Xocavəndin işğaldan azad olunma gününü tezliklə qeyd edəcəyik
Ərazisi 1458 kvadrat kilometr olan Xocavənddə 1 şəhər, 2 qəsəbə, 81 kənd olub.
Xocavəndin Tuğ və Salakətin kəndləri 1991-ci il oktyabrın 30-da, Xocavənd kəndi noyabrın 19-da, Naxullu kəndi isə 1992-ci il yanvarın 9-da işğal edilib. 1992-ci il fevralın 17-də isə ermənilər rayonun Qaradağlı kəndinin dinc sakinlərinə qarşı əsl soyqırım aktı həyata keçiriblər. Hər tərəfdən əlaqəsi kəsilən Qaradağlıya hücum edən ermənilər kəndi yandıraraq, dinc sakinlərə amansızlıqla divan tutublar.
800 nəfərdən çox sakini olan kənddə işğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar.
Ümumilikdə, əsir götürülənlərdən 68 nəfər öldürülüb, 50 nəfər böyük çətinliklərlə əsirlikdən azad edilib. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Kənddə 200 ev, bir mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilib və yandırılıb. Düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərin 145 nəfəri şəhid olub.
Özünəməxsus təbii sərvətləri, abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd ermənilər tərəfindən talanıb, abidələr dağıdılıb, zəngin meşələr qırılaraq məhv edilib, nadir bitki və ağac növlərinin kökü kəsilib.
Hal hazırda gedən döyüşlərdə ordumuzun üstünlüyü bizi əmin edir ki biz işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəyik.
Biz artıq uzun müddətdir ki hər il oktyabrın 2-si Xocavəndin işğal gününü şəhidlərimizin ziyarəti ilə yad edirik. Ölkə başçısının qətiyyətli çıxışları hər kəsə yeni bir güc yeni bir həvəs verib. Ali baş komandan İlham Əliyevin uzaq görən idarəetməsi nəticəsində güclənən ordumuz bizi əmin edir ki Xocavəndin işğaldan azad olunma gününü tezliklə qeyd edəcəyik.
Akşin Hüseynov
Qarabağ DNK-nun rəhbəri VKC Karate-Do
Federasiyasının birinci vitse-prezidenti
İctimai fəal
Qarabağ qazisi