Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ işğaldan azad ediləcəkdir

06 oktyabr 2020 | 11:00

    Bütün dünyaya bəllidir ki, Azərbaycan öz torpaqlarında haqq yolunda müharibə aparır. 30 ildir ki, Azərbaycan vətəndaşları öz doğma yurd yuvasından didərgin düşüb. 30 il aparılan danışıqlar heç bir nəticə vermədi. Ermənistan müharibə istəyir. Onlar torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. 30 il Azərbaycan dövləti öz vətəndaşlarının qayğısına qaldı, qaçqın düşmüş insanlar üçün qaçqın şəhərcikləri saldı. Amma hər bir qaçqın vətəndaşın içində sızlayan bir yurd həsrəti var idi. Hər kəs öz torpaqlarına geri dönmək, öz ata-baba yurdunda yaşamaq istəyirdi.
   30 il idi ki, doğmalarının qəbirlərini ziyarət edə bilmirdi qaçqın soydaşlarımız. 30 il idi ki, Azərbaycan xalqı sülh yolu ilə bu münaqişənin həll olunacağını gözləyirdi. Ümid edirdi ki, Beynəlxalq təşkilatlar öz missiyasını vicdanla yerinə yetirəcək.
   Amma Ermənistanın hamıdan fərqli öz planları var idi. Onlar status-kvonun dəyişməsini istəmirlər. Bu da münaqişənin bu qədər 30 ilə qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı.
   Hamıya bəllidir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir ki, onlar torpaqları işğal altında saxlamaq istəyir. İkinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır. Onlar düşünürdülər ki, illər keçəcək, mehriban və tolerant olan Azərbaycan xalqı öz doğma yurd yuvasını unudacaq. Axı tarixdə keçən əsrin əvvəllərində biz onlara qucaq açıb, onlara pay vermişdik İrəvanı. Demə düşmənin ağzında o paydan dad qalıbmış.
    Amma nahaq hamı buna ümid etdi. Azərbaycan xalqının müdrik və dəmir iradəli Prezidenti öz qətiyyətli sözünü deyirdi daima. Paşınyanın Qarabağ Ermənistandır və nöqtə deməsinə, Qüdrətli Ali Baş Komandan əlini silkələyib hamıya bəyan etdi ki, “Qarabağ Azərbaycandır və NİDA İŞARƏSİ”.
   Bütün çıxışlarında, bəyanatlarında daim Qarabağ Azərbaycandır dedi Prezidentim, sonuncu dəfə cənab İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibəni qürur hissi ilə dinlədim. Ali Baş Komandan öz dəyişməz mövqeyini bir daha bildirdi.
   Əminəm ki, torpaqlar tez bir zamanda geri qaytarılacaq və tezliklə Qarabağın sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı qəbul olunacaqdır. Əminəm ki, çiçəklənən Azərbaycan Dövləti Qarabağda xarı bülbüllər yetişdirəcəkdir.
   Yaşasın cənab Ali Baş Komandan
   Yaşasın Milli Ordu!
  Var olsun Azərbaycan Əsgəri!

Ramiz Daşdiyev,
Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı


 

Keçidlər