Qələbə sənindir Azərbaycan ordusu!
Döyüşlər başlayan ilk gündən xalq cənab Prezident İlham Əliyevə, müzəffər ordumuza dəstək nümayiş etdirmişdir. On minlərlə Vətən oğlu şanlı qələbələr yazan ordumuzun sıralarına qatılmaq, torpaqlarımızı işğaldan azad etmək üçün könüllü olaraq hərbi qurumlara müraciət etmişdir.
Cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir ki, ölkəmizi bu çətin günlərdə dünya miqyasında söz sahibi olan dövlətlər, iri beynəlxalq təşkilatlar dəstəklədi, torpaqlarımızın bütövlüyünü tanıdıqlarını elan etdilər.
“Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istəyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”. Bu fikirləri cənab İlham Əliyev yaralı hərbçilərlə görüşdə səsləndirmişdir.
Prezidentimizin söylədiyi bu sözlər, cəbhədən günbəgün, saatbasaat gələn xoş xəbərlər xalqımızda Vətən coşqusunu, tam qələbəyə inamını artırır.
İyul təxribatları zamanı aldığı layiqli cavabdan dərs çıxarmağı bacarmayan Ermənistan, sentyabrın 27-də yenidən Azərbaycanın sərhədində təxribat törətməyə, mülki əhalini hədəf almağa başladı və elə bu ağılsız cəhdləri ilə də həm siyasi müstəvidə, həm beynəlxalq arenada, həm də hərb meydanında məğlubiyyətlərinin altına böyük bir imza atdı.
Bu gün Azərbaycan Ordusu öz torpaqlarında döyüşür, düşmənə sarsıdıcı zərbələr endirir, layiqli cavab verir. Məğlub Ermənistan ordusu isə öz acizliyini, rəzillik və qorxaqlığını sübüt edərək, Azərbaycan mülki əhalisini və obyektlərini hədəfə alıb hərbi cinayətə imza atır. Əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan ərazisindən açılan artilleriya atəşinə məruz qalaraq cox mənzilli yaşayış binasının dağılması nəticəsində 9 nəfər həlak olub, 33 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.
Azərbaycan hər zaman qan tökülmənin əleyhinə olmuş, əbədi torpaqlarımızın dinc yolla düşmən işğalından azad olunmasına çalışmışdır.
Qeyd etmək istəyirəm ki, “Ordumuza dəstək” aksiyası çərçivəsində 10 oktyabr 2020-ci il tarixdə Tərtər rayonu istiqamətindəki hərbi hissələrin birinə rayonun təhsil işçiləri adından sovqatlar təqdim olunmuşdur.
Ordumuzun döyüş ruhunun yüksək olduğunu, əsgərlərimizin qələbə əzmi ilə vuruşduğunun şahidi olduq. Yerli əhali ilə söhbət zamanı onlar Ali Baş Komandana və ordumuza güvəndiklərini, hər gün atəşə məruz qaldıqlarına baxmayaraq, doğma ocaqlarını tərk etməyəcəklərini bildirdilər. Hər qarış vətən torpağının azad olacağına əmin olduqlarını söylədilər.
Mən bir ana kimi üzümü əsgərlərimizə tutaraq deyirəm: “Anaların duaları sizinlədir! Arzu edirik yolunuzu gözləyən ana-bacılarınızı, həsrət çəkən, gözü yollara dikilən ailələrinizin yanına Qələbə müjdəsi ilə sağ-salamat qayıdasınız!
Allah sizə azad olmuş torpaqlarimiza Qələbə bayrağını tezliklə sancmağı qismət etsin! Amin!”
Əməkdar müəllim Zümrüd Rzayeva
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Qaradağ Rayon Komitəsinin sədri