Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günüdür

16 iyun 2023 | 16:19

   Qaradağ Rayon İcra Hakimiyyətində 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günü münasibətilə tədbir keçirilmişdir.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, icra hakimiyyətinin məsul işçiləri və rayonun tibb müəssisələrinin əməkdaşları iştirak etmişlər.

   Tədbiri Süleyman Mikayılov açmış və  səhiyyə sahəsində çalışan hər kəsi Tibb İşçiləri günü münasibətilə təbrik etmişdir.

   Bildirilmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin yarandığı gün -  iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

   Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa edilərək müasir avadanlıqlarla təchiz olunur. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Səhiyyə sisteminin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir.

   Son illərdə Azərbaycan həkimləri böyük fədakarlıqlar göstərmişlər. COVİD – 19 pandemiyası ilə mübarizədə yüzlərlə tibb işçisi həyatını itirmiş, aylarla evlərinə gedə bilməmişdilər. Bu mübarizədə yüksək ixtisaslı səhiyyə işçilərindən ibarət böyük bir ordu iştirak etmişdir.

   44 günlük Vətən müharibəsində də tibb işçilərimizin əməyi sayəsində itkilərimiz daha az olmuşdur, səhiyyə işçiləri arasında şəhidlər, qazilər olmuşdur.

   İxtisasca həkim olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən səhiyyə işçilərinə göstərilən dəstək, onların əməyinə verilən yüksək qiymət daim rəğbətlə qarşılanır.

   Səhiyyə sahəsində əməkdə fərqlənən bir qrup tibb işçiləri icra hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunmuş, onlara hədiyyələr təqdim olunmuşdur.

   Səhiyyə işçiləri adından çıxış edən Qaradağ Tibb Mərkəzinin cərrahı Faiq Lazımov göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür etmiş, xalqımızın sağlamlığı keşiyində durmağın ən şərəfli iş olduğunu bildirmişdir.

 

Keçidlər