Qardaşımızsan, Türkiyə!
“Qardaş” sözünü eşitdikdə ağlımıza doğma qardaşımız, səmimi, yaxın, güvəndiyimiz, dayaq bildiyimiz dostumuz gələ bilər. "Qardaş ölkə" dedikdə isə ağlımıza ilk Türkiyə Cümhuriyyəti gəlir. Əvvəla hər birimiz Türk övladıyıq, doğma qardaşdır bizə Türk oğlu. Dilimiz, dinimiz, həyata baxış tərzimiz, bir çox ənənələrimiz də ölkələrimizi qardaş edir. Xalqımız üçün ən şərəfli günlərdə, bizim qədər sevinən, ən çətin günlərdə isə bizə dəstək olmaqdan çəkinməyən, onlara nə qədər “çəkil” desələr də Ali Baş Komandanımızın sözünün qüvvətini artıraraq çəkilməyən, bizə mənəvi dəstək verən, Dövlət Başçımızın qərarlarına hörmətlə yanaşan, bu mübarizədə ədalətli savaşan Azərbaycana “Sən varsansa, mən də varam!” deyən qardaşımızdır Türkiyə!
Bir multikultural cəmiyyət, suveren dövlət olaraq bütün dövlətlərin dəyərlərinə, qanunlarına, dilinə, dininə hörmətimiz sonsuzdur. Hər bir xalqın nümayəndəsinə “Xoş gəlmişsiniz!” deyərək qarşılayıb, xoş münasibətimizi, qayğımızı əsirgəmirik. Mən bir Azərbaycan övladı kimi, bu keyfiyyətlərimizlə fəxr edrəm. Bu bizim tərbiyəmiz, bu bizim mədəniyyətimizin göstəricisidir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!” Çünki mənim şanım tək xəritədə sərhədlərlə, cənubum-şimalımla ölçülmür. Sərhədlərə sığımayan bir şan-şöhrəti var Azərbaycanımın. Mənim böyüklüyümü, qüdrətimi, tarixim, igidlərim yaşadır. Ədalətsizliyə boyun əyməyən, mübariz xalqım yaşadır. Bu torpağın altında yatan cəsarətli, qeyrətli oğullar, igidlər yetişdirən analar, ölməz şəhidlər yaşadır. Torpaqlarımız təcavüzkarlar tərəfindən işğal olunsa da, o bölgələrimizin səması, havası, suyu Azərbaycanı yaşadır. İşğal olunmuş torpağın üstündə xainlər, axı, necə rahat yatır?! Düşmənimiz hansı söz gücünə, əməlinə güvənib Türkiyəyə dəstəyini dayandırması üçün müraciət edir?! Bir şəhidin yarası min bir türkü yaralayır. Bu, bir Türk oğlunun vicdan borcu, haqq borcu və qürurla deyirəm ki, qardaş borcudur. Ey erməni , səncə boz qurdu rəmzi bilən bir millət, sənin sözündən sonra qardaş bildiyi dövlətdən üz döndərərmi? Haqsızlığa göz yumub yolundan dönərmi? Dönməz! Türkü də Türk edən haqq yolunda büdrəmədən irəli getməyidir. Nə xoş “Azərbaycanlıyam” deyənə! Nə xoş “Türkəm” deyənə! Nə xoş mübariz qələbə gözləyənə! Qələbə bizimdir! Buna inanırıq! Azərbaycan bu günü tarixə Qələbə günü kimi yazacaq! Bizim qədər qardaşımız Türkiyənin və digər dost dövlətlərin də sevinci zəfərimizə şənlik qatacaq! Amin!
Səmayə Şıxəliyeva
Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident mükafatçısı