Şriftin ölçüsü :

Saytın rəngi :

Makron bugün Ermənistanla Azərbaycan arasında ədalətli nizamlanma üçün vasitəçiliklə deyil, seçki kampaniyası ilə məşğuldur

03 oktyabr 2020 | 11:00

   Silahlı Qüvvələrimiz Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında əks-hücum əməliyyatları başlayandan bəri Fransa Prezidentinin tutduğu mövqe və verdiyi bəyanatlar, onun ATƏT-in Minsk qrupunun həmsədri kimi ən azı neytral durmalıykən, ədalətli vasitəçilik missiyasının tələblərini kobudcasına pozduğunu göstərir.
   Bu isə nəinki vasitəçilik missiyası, sülhyaratma meyli, ədalətli nizamlama axtarışıdır, əksinə, işğalçını açıq-açığına müdafiə etməkdir.
   Fransa dövlətinin başçısı bilməlidir ki, onun qəbuledilməz, ədalətsiz açıqlamaları mənfi presedent yaradır.  Şarl de Qollun öz silahdaşları, o cümlədən Azərbaycanlı Əhmədiyyə Cəbrayılovla birgə Fransanın suverenliyinin bərpası və azadlıq uğrunda apardığı mübarizə çox da uzaq tarixdə baş verməyib.
Tarix bilgisi zəif olan Makron, tarix bilgisini təkmilləşdirsə, öz böyük sələfinin örnəyini yada salsa, pis olmazdı.
   Bütün bu ümumi hallarla yanaşı, əlbəttə, faktiki olaraq, vasitəçilik missiyası etibar edilmiş Fransa dövləti və onun Prezidenti, tərəflərindən birinə açıq, birmənalı dəstək verirsə, dövlət (dövlətçilik) ləyaqəti, siyasi mədəniyyət göstərərək, vasitəçilikdən çəkildiyini bəyan etməlidir.
   Biz başa düşürük ki, Makronun heç bir diplomatik və vasitəçilik missiyasına cavab verməyən mövqeyi, Fransada qarşıdan gələn seçkilərlə də sıx bağlıdır və bu ölkədə yaşayan erməni diasporunun səslərinin qazanılmasına yönəlib.
   Makron bugün Ermənistanla Azərbaycan arasında ədalətli nizamlanma üçün vasitəçiliklə deyil, seçki kampaniyası ilə məşğuldur.
   O, Güney Qafqazda barış uğrunda deyil, Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır.
   Makron unutmamalıdır ki, növbəti seçkiləri ali maraq kimi güdmək peşəkar dövlət xadiminə xas davranış sayıla bilməz; bu, yalnız cari siyasi maraqların əsiri olan ortaçaplı siyasətçininn davranışı ola bilər.
   Ermənistan-Azərbaycan müharibəsinin tarixcəsinə bələd olmaq, kimin haqlı, kimin haqsız olduğunu, işğalçılığa heç bir hüquqi don geyindərməyin mümkünsüzlüyünü bilmək vasitəçi dövlətin mənəvi və hüquqi borcu sayılamlıdır. O zaman, Makron zəhmət çəkib, Ermənistanla Azərbaycan arasında baş verənlərə Fransanın iç məsələsini, öz siyasi çıxarlarını deyil, beynəlxalq hüququ şamil etməlidir.
   Bu bir gerçəklikdir ki Makronun davranış və açıqlamaları onun Qərbi Avropanın ən nüfuzlu dövlətlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik olmadığını göstərir. Biz buna təəssüf edirik. Təəssüf edirik, etiraz edirik ki, aşağı səviyyəli sarı mətbuatın yaydığı saxta xəbərlərin Fransa kimi ölkənin başçısının dilindən səslənməsi, ilk növbədə, Fransa xalqı üçün başucalığı gətirmir.

Gülnarə Qafarova,
ziyalı, 166 saylı orta məktəbin müəllimi

Keçidlər