Azərbaycan deyəcək
Gələcəyi işıqlı bir diyar var dünyada,
Əzəldən yaraşıqlı bir diyar var dünyada,
Nəğməsi dalğa, dalğa göyə bülənd olacaq,
Göylərə qucaq açıb gecə də gün doğacaq.
Daşlar da cana gəlib ona can, can deyəcək,
Dünya qalxıb ayağa «Azərbaycan» deyəcək!
Parlayacaq bir Günəş , açılacaq bir səhər,
İşıqlı sabahlardan nur alacaq kənd, şəhər.
Hələ qarşımızdadır fəth etməli zirvələr!
Nələr yaradacaqdır, bu qadir millət nələr,
Şəhidləri oyanıb Vətənə “can” deyəcək,
Dünya qalxıb ayağa «Azərbaycan» deyəcək!
Bakıya gələcəkdir Şuşadan xarı bülbül,
Qarabağda toy, büsat, hər tərəfdə qızılgül.
Dərbənddən Həmədana, Təbrizdən İrəvana
Xəzərdən Göyçə gölə, Ağbabadan Nabrana
Savalandan Şahdağa yollar «can, can» deyəcək,
Dünya qalxıb ayağa «Azərbaycan» deyəcək.!
Dünənimə baş əydim, bu günümlə öyündüm,
Min arzuya çevrilib ürəklərdə döyündüm.
Sabahım, gələcəyim qüdrətli əllərdədir,
Qurub yaratmaq əzmi sevən könüllərdədir.
Qurub yaradanlara Vətən də «can» deyəcək,
Hamı qalxıb ayağa «Azərbaycan» deyəcək»!
Sıramızda nə qədər Mübariz var, Polad var,
Yağılara baş əyməz, tapdaq olmaz bu diyar!
Qələbəyə aparar İlhamın qətiyyəti,
Kimsə sındıra bilməz, bu qəhrəman milləti,
Gözləri ovulduqca yağı “aman” deyəcək,
Bu döyüşdə son sözü Azərbaycan deyəcək!
Şəmsi Qoca