Şriftin ölçüsü :

Saytın rəngi :

30 İllik Həsrətin Bitişi-Qarabağın Qayıdışı

06 oktyabr 2020 | 11:00

   Qarabağ Azərbaycanın ən qədim və səfalı guşələrindən biridir. Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. Başqa türk dillərində olduğu kimi Azərbaycan dilində də “qara”nın rəngdən başqa “sıx”, ”qalın”, ”böyük”, ”tünd” və başqa mənaları da vardır. Bu baxımdan “Qarabağ”-“böyük bağ”,”sıx bağ”, ”qalın bağ” mənasını kəsb edir. Qarabağın özü kimi “Qarabağ” sözü də Azərbaycan xalqına məxsusdur.
    1990-cı illərin əvvəlindən etibarən Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20%-i –Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuz işğa edilmişdir. Bu hərbi təcavüz nəticəsində uşaqlar, qadınlar, ahıl yaşda olanlar da daxil olmaqla çoxlu sayda həmvətənlərimiz həlak olmuş, 1 milyondan artıq soydaşımız öz torpaqlarından qovulmuş və qaçqın vəziyyətinə düşmüşdür.
   Lakin keçən bu 30 il ərzində xalqın Qarabağ həsrəti bir an belə dinməmiş,öz doğma torpaqlarına qayıdacaqlarına inamları isə günbəgün artmışdır. Bir xalq olaraq bizim ən büyük məsələmiz hər zaman Qarabağın geri qaytarılması və şəhidlərimizin qisasının alınması olmuşdur. Atəşkəs əldə olunduqdan sonra belə keçən bu illərdə erməni işğalçıları dinc durmamış,hərbi,diplomatik və informasiya sahələrində Azərbaycanın ərazi bütövlüyünə və xalqımıza qarşı öz təcavüzkar siyasətlərini davam etdirmişdirlər. Torpaqlarımızı sülh yoluyla geri qaytarabiləcəyimizə inanan xalqımızın səbri isə günü-gündən tükənir, tezliklə öz haqqı olan torpaqlarına-ata yurdlarına geri dönməyi arzulayırdılar.
   Nəhayət, 27 sentyabr 2020 saat 06:00 radələrində qəhrəman Azərbaycan ordusu dinc əhalimizə qarşı silahları bir an belə susmayan və 30 ildir ki,tarixi torpaqlarımızı işğal altında saxlayan Ermənistan ordusuna qarşı hərbi əməliyyata başladı. Heç bir xalq müharibə xəbərini sevinclə qarşılamamışdır, Azərbaycan xalqından başqa. Sülh yolunun artıq bir seçim olmadığına inanan xalqımız büyük bir ruh yüksəkliyi və vətənpərvərliklə Qarabağın geri qayıdacağına inanır. Döyüşlərin başlamasından bir həftə keçməsinə baxmayaraq rəşadətli Azərbaycan ordusu artıq bir çox ərazilərimizi düşmən tapdağından azad etmişdir. Artıq Cəbrayıl rayonu və bir çox ətraf kəndlərində, Füzuli rayonunun bir çox kəndlərində, Murovdağın böyük bir hissəsində,Tərtər rayonunun Talış kəndində və Suqovuşan kəndində (3 oktyabr 2020 tarixindən əvvəl Madagiz) Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
    Cəbhədə savaşımız davam etdiyi zamanda diplomatiya və informasiya sahələrində də güclü mübarizə gedir. Diplomatik sahədə Qarabağ ərazisinin de-fakto olaraq Azərbaycanın daxilində tanıyan bir çox ölkə də bu konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacib olduğunu vurğulamışdır. Türkiyə, Pakistan və başqa bir çox ölkədən də Azərbaycana diplomatik dəstək gəlmişdir. BMT, AŞ və ATƏT kimi təşkilatlar da Azərbaycanın ərazi bütövlüyündən yana olduqları dilə gətirsələr də, bu illər ərzində real olaraq bir addım atmadıqları kimi indi də Azərbaycanın hüquqi ərazilərində müharibə aparan və sivil əhalini hədəf alan erməni ordusuna diplomatik və ya hərbi müdaxilə etməmişdirlər.Bu danışıqlar zamanı ermənipərəst mövqeyi ilə xüsusən Fransa prezidenti Emmanuel Makron ön plana çıxmışdır. O sübutsuz bir şəkildə və tarixi həqiqətləri nəzərə almadan Azərbaycanın Qarabağa müdaxilə etməməli olduğunu və bölgəyə terror gətirdiyi iddia edirdi. Lakin heç bir sübut önə sürə bilməyən Makron bu açıqlamalarıyla nə bölgə dövlətləri,nə də dünya birliyi tərəfindən ciddi qəbul edilməmişdir. Dövlət başçımızın bu mövzudakı ciddi və qətiyyətli tutumu və sübutlarla dünya ictimaiyyətinin qarşısına çıxması bütün dünya ölkələri tərəfindən etibarla qarşılanmışdır.
    Bu gün sevindirici bir haldır ki, azad edilən Cəbrayıl rayonu ərazisindəki 1000 ildən daha artıq yaşlı olan və Azərbaycan türkləri tərəfindən inşa edilən Xüdafərin körpüsü artıq işğal altında deyil. Şücaətli Azərbaycan ordu saatla,dəqiqə ilə irəliləyir və öz gücünü 30 il əvvəl Xocalıda, Kəlbəcərdə, Ağdamda və bütün digər rayonlarımızda qətl edilən, işgəncəyə məruz qalan günahsız insanlarımızın ahından alır. Bu torpaqlar uğrunda öz canından keçən şəhidlərimizin müqəddəs ruhu adına Qarabağ düşmən tapdağından azad olunmalıdır. Bu günlərdə xalqımız bir yumruq kimi birlik olmuş və hər bir sahədə amansız düşməni məğlub etmək adına əlindən gələni etməkdədir. Birimizə qarşı edilən kiçik bir əziyyəti bu gün bütün Azərbaycan xalqı hiss edir. Bu illər ərzində düşmənə qarşı qat-qat güclənən Azərbaycan ordusu bir an belə dincəlmədən uğurla Şuşaya doğru, Xankəndiyə doğru ,Zəngilana doğru irəliləyir və bütün torpaqlar azad edilmədən dayanmayacaq. Azərbaycan xalqı öz qətiyyətli ordusuna inanır və Ali Baş Komandanın rəhbərliyi ilə yenidən öz doğma torpaqlarına qayıdanacağını bilir.

 

Balaməmmədova  Könül
Qaradağ rayonu Neftçi Qurban adına
288 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi


 

Keçidlər