Sülh danışıqlarına yalnız düşmən əzəli torpaqlarımızı tərk etdikdən sonra başlamaq olar
Azərbaycanın öz əzəli torpaqlarının azad edilməsi uğrunda apardığı haqq işində qəhrəman ordumuz böyük mətanətlə mübarizə aparır və düşmənə ağır zərbələr endirir. Uzun illər əvvəl pozulmuş ədaləti bərpa etmək naminə biz öz torpağımızda vuruşuruq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva söyləyib.
Deputat deyib: “Artıq ermənilər başa düşməlidir ki, Azərbaycan torpaqlarından çıxıb getməyin vaxtı çatıb. Prezident İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə bir daha qeyd etdi ki, erməni xalqı gərək öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsin, öz hökumətini məsuliyyətə cəlb etsin, övladlarını Azərbaycan torpaqlarına göndərməsin. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik”.
Dövlətimizin başçısı dəfələrlə qeyd etdiyi kimi, bizi danışıqları bərpa etməyə dəvət edən dünya birliyi gərək izahat versin ki, erməni əsgərinin Azərbaycan torpaqlarında nə işi var. Ona görə də döyüşlər erməni əsgəri Azərbaycan torpaqlarını tam tərk edənədək davam edəcək. Bizim ərazi bütövlüyümüzü təmin edib, tarixi ədaləti bərpa etməkdən başqa heç bir məqsədimiz yoxdur. Bildiyimiz kimi, hələ Tovuz döyüşləri zamanında əgər Azərbaycan ordusu istəsəydi, döyüşü Ermənistan ərazisinə keçirərdi, lakin bunu etmədik. Çünki bizim öz torpaqlarımızdan başqa heç bir yerdə gözümüz yoxdur. Amma bütün bunlar Ermənistan rəhbərliyinə dərs olmadı ki, yenidən təxribat törətdilər və layiqli cavablarını aldılar”.
S.Xasayeva bildirib ki, hər bir azərbaycanlının 30 ildir səbirsizliklə gözlədiyi günlər artıq gəlib çatıb. Doğma Şuşamızda, Qarabağımızda üçrəngli bayrağımızın ən qısa zamanda dalğalanacağına heç kəsin şübhəsi yoxdur. Çünki hər bir Azərbaycan vətəndaşı bu qətiyyəti Prezident, Ali Baş Komandan İlham Əliyevin gözlərində görüb. Dövlətimizin başçısının hər bir çıxışı, hər bir bəyanatı düşmənin yuxularını ərşə çəkir, onların kabusu olmağa davam edir. Prezident İlham Əliyev əvvəlki hadisələrdən heç bir dərs götürməyən erməniləri söz verdiyi kimi, peşman etdi.
Dövlətimizin başçısının bu qətiyyəti ordumuzun uğurlarında da öz əksini tapıb. Hər gün cəbhədən gələn xəbərlər ordumuzun qüdrətini göstərir. Döyüş texnikasını, hətta itirdikləri canlı qüvvəni belə döyüş meydanında qoyub qaçan erməni əsgərləri də reallığı çox yaxşı görə bilirlər. Qüdrətli Azərbaycan Ordusu qarşısında onların qaçmaqdan başqa çarəsi də yoxdur. Ermənistanın faşist ideologiyasına xidmət edən qorxaq və heç bir siyasi təcrübəsi olmayan baş naziri Nikol Paşinyan, onun həqiqi reallığı dərk etməyən başıpozuq komandası tərəfindən bu ölkənin dinc sakinlərinə tuşlanan silahların gücü ilə döyüş meydanında saxlanılan erməni əsgəri qarşısında qəlbi Vətən eşqi ilə döyünən Azərbaycan igidləri dayanıb. Məhz buna görə də ermənilər yalnız məğlubiyyətə düçar olur və onların Azərbaycan torpağında sərilmiş cəsədləri qalır. Ermənistanlı analar nə qədər gec deyil bu biabırçı vəziyyətə son qoyulması üçün Nikol Paşinyan rejiminə qarşı ayağa qalxmalı, təcili olaraq müharibənin dayandırılmasını tələb etməli, illərlə əziyyət çəkib böyütdükləri övladlarının meyitlərinin ilana, qurda, quşa yem olmaması üçün onların Dağlıq Qarabağda döyüşməsinə etiraz etməlidirlər. Eyni zamanda, nə qədər gec deyil, ölkələrinin yalançı, riyakar, korrupsiyaya uğramış, xalqın qanını soran dırnaqarası demokratların vədlərinə inanmayıb təcili Dağlıq Qarabağı tərk etməlidirlər.
Çox təəssüflər olsun ki, məkrli düşmən Azərbaycan torpaqlarını tərk etmək əvəzinə, xarici ölkələrdəki erməni lobbisinin dəstəyindən istifadə edərək, hər cür riyakarlığa və yalana əl atır. Ermənistan ordusunun qaniçən cəlladları məğlubiyyətin acısını dadan kimi ölkəmizin şəhərlərini, rayon və kəndlərini, mülki obyektləri və dinc əhalini hədəfə aldıqları, günahsız insanları, o cümlədən qocaları, məktəbliləri öldürdükləri və yaraladıqları halda, yalandan hay-küy qaldıraraq guya Azərbaycan Ordusu onların mülki əhalisini hədəfə alır və yaşayış məntəqələrini dağıdır, Azərbaycan Qarabağı işğal etmək istəyir. Bu yalanları Fransada yaşayan ermənilər vasitəsilə bu ölkənin Prezidenti Emmanuel Makrona çatdıran və onu inandıranlar Fransa rəhbərini çox pis və gülünc vəziyyətə salıblar. Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edən Fransa lideri açıq şəkildə beynəlxalq qanunları tapdaladıqlarını və Fransanın ATƏT-in həmsədri kimi yalnız faşist Ermənistanı müdafiə etdiklərini bariz şəkildə nümayiş etdirdi və lider Avropa ölkəsi olan Fransa dövlətinin məkrli siyasət yürütdüyünü nümayiş etdirdi. Dövlətimizin başçısı qətiyyətlə bildirdi ki, Azərbaycan öz əzəli torpaqları uğrunda döyüşür, heç bir dövlətin torpağında gözü yoxdur, yeganə məqsəd ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, doğma Vətənindən didərgin düşmüş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasını, orada rahat yaşamasını və dağıdılmış torpaqlarımızı yenidən qurmaq və inkişaf etdirməkdir. Ona görə də Makron bilməlidir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını çox qısa zaman kəsiyində tam, dərhal, qeyd-şərtsiz tərk etdikdən, Azərbaycan Silahlı Qüvvələri müqəddəs və əzəli torpaqlarımızda yerləşdikdən sonra Vətən müharibəsi dayandırıla bilər və sülh danışıqlarına başlamaq olar.
“Bu gün ölkəmizdə minlərlə, hətta on minlərlə oğullarımız könüllü olaraq hərbi komissarlıqlara gedərək qəhrəman və müzəffər Ordumuzun əsgərləri ilə birlikdə döyüşə qatılmaq istədiklərini bildirirlər. Çünki onlar öz doğma torpaqlarını sevirlər, haqq işi uğrunda döyüşdüklərini bilirlər. Ən əsası, müqəddəs ana Vətən torpaqları uğrunda vuruşurlar. Azərbaycanın ərazisinin bütövlüyü uğrunda canlarını fəda etməkdən qorxmurlar. Onlar tam əmindirlər ki, tez bir zamanda doğma vətənimiz Azərbaycanın əzəli torpaqlarını düşmən tapdağından azad edəcək və üçrəngli müqəddəs bayrağımız bu əzəli torpaqlarda əbədi dalğalanacaqdır. Vətən nisgilinə və həsrətinə son qoyulacaq, bütün şəhidlərimizin göylərdə gəzən narahat ruhları rahatlıq tapacaqdır”, - deyə deputat qeyd edib.