Şriftin ölçüsü :

Saytın rəngi :

Mən körpəyəm

02 oktyabr 2020 | 11:00

   Mən körpəyəm. Mənim 2 yaşım var. İlk addımlarımı atmağa başladığım an, ilk səyahətim Biləsuvar rayonunun Günəşli kəndinə oldu.
   Günəşli kəndi anam üçün onun ömrü boyu günəş saçan məkan olub.
   Günəşli kəndində ailəmizin müqəddəs saydığı məkan var. İlk o məkanı ziyarət etdim. Ziyarət etdiyim məkan şəhid olmuş babam Rüstəmov Rza Sulduz oğlunun məzarı oldu.
   Mən körpəyəm. Sevincli günlərimi yaşamaq əvəzinə, anam kimi qəmli körpəlik yaşayıram. Anam kimi mən də babamı çox özləyirəm.
   Mən körpəyəm. Amma anlayıram. Anlayıram ki, babam yenicə ailə həyatı qurmuşdu və vətənimiz od tutub yanırdı. Alçaq qonşularımız, süfrəmizin başında oturub yeyib-içdiyi zaman, vətənim üçün planlar qururdu. Gözəl Qarabağ torpağını işğal etmək idi niyyəti. O zaman onlar Xocalı soyqırımını törətdilər. Babam müharibəyə 30 il əvvəl könüllü olaraq yola düşdü. Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdu. Onun bir arzusu var idi, yenicə doğulmuş körpə qızını görmək idi arzusu. O arzunu içində saxlayırdı. Babamın arzuları var idi. Qızını necə böyüdəcək, necə oxutduracaq. Amma düşmən onun arzusunun ürəyində qoydu. Babam Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
   Mən körpəyəm. Amma bilirəm ki, babam həlak olduğunda, anam məndən 5 dəfə kiçik idi. Anam 6 aylıq körpə ikən atasına həsrət qaldı. Anam böyüdü, oxudu və şəhid olmuş atasına layiq olmaq idi arzusu.
   Mən körpəyəm. Duydum ki, indi də Ağdərə uğrunda döyüşlər gedir. İstəyirəm səsimə Azərbaycan əsgərinə çatdırasınız.
   Azərbaycan əsgəri, irəli! 
   Babamın qanı yerdə qalmasın! Babam kimi şəhidlərin arzuları ürəyində qalmasın!
   Siz müzəffər Azərbaycan Ordusunun əsgərisiniz.
   Siz Qalib olacaqsınız!
   Var ol Şanlı VƏTƏN!
   Var ol İGİD ƏSGƏR!
  30 ilə yaxın işğal olunmuş torpağımı azad elə.
  Onlar düz 30 ilə yaxındır ki, torpaqlarımızı işğal ediblər. Nə qədər körpə Qarabağlı olaraq dünyaya göz açıb, böyüyüb başa çatıb, həqiqi hərbi xidmətə yollanıb və şəhid olub. Onlar öz canlarını vətən uğrunda qurban veriblər.
   Dünya bilməlidir ki, müharibəyə biz başlamamışıq. Dünya bilməlidir ki, müharibə Azərbaycan torpağında gedir.
   Bu müharibədə körpələr həlak olur.
   Bizim torpaqlarımız işğaldan azad olsun
   Mən körpəyəm. Amma arzum var. Arzumdur şəhid olmuş babam Rzaya hesabat verib deyə bilim ki, “Rahat yat baba! Qanın yerdə qalmadı! Arzun ürəyində qalmadı!”

Şəhid nəvəsinin ürəyinin səsini yazıya almaq bir şərəfdir

 

Keçidlər