Xalq Prezidentimiz İlham Əliyevin Ali Baş Komandan kimi hərbi siyasətinə güvənir
Prezident İlham Əliyev həmişə, o cümlədən, Ermənistanın hərbi təxribatlarına qarşı başlanan son əks - hücum əməliyyatlarının yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi. Düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olunu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin verdiyi məlumata görə, işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir.
Düşmənin silahlı qüvvələri 11.10.2020-ci il tarixdə gecə saat 04 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atmışdır.
Raketlər Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilmişdir.
Bundan əlavə humanitar yardım adı altında “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.
“Bu, açıq şəkildə Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarının pozulması deməkdir”.
Bu gün çağdaş Azərbaycanın siyasi maraqlarını və həmçinin dünyanın qəbul etdiyi ədalətlilik qanunlarını dəstəkləyən ölkələr də az deyil.
Buna nümunə olaraq, Pakistandan Azərbaycana tam və genişmiqyaslı dəstək bir daha təsdiqləndi.
Pakistanın Xarici İşlər Nazirliyi Qarabağ münaqişəsi zonasında əldə olunmuş humanitar atəşkəslə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: "Bu yaxınlarda, Azərbaycanla Ermənistan arasında elan edilmiş humanitar atəşkəs sülh və sabitlik üçün müsbət hadisədir. Ümid edirik ki, tərəflərin razılaşdırdığı humanitar şərtlər yerinə yetiriləcəkdir.
Pakistan inanır ki, iki tərəf arasında davamlı sülhün bərqarar olunması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olacaq. Bu işdə Pakistan qardaş Azərbaycan xalqını dəstəkləməyə davam edəcək".
Düşmən yaşayış məntəqələrimizi və dinc sakinlərimizi vəhşicəsinə, barbarcasına atəşə tutmağa davam edir. Cəbhədə Ermənistanın hərbi birləşmələri əks-hücuma keçməyə cəhd göstərirlər. Şiddətli döyüşlər gedir. Ermənilər humanitar atəşkəs rejimini alt-üst etmək üçün əllərindən gələni edirlər.
Atəşkəs pozularsa, məsuliyyəti bütünlüklə və tam olaraq Ermənistan daşıyacaq. Azərbaycan Respublikasının Prezidenti münaqişənin dinc yolla həlli üçün əlindən gələni etdi.
Azərbaycan xalqını soyuqqanlı, emosiyasız, yersiz pessimizmdən uzaq şəkildə Prezidentimiz İlham Əliyevin Ali Baş Komandan kimi hərbi siyasətinə güvənir.
Səkinə Rzayeva
228 saylı tam orta məktəbin direktoru