Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən qəhrəmanları ilə tanınır

12 oktyabr 2020 | 11:00

   Qəhrəmanlıq bizə tariximizin dərinliklərə uzanan qatlarından gəlir. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Cəmşid xan Naxçıvanski, Həzi Aslanov, Mehdi Hüseynzadə və adını sadalamadığımız neçə-neçə igid və cəsur oğullarımızın şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Ancaq unutmayaq ki, qəhrəmanlığın əsasını qoyan amil vətənpərvərlikdir. Çünki vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Bəlkə də buna görədir ki, tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimiz dövründə canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov idi.
   Mayor İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftçala rayonunun Həsənabad kəndində dünyaya göz açmışdır. 1998-ci ildə rayonun 1 saylı orta məktəbini bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuşdur. Hal-hazırda 1 saylı orta məktəb Milli Qəhrəmanımız Samid İmanovun adını daşıyır. 2003-cü ildə hərbi təhsil ocağını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin vaxtdan Silahlı Qüvvələrimizin döyüş təyinatlı hərbi hissələrin  birində xidmətə başlamış, qısa müddətdə zabit vəzifəsinə yüksəlmişdir.
Milli Qəhrəmanın həyat yoldaşı İmanova Badam Rafayıl qızı bizimlə söhbətində bildirdi ki, İmanov Samid Gülağa oğlu 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərərgah rəisi vəzifəsində xidmət etmişdir. Bir müddət Müdafiə Naziri Zakir Həsənovun mühafizə xidmətinin rəisi vəzifəsində çalışıb, sonra yenidən öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələri hərbi hissəsinə qayıtmışdı. Hissənin qərərgah rəisi və Xüsusi Təyinatlı qoşunun komandanının köməkçisi vəzifəsini icra etmişdi.
   Özünü peşəkar hərbiçi kimi formalaşdırmaq üçün Samid daim öz üzərində çalışırdı. Türkiyə respublikasında “Daxili Təhlükəsizlik əməliyyatların planlaşdırması və icrası”, “Komando təlimi və paraşütdən sərbəst atlamaq”, 2007-ci ildə “Anadolu - 2007” və “Anadolu Qartalı - 2007”  birgə taktiki təlimlərlə yanaşı həm də Samid İmanov Pakistanda “Ləpirçi və antiterorist”, İsveçrədə “Dağ təlimi”, Rumıniyada isə “Dağa dırmanma üzrə təlimatçı” kurslarında iştirak etmişdir.
   2014-cü ilin avqust ayında Azərbaycan – Ermənistan təmas xəttində baş verən atışma zamanı Samid İmanovun rəhbərliyi altında dəstə qarşı tərəfə keçmiş və əməliyyat keçirmişdi. Döyüş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 20 hərbi qulluqçusu məhv edilmişdir. Bu döyüşdə göstərdiyi xüsusi fədakarlığa görə Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilərək mükafatlandırılmışdır. Samidin başçılıq etdiyi dəstə onun yüksək komandirlik bacarığı sayəsində daim döyüş uğurları ilə seçilirdi.
   Aprelin 2-dən 5-nə qədər qoşunların təmas xəttində Ermənistan silahlı birləşmələri tərəfindən törədilən silahlı təxribatın qarşısı alınarkən Tərtər istiqamətindəki Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə Samid ayağından və çiynindən qəlpə yarası alır. Əsgərlər onu döyüş meydanından çıxarmaq istəsələr də, Samid qəti etiraz edir və onun əvəzinə yaralı giziri çıxarmağı əmr edir. Son damla qanına qədər döyüşməyi seçirdi. Əsgərlər geri qayırsalar da, Samid artıq orada deyildi. O, əsgərləri uzaqlaşdırdıqdan sonra erməni tərəfə əsir düşməmək üçün oradan uzaqlaşaraq əlində qumbara saxlamışdı. Samid şərəfli ölümü düşmənə əsir düşməkdən üstün tuturdu. Samidi olduğu yerdə tapmadıqları üçün, o, qanaxma nəticəsində qəhrəmancasına şəhid oldu. Aprelin 8-i Samidin nəşi neytral ərazidən götürülmüş və aprelin 9-u mayor Samid İmanov izdihamla son mənzilə yola salındı.
Samid İmanovun iki övladı Fidan və Turan yadigar qalıb.
  Badam xanım Samid haqda xaraktercə çox sakit, təmkinli, qayğıkeş, anlayışlı olduğunu deyir: “ Samid heç vaxt sirr verməzdi. Xasiyyətinə bələd olduğum üçün artıq suallar verməzdim. Vaxtını daha çox hərbi hissədə keşirərdi. Xüsusən də bayramları əsgərləri ilə keçirməyi üstün tuturdu. Onun evdə olduğu vaxtlar isə bizim üçün bayram olardı. Samid uğurları ilə, göstərdiyi fədakarlıqları ilə heç vaxt öyünməzdi.
   Oğlum Turan yeni dünyaya gəlmişdi və biz Samidlə dövlət tərəfindən verilən xidməti evə köçməyə hazırlaşırdıq. Hətta müəyyən ev əşyalarını da aparmışdıq. Çox sevinirdik evimiz Samidin işinə yaxındır və biz az da olsa əvvəlkindən çox görə biləcəyik. Samidin yolunu daha saatlarla, günlərlə gözləməyəcəyəm. Amma talehin yazısı fərqli imiş. Nə biləydik ki, martın 28-i Samidlə keçirdiyimiz son gün olacaq. Bundan belə biz onun yolunu bir ömür boyu gözləyəcəyik. Bütün qurduğumuz arzular bir anın içində alt-üst oldu və biz Samidi bir ömürlük itirdik. Artıq qızımız Fidanın 6 yaşı var. Çox şeyi başa düşür, amma ən əsası atasının harda olduğunu, gəlməyəcəyini deyə bilməmişəm. Suallarından hər dəfə bir cür yayınıram. Ona atasının qəhrəman olduğunu və daim bizi, uşaqları, dövlətimizi qorumaq üçün səngərdə qaldığını demişəm. Oğlumuz Turan isə hələ indi  “Ata” kəlməsinin nə olduğunu başa düşməyə başlayıb. Daim onların ataları barədə söhbətlərinin şahidi oluram. Bir-birini sakitləşdirərək, atalarının gəldiyi gün hər şeyin daha gözəl, maraqlı olacağına ümid edirlər. Bu söhbətləri məni çox kövrəldir. Samidin Turan barədə çox arzuları var idi. Onu da özü kimi mərd, sücaətli, qətiyyətli böyüdəcəkdi. Arzu edirdi ki, oğlum olandan sonra onu işlədiyim hərbi hissəyə aparacağam ki, qoy elə kiçik yaşlarından hərb sənətini sevsin. Amma oğlunu cəmi iki dəfə qucağına götürmək imkanı oldu. Oğlumuz Turanın atası ilə bir dənə də olsun xatirə şəkli olmadı.
Samid hər zaman az danışar, amma sakit baxışları ilə çox şey deyərdi. Heç zaman peşəsinin çətin, riskli olduğunu mənə bildirməzdi. Samid hərb sənəti üçün dünyaya gəlmişdi, peşəsini çox sevirdi. Elə peşəsinə, Vətəninə, dövlətinə, andına sadiq qalaraq da dünyadan köçdü.
    Mənim üçün, övladlarım üçün Samidin yerini heç kim, heç nə verməyəcək. Onun nəfəsi belə bizim xoşbəxtliyimiz üçün bəs idi. Samidin yoxluğu, onun həyatımızdakı boşluğu heç zaman dolmayacaq.
    Amma əminəm ki, Fidan və Turan böyüyəndə ataları ilə fəxr edəcək, öyünəcək və başa düşəndə ki, qəhrəman atası ilə bütün Azərbaycan fəxt edir, onların qüruru yerə-göyə sığmayacaq.
İnsan qəlbinin ən gözəl, ən böyük nəğməsi vətən nəğməsidir. Tanrı tərəfindən seçilmiş insanlar var ki, bu nəğmə onları beşikdən qəbr evinə kimi müşayət edir. Erkən yaşlarından müharibənin dəhşətlərini görüb yaşayan insanların ürəkləri isə bu nəğməni qisas yanğısı, döyüş harayı ilə oxuyur. Milli Qəhrəmanımız Samid İmanovun da qəlbi məhz bu nəğmə ilə oxuyurdu.
    Bu gün Azərbaycan xalqı ayaqdadır, hamı döyüşmək, işğal altında qalan torpaqlarımızı azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişdir. Yüz minlərlə soydaşımız döyüşçülərimizə köməyə getmək səfərbər olunub. Düşmənə qarşı nifrət, axıdılan nahaq qanların qisasının alınması üçün hamıda döyüşkənlik əhval-ruhiyyəsi hakim kəsilib.
    Qəhrəman əsgərlərimizin rəşadəti nəticəsində hər gün böyük uğurlarımızın olacağı şübhəsizdir. Tam qələbənin əldə ediləcəyi günü əminliklə gözləyirik.  Bəli qələbə bizimlə olacaq çünki bizim işimiz haqq işidir.Torpaqlarımızı mənfur ermənilərin işğalından azad etmək istəyirik və azad da edəcəyik. Artıq qələbə xəbərləri gəlməkdədir.Bir neçə kəndimiz işğaldan azad edilib.    Rəşadətli Azərbaycan ordusu, qəhraman əsgərlərimiz xalqımızın çoxdan gözlədiyi qələbəni təmin etməyə qadirdir. Bütün xalqımız yağı düşmənə layiqli  cavab vermək üçün doğma Qarabağımızı düşmən tapdağından azad etmək naminə səfərbər olunaraq Ali Baş Komandanın ətrafında sıx birləşib.Xalqımızın ordumuzla bir yumruq altında birləşərək düşmənə həlledici zərbənin endirməsinin tam zamanıdır. Hər bir Azərbaycan vətəndaşı igid əsgərlərimizin yanındadır, onunla birdir.

 

Keçidlər