorla pozuldu. Bir daha Etmənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani siması dünyaya bəlli oldu, bir daha sübut olundu ki, Ermənistanın hədəfi yaşayış məntəqələrimiz və dinc sakinlərdir. Bu rejim artıq uşaq qatili adını qazanıb. Ermənistan həyəsızcasına Moskva danışıqlarının ziddinə hərəkət edir. Düşmən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum edir, münaqişə zonasından uzaq olan dinc şəhərlərimizi atəşə tutur. Gəncədə mülki əhalinin qətl edilməsi Ermənistanın terrorçu dövlət olduğunu sübut edir. Cəbhəboyu məğlubiyyətə uğrayan Ermənistan heyfini dinc əhalidən çıxır, bu acizliyin və ağır psixoloji sarsıntının simptomlarıdır. İndiki müharibə I Qarabağ savaşına bənzəmir, Azərbaycanın iqtisadi qüdrəti, müasir tələblərə cavab verən güclü ordusu var və ideoloji sahədə uğurlarımız imkan verir ki, səsimizi dünyaya çatdıraq. Beynəlxalq hüquq və ədalət bizim tərəfimizdədir. Biz öz torpağımızdayıq, heç kimin torpağında gözümüz yoxdur. Gəncə bombardmanının cavabını müzəffər ordumuz döyüş meydanında verəcəkdir. Azərbaycan humanitar atəşkəs rejiminə riayət edir, qarşı tərəfsə etmir, odur ki, biz də özümüzü müdafiə etməliyik. İllər uzunu Beynəlxalq aləm bizim haqlı mövqeyimizə laqeyd yanaşdı, Ermənistanın bölgədə möhkəmlənməsinə şərait yaratdı. Bu gün artıq qardaş Türkiyə münaqişənin siyasi həllində fəal rol oynamalıdır. Türkiyə böyük söz və nüfuz sahibidir, ona görə də Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın və digər Türkiyə rəsmilərinin Azərbaycanı dəstəkləməsi xalqımızda ruh yüksəkliyi yaradır.
   Moskva danışıqları isə ümumilikdə Azərbaycanın xeyrinədir, çünki danışıqların həlli baza prinsipləri nəzərə alınmaqla baş verməlidir. Bu prinsiplər isə bizim maraqlarımıza cavab verir. Ermənistan ordusu Azərbaycan torpaqlarını tərk etməlidir. Bu gün hamı kimi Azərbaycan həkimləri də cəbhədə əsgərlərimizin və dinc əhalimizin sağlamlığının bərpası üçün fədakarlıqla çalışırlar. Yüzlərlə həkimlərimiz könüllü olaraq cəbhəyə gediblər. Azğın düşmən atəşkəs dövründə də təcili yardım maşınlarını da güllələyib. Çətinliklərə baxmayaraq tibb işçiləri vəzifə borclarını ləyaqətlə yerinə yetirir və tezliklə Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuzun zəfər çalacağına inanırlar.
   Biz qalib gələcəyik!
   Qarabağ Azərbaycandır!


Yusifova Şəfəq
Əməkdar həkim

Keçidlər