Sərt aşırımlı dağlar arasından Kəlbəcərə doğru...
Azərbaycan 30 ilə yaxındır ki, tarixi ədalətin bərpası uğrunda mübarizə aparır. Bu gün Azərbaycanın malik olduğu güclü Ordu Silahlı Qüvvələrimizin Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni və döyüş tapşırığını yerinə yetirməyə, torpaqlarımızı erməni qəsbkarların işğalından azad etməyə tam hazırdır. Bütün dünya Azərbaycanın haqq işini dəstəkləyir və bütün dünya bilir ki, Qarabağ Azərbaycandır!
Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, ölkəmizin həyatında, inkişaf tarixində yeni bir mərhələ başlayacaq. Möhtərəm Prezidentimiz hər zaman bildirir ki, xalqa arxalanır, xalqdan güc alır. Təbii ki, hər zaman xalqının yanında olan, onun daha yaxşı, təhlükəsiz şəraitdə yaşamasını istəyən, ən əsası Azərbaycanın sözünü imzası qədər dəyərli edən ölkə Prezidentinə milyonların sevgisi, dəstəyi şəksizdir.
Ordumuzun Şanlı Aprel qələbəsindən, Günnütün işğaldan azad edilməsindən sonra bu ilin iyul ayında Tovuz istiqamətində döyüşləri zamanı əldə edilmiş qələbələrindən sonra Azərbaycan Ordusunun zəfər çalacağına inamımız sonsuzdur.
Bu gün Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər tarixi yazmaqdadır. Cənubi Qafqazın ən güclü ordusu ən müxtəlif növlərdə müasir döyüş texnikası ilə təmin edilmiş, müdafiə sənayesini kifayət qədər zənginləşdirmişdir. Hazırda hərbi qulluqçularımız arasında çox yüksək döyüş əhval-ruhiyyəsi, qələbə ruhu vardır. Hər birimiz Azərbaycan ordusuna güvənirik və ordumuzun şanlı tarix yazacağına əminik.
Sentyabrın 27-dən başlayaraq hər bir azərbaycanlının, qəlbi vətən eşqi ilə döyünən hər kəsin, xalqımızı, dövlətimizi sevənlərin qulağı səsdə, gözü yolda. Ordumuzun bütün cəbhə boyu başladığı əks-hücum əməliyyatı hamının diqqətində, hər kəs yeni zəfər xəbərləri gözləyir. Qarabağa “Böyük Qayıdış”ın yeni və nəhəng addım səslərini gözləyir.
Tarixin ən ağır sınaqlarından üzüağ, şərəflə çıxmağı bacarmış xalqımızın var olmasının kökündə dayanan ən birinci səbəb bu torpağın övladlarının Vətənə sonsuz məhəbbəti olub. Bu gün Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğullarımız çoxdur.
Qəhrəmanlar heç vaxt unudulmur. Dövlətimiz və xalqımız ana Vətənin azadlığı, müqəddəs torpağın şərəfi yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Son dövrlərin Qarabağ savaşı bir daha göstərdi ki, Müstəqil Azərbaycan, doğrudan da, qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir. Xalqımızın igid oğlanları heç vaxt Vətəni darda qoymamış, Vətən torpağı uğrunda canlarından da keçmişlər.
Belə igidlərdən biri də Xələfov Faiq Seyidbaba oğlu idi. O, 1970-ci ildə Bakı şəhərində anadan o lmuşdu. Torpaqlarımızın işğal olunduğu dövrdə 1993-cü ildə Azərbaycanın başına gələn müsibətlərə dözməyib könüllü olaraq ordu sıralarına yazılmış, doğma torpaqları yadelli işğalçılardan qorumaq üçün silaha sarılmışdır. 1994-cü ildə Murov-Kəlbəcər istiqamətində gedən döyüş zamanı itgin düşmüşdü. Həmin vaxt əlverişsiz hava şəraitinə və qar çovğununa baxmayaraq bölmələrimiz qısa müddətdə düşmənin cəbhə xəttini yararaq Kəlbəcərin bir neçə kəndini azad etdi, Kəlbəcər şəhərinə lap yaxınlaşdı. Ancaq sonradan Yanşaq kəndi istiqamətində ordumuzun irəliləməsi dayandı və sonradan bildiyiniz faciə baş verdi və hücum sonadək aparılmadığına görə qüvvələrimiz mühasirəyə düşdü, geri qayıdarkən də Murovun amansız zirvələrində xeyli sayda əsgərimizi don vurdu. Güllü Xələfova həyat yoldaşının itgin düşdüyü Murov dağı silsiləsindəki Murov zirvəsinin Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində düşmən tapdağından azad edildiyi xəbərini eşidəndə sevincindən ağladığını dedi. Qarabağın işğaldan azad edilməsi qaçqınlarımızın doğma torpaqlarına qayıtmaları 30 illik torpaq həsrətinə son qoyacaq, o torpaqlarda şəhid olmuş vətən oğullarının ruhları şad olacaqdır.
Güllü xanım deyir ki, Xələfov Faiq döyüşə gedən zaman oğlu Royal yeddi aylıq idi. Ata sevgisinə həsrət qalan körpə hazırda 27 yaşında bir igiddir.
Royal deyir ki, atam barədə danışılanda, döyüş şücaətlərini dinlədikcə daim onunla fəxr edirəm. Biz gənc nəsil İnşallah işğal olan torpaqlarımızın hər bir qarışını erməni işğalçılarından azad edərik. Atamın və bütün şəhidlərin ruhları şad olar. Qanları yerdə qalmaz. Vətən uğrunda həlak olanlar ölmürlər, şəhidlik zirvəsinə ucalırlar. Təki Vətən sağ olsun!
Bəli, 27 sentyabr tarixində əməliyyatın başladığı elə ilk gündən 7 kəndin azad olunduğu xəbərini aldıq. Ardınca Murovdağ, Suqovuşan eşidirik, yüksəklikləri eşidirik. Suqovuşanda Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postda Azərbaycan bayrağının qaldırılmasına şahidlik edirik. Növbəti günlər daha 7 kəndin azad olunmasının qələbə xəbərinə sevinirik. Çox keçmir yenidən bir zəfər xəbəri eşidirik; Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cəbrayıl şəhərinin və daha 9 kəndin azad edildiyinin müjdəsini verir xalqımıza.
Bu torpaq, bu vətən uğrunda minlərlə igid vətən oğlu, vətən qızı öz canından, qanından keçib. Sərt qayalarımız, bərəkətli torpaqlarımız onların qanıyla suvarılıb al laləyə çevrildikcə şəhid qoxulu vətən torpağı daha da qüvvətlənir, güclənir.
Hər biri oğul kimi gəldi vətənə. Canından keçərək, əbədi məşələ çevrilərək yurdumuzun gələcəyinə işıq salır onlar. Şəhid atasının əlini öpən müdavimlər, şəhid evlərinə qədər düzülən bayraqlar. Sonsuz təvəkkül, böyük inam, tükənməz sevgi. Növbəti qələbə müjdəsi ilə sərt aşırımlı dağlar arasından Kəlbəcərə doğru Azərbaycan əsgəri.
Abbasağa Babayev
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşı