Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ! Hər bir azərbaycanlının yaralı yeri...

13 oktyabr 2020 | 11:00

   Qarabağ! Hər bir azərbaycanlının yaralı yeri... Havası, təbiəti, suyu ilə göz oxşayan, mənəvi olaraq bizi yaşadan məmləkət...
   Qarabağ bizim həm ürəyimizi dağlayan sağalmaz yara, həm də gələcəyə olan tək ümidimizdir.
   Mənfur düşmənin təmas xəttində atəşkəs rejimini hər gün pozmasına baxmayaraq aprel ayında ilk dəfə idi ki, irihəcmli hücum baş vermişdi. Demək olar ki, Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş verən ən şiddətli döyüşlər idi.
   Aprel döyüşləri də Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmış, 2000 hektarlıq ərazi düşmən tapdağından azad edilmişdi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan və Qazaxlar kəndləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar azad olunmuşdu.
   Bu şanlı döyüşlərdən sonra 2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü “Azərbaycanın Milli  Qəhrəmanı", 7 üzvü “Azərbaycan Bayrağı” ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə" ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “Igidliyə görə" medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü “general-mayor” ali hərbi rütbəsi ilə təltif olunmuşdur. 
   Aprel döyüşləri mənfur düşmənin hərbi cəhətdən nə qədər zəif olduğunu nümayiş etdirmiş, hətta Aprel döyüşlərində uğursuzluğa görə Ermənistanda 3 yüksək rütbəli hərbi və müdafiə rəsmiləri işdən azad edilmişdir. 
    Aprel döyüşlərindən sonra ermənilər bir daha əmin oldular ki, Azərbaycan Ordusu çox qısa zaman ərzində işğal altında olan torpaqlarımızı azad edə bilər. 
    Ordumuzun Aprel döyüşlərindəki qələbəsi sübut etmişdi ki, Azərbaycan bu münaqişəni hərbi yolla həll etmək iqtidarındadır. 
   Ali Baş Komandan Prezident İlham Əliyev Aprel döyüşləri haqqında demişdir: “Əks-hücum əməliyyatı nəticəsində ordumuz düşmənə güclü sarsıdıcı zərbə vurub və minlərlə hektar torpaq işğaldan azad edilib. Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm də bir daha Azərbaycan dövlətinin gücünü göstərdi" 
   Hətta Prezident İlham Əliyev Azərbaycan Ordusunun Aprel döyüşlərinin yaratdığı ruh yüksəkliyini nəzərə alaraq “Aprel döyüşləri Azərbaycan Respublikasının hərb tarixinə salınmalıdır” deyərək şanlı qələbəni yüksək qiymətləndirmişdir.
   2017-ci il aprelin 6-da Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbə münasibətilə zəfər yürüşü keçirilmiş, “Aprel şəhidlərinə xatirə" abidəsinin açılışı olmuşdur.
Öz mənfur xislətindən əl çəkməyən düşmən 2020-ci ilin 12 iyul tarixindən başlayaraq Ermənistan-Azərbaycan dövlət sərhəddində döyüşlərə başladı.
   Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndləri düşmən tərəfindən atəşə tutulmuş, mülki əhaliyə ziyan vurulmuşdur.
   Rəşadətli Azərbaycan Ordusunun 12 hərbçisi şəhid olmuş, 1 mülki vətəndaş öldürülmüş, 4 hərbçimiz isə yaralanmışdır. Ermənistanın 1 tankı, 1 zirehli transportyoru, 1 radioelektron mübarizə vasitəsi, bir neçə zirehli maşını məhv edilmişdir.
   Azərbaycan Ordusunun əzmindən, xalqın möhkəm iradəsindən qıcıqlanan Ermənistan həm Aprel döyüşlərindən, həm də Tovuz döyüşlərindən nəticə çıxarmayaraq 27 sentyabr 2020-ci ildən başlayaraq yenidən atəşkəs rejimini pozmuş, dinc əhalini hədəfə almışdır. Lakin Ermənistan silahlı qüvvələrinin bu addımları cavabsız qalmamış, Azərbaycan Ordusu dərhal əks-hücum əməliyyatına başlamışdır.
   27 sentyabrdan başlayan əks-hücum əməliyyatları zamanı 230-dək tank və zirehli texnika, 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 38 ədəd hava hücumundan müdafiə vasitələri, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 7 silah-sursat anbarı, 17 “Osa" zenit raket sistemi, 1 ədəd “S-300" zenit raket kompleksi, 130-dan çox avtomobil texnikası məhv edilib, 25 PUA endirilib. Həmçinin düşməndən çoxlu texnika və silahsursat qənimət kimi ələ keçirilmişdir.
   Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlarının nəticəsi olaraq Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb. 27 sentyabrda Füzulinin Qaraxanlı, Qərvənd, Yuxarı Əbdürrəhmanlı kəndləri, Kənd Horadiz, Cəbrayıl rayonunun Böyük Mərcanlı,
   Nüzgar kəndləri, 28 sentyabrda Füzuli rayonunun Şərvəj kəndi, 3 oktyabrda Tərtər rayonunun Suqovuşan, Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndləri , 4 oktyabrda Cəbrayıl şəhəri, Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri, 5 oktyabrda Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri, 9 oktyabrda Xocavənd rayonunun Hadrud qəsəbəsi, Sur kəndi, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli, Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər kəndləri işğaldan azad edilib. Azərbaycanın igid əsgərləri azad olunmuş torpaqlarda Azərbaycan bayrağını dalğalandırırlar.
   İşğaldan azad edilmiş Madaqiz kəndinin tarixi adının Prezident İlham Əliyev tərəfindən bərpa olunaraq yenidən Suqovuşan adlandırılması ən gözəl uğurlardan biridir.
   Azərbaycan Ordusu tərəfindən cəbhədə ağır itkilərə məruz qalan Ermənistan ordusu öz “gücünü" mülki əhali üzərində göstərməyə çalışır. Ermənistan tərəfindən Tərtər, Ağcabədi, Bərdə, Gəncə, Yevlax, Mingəçevir, Füzuli, Cocuq Mərcanlı, Ağdam və digər yaşayış əraziləri atəşə tutulur, mülki şəxslər hədəfə alınır. Düşmənin bu mənfur əməlindən 41 mülki şəxs həlak olmuş, 207 mülki şəxs yaralanmış, 1185 evə, 57 yaşayış binasına, 148 mülki obyektə ziyan dəymiş və yararsız hala salınmışdır.
   Düşmən Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncəni, sənaye şəhəri olan Mingəçeviri də raket atəşinə tutmaqdan çəkinmir və öz gücsüzlüklərini, acizliklərini bəyan edirlər.
   Amma nə atılan bu raketlər, nə də düşmənin bu aciz hərəkətləri əhalini, xalqı qətiyyən qorxudur, əksinə xalq bir yumruq olaraq birləşir.
   Ermənistan baş verən hadisələr ərəfəsində dəfələrlə atəşkəsin bərpa olunmasını istəsə də,dünya liderlərinə yalvarsa da bunun onlar tərəfindən düşünülmüş yalan olduğunu bir daha nümayiş etdirdilər. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Moskvada Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın görüşü baş tutmuş, 11 saat davam edən danışıqlardan sonra humanitar atəşkəs elan olunmuşdu. Ermənistan hər dəfə olduğu kimi bu dəfə də atəşkəsi kobud şəkildə pozmuş, bütün cəbhəboyu əməliyyatları davam etdirmiş, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli rayonlarını atəşə tutmuşdur. 
Ermənistanın mülki əhaliyə qarşı törətdiyi hücumlardan ən dəhşətlisi Gəncədə baş verdi. Oktyabrın 10-dan 11-nə keçən gecə 02:00 radələrində mülki əhali raket atəşinə tutulmuş, atılmış raketlərdən biri yaşayış binasına düşmüş və nəticədə 10 mülki şəxs həlak olmuş, 40-dan çox mülki şəxs isə yaralanmışdır. 
   Səhəri Ermənistan tərəfindən törədilmiş soyqırımı ilə açan Gəncənin hədəf olaraq seçilməsi düşmənin zəifliyinin göstəricisidir. 
   Biz hamımız əminik ki, düşmənin törətdiyi bu insanlığa sığmayan hərəkətlərin cavabı ordumuzun igidləri tərəfindən layiqincə verilir və veriləcək. Atasız, anasız qalmış heç bir övladın, övladını itirmiş heç bir valideynin göz yaşları, ahı yerdə qalmayacaq!
   27 sentyabrdan sonra yaranmış vəziyyətlə bağlı olaraq ölkə ərazisində hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan olundu. Ermənistanda və Qondarma Dağlıq Qarabağ Respublikasında isə hərbi vəziyyət və ümumi səfərbərlik elan olundu. Azərbaycanın hər bir igidi Ali Baş Komandanın çağırışına səs verərək könüllü şəkildə cəbhəyə yollandı, amma qarşı tərəf üçün bunu demək o qədər də düzgün olmazdı.Təbii ki, Ermənistan əsgərlərinin döyüş mövqelərini qoyub qaçması, onların muzdlu döyüşçüləri döyüşlərə cəlb etməsi,
Ermənistan tərəfindən qadınların və yaşlıların döyüş bölgəsinə gətirilməsi, münaqişəyə cəlb edilməsi Ermənistanın acınacaqlı vəziyyətindən xəbər verir.
   Prezident İlham Əliyev xalqa müraciətlərində də, Türkiyənin “Haber Global”, “Əl-Ərəbiyə", “Əl-Cəzirə", “ Rusiyanın “RBK", “Sky News”, “CNN İnternational” televiziya kanallarına müsahibələrində də öz dolğun, əsaslı cavabları ilə insanların, xalqın qəlbində hörmət və ehtiram hissi yaratdığı halda öz cılız hərəkətləri, əsassız olan danışıqları ilə Ermənistanın Baş Naziri Nikol Paşinyan özünü hər dəfə həm öz xalqı qarşısında, həm də bütün dünya miqyasında rüsvay edir.
   Azərbaycan xalqı Ali Baş Komandan Prezident İlham Əliyevin siyasətini bəyənir, Azərbaycan Ordusuna güvənir. Allah Ali Baş Komandanı, Azərbaycan Ordusunun igidlərini, qəhrəmanlarını qorusun.
   Prezident İlham Əliyevin çıxışlarında da bildirdiyi kimi Azərbaycanın bir qarış torpağı da düşmən tapdağı altında qalmayacaq. Bizim yolumuz haqq yoludur.
   Və Azərbaycan xalqının heç kimin torpağında gözü yoxdur. Azərbaycan Ordusu öz torpaqlarının azadlığı uğrunda döyüşür.
   Qələbə çox yaxındadır. İnşallah zəfər bayrağını Qarabağımızda sancıb qələbəmizi qeyd edəcəyik. Ordumuzun qələbələri, xalqın birliyi, əzmi o günün çox yaxında olduğunu sübut edir.
İnşallah çox yaxınlarda hər kəsin dilində “Qarabağımız azad olundu" “Qarabağa, Vətənimə gedirəm" kəlmələri səslənəcək və hər bir azərbaycanlının gözlərindəki kədər qələbəmizdən sonrakı sevinc, fərəh, qürur hissi ilə əvəz olunacaq.
   Qarabağımızın hər bir daşı, qayası, hər qarış torpağı doğma insanlarının ora qayıdışını hiss edəcək. 30 ilə yaxındır Qarabağımızın ağlayan hər qarış torpağı çiçəklənəcək.
   Qarabağ Azərbaycanın ayrılmaz, əzəli torpağıdır və QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR!

Zamanova Elza
Bakı şəhəri, Qaradağ rayonu, Neftçi Qurban adına
288 saylı tam orta məktəbin Fizika müəllimi

Keçidlər