Şriftin ölçüsü :

Saytın rəngi :

"Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!"

13 oktyabr 2020 | 11:00

    Azərbaycan və Ermənistan arasında humanitar atəşkəsin elan edilməsi heç də tərəflər arasında uzunmüddətli razılaşmanın əldə olunması anlamına gəlməməlidir. Atəşdən yox, atəşkəsdən qorxan bir xalq olsaq da, soyuqqanlı davranıb vəziyyəti düzgün qiymətləndirməyimiz lazımdır. Azərbaycanın indiki məqamda tutduğu mövqe həm də diplomatik bir gedişdir. Anlamaq lazımdır ki, diplomatiyada səhvə yol verilməsi vəziyyəti dəyişə, hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Qısası humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada “yox” deməsi düşmənin əlinə oynamaqdan, Ermənistanın mövqeyini gücləndirməkdən başqa bir şey olmayacaqdı...
   Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini həmsədr ölkələr də başa düşdü. Azərbaycan işğalçı qüvvələri öz ərazimizdən çıxarmaqla haqq-ədaləti qoruyur və hüquqlarını bərpa edir. Bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir.  Lakin Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gərir, məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək, Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.
   Ermənistan baş naziri Nikol Paşinyan artıq yeddi şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək məcburiyyətindədir. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diktə edir və şərt irəli sürür. Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Ancaq buna prezidentimiz və onun ətrafında sıx birləşən Azərbaycan xalqı imkan vermədi, verməyəcək də.
   Humanitar atəşkəsin mürəkkəbi qurumamış işğalçı və terrorist tərəf - Ermənistan yenə öz xislətini göstərdi, döyüş zonası olmayan Gəncə şəhəri raket atəşinə tutuldu. Gecə saatlarında, şirin yuxuda ikən neçə körpə qan ağladı, neçə həyata son qoyuldu. Bu qeyri-insani aktı törədən, mülki əhalini nişan alanlar hələ bir utanmadan dezinformasiya yayaraq atəşkəsi məhz bizim pozduğumuza dünya ictimaiyyətini inandırmağa çalışırlar.
   Doğrudur, hərbi olaraq atəşkəsdir və dövlətimiz humanitar atəşkəsin bütün şərtlərinə ciddi şəkildə əməl edir. Lakin bir vətəndaş olaraq, hərəmiz öz sahəmizdə bacardığımız qədəri ilə düşmənlə mübarizə aparmalıyıq. Həmçinin informasiya müharibəsində də qalib biz olmalıyıq. Dünya bilməlidir, görməlidir hüquqları pozulmuş azərbaycanlıları, tanımalıdır terrorist kimdir, zərərçəkən kim, həmçinin fərqləndirməli və düzgün qiymətləndirməlidir, işğalçını və işğaldan əziyyət çəkəni. Sevindirici haldır ki, ölkəmizin tanımış insanları, o cümlədən gənclərimiz bu məqsədlə sosial şəbəkədə fəallıq göstərirlər, paylaşımlar edərək haqq səsimizi duyurmağa çalışırlar .
   Hər birimiz ürəkdən inanırıq ki, tezliklə Cəbrayılımız kimi, işğal altında olan hər bir rayonumuzda günəş yenidən doğacaq, üfüqdə Azərbaycanımızın üçrəngli bayrağı parlayacaq. Çünki bizim yolumuz haqq yoludur, biz hücum edən yox, öz torpağında müdafiə olunan, ləyaqətini qoruyan tərəfik. Və prezidentimizin dediyi kimi: "Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!"


Tamilla Babaşova
Neftçi Qurban adına 288 nömrəli
tam orta məktəbin təlim-tərbiyə işləri üzrə
direktor müavini

Keçidlər