Fransa Dövləti sentyabr ayının 30da öz vasitəçi reputasiyasını itirdi.
Beynəlxalq hüquq normalarına əsasən münaqişələr zamanı vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Sentyabr ayının 30da Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi.
Bu bəyanatla Makron Fransanın 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərdiyini ortaya qoydu.
1994-cü ilin dekabrında ATƏT-in Budapeşt Sammitində Minsk Qrupunun mandatı müəyyən olundu. 1997-ci ildə Fransanın Minsk Qrupuna həmsədr kimi təklif olunması bizi sevindirdi. O zaman biz düşündük ki, Fransa ədalətin tərəfində olacaqdır. Amma Makronun son bəyanatı əyani sübutdur ki, biz yanılmışıq.
Makronun “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” bəyanatının bir anlamı var: Fransa Azərbaycan torpaqlarının zəbt olunmasının davamında Ermənistan və ermənilərə yardımçı olacaq.
Makronun Latviyanın paytaxtı Riqada səsləndirdiyi “Fransa Türkiyənin savaşkar bəyanatından olduqca narahatdır, bu bəyanat Azərbaycan üzərindən məsuliyyəti götürür və Şimali Qarabağı (dediyi kimi) yenidən fəth etməyə imkan verir” deməsi, Makronun nəinki ədalətli vasitəçi, həm də münaqişənin detalları və tarixi haqqında xəbərdar olmasına şübhə yaradır.
Fransa Prezidenti heç olmasa bir az tarix oxusun, Ermənistanın sərhədlərini öyrənsin. İşğalçı Erməni bu gün Naftalan, Gəncəni atəşə tutur. İşğalçı Ermənistan Azərbaycan torpağındadır. Azərbaycan əsgəri öz vətənini qoruyur. Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır.
Bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda Vətən Müharibəsidir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur.
Qarabağ Azərbaycandır!
Xanlar Pircanov,
Ziyalı, 166 saylı orta məktəbin müəllimi