Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan İlham Əliyev: "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

01 oktyabr 2020 | 11:00

Ötən gün Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdülər.
Respublika Prezidenti görüşün sonunda hərbçilərlə söhbət edib və harada yaralandıqları ilə maraqlandı.
Birinci vitse-prezident Mehriban xanım  Əliyevanın yaralı hərbçilərlə görüş zamanı kövrəlməsi bütün Azərbaycan analarını da kövrəltdi.
Amma bununla belə biz hər zaman güclü, iradəli, vətənpərvər, qorxmaz, mərd Azərbaycan oğullarının əzmkarlığına, qələbə əzminə inanırıq. 
Bu da səbəbsiz deyil.
Azərbaycan oğulları ötən 30 ilə yaxın müddətdə bunu dəfələrlə sübut edib. Biz onlara güvənir, etibar edir, arxalanırıq.

Vətən Sizə oğul dedi...

"Bu torpaqlar bizə atalarımızın əmanətidir
Vətən ancaq üzərində gəzdiyimiz, yaşadığımız torpaq parçası deyil. Vətən özünün bayrağı, müstəqilliyi, suverenliyi, milli dövlət himni, sərhədləri olan torpaqdır.
Vətən azadlıqdır. Torpağın Vətən olması üçün düşmənlərlə mübarizə aparmaq, onun üzərində zəfər qazanmaq lazımdır.
Vətənə olan sevgimiz bizi ucaldır. Vətənin müdafiəsi bizim üçün inanc, iman olmalıdır. Uğrunda minlərlə şəhid verdiyim bu torpağın mənəvi dəyəri çox yüksəkdir.
Xalq yalnız öz Vətənini qorumaqla gələcəyinə təminat verə bilər" -  Azərbaycanımız bizə atalarımızın əmanətidir. Onu qorumaq boynumuzun borcudur" - bizi belə öyrədiblər.

Atalarımızın bizə əmanət etdiyi cənnət vətənimizi qorumaq üçün lazım gələrsə, canımızdan belə keçməyi bacarmalıyıq. 
Müqəddəs torpaqlarımızı və vətənimizi qorumaq bizim ən ali amalımız, vəzifəmiz olmalıdır.
Bu günkü nəsli dövlətimizin gələcəyinin təhlükəsizliyinin qarantıdır.
Azad yaşamaq istəyiriksə, Azərbaycanı qorumağa borcluyuq. Bu gün istənilən cəbhədən geri çəkilən xalq, sabah sahib olduğu torpaqları başqalarının əsarəti altında görəcək. Tarixi minlərlə qəhrəmanının biləkləri hesabına qurulmuş Azərbaycan övladının heç bir cəbhədən geri çəkilmək haqqı yoxdur. Heç bir Vətən mübarizə olmadan müstəqilliyini qoruya bilməz. Azərbaycanımızın hər qarışı bizim üçün dəyərlidir.
Vətənə olan sevgi insanın ən ülvi, müqəddəs və ali duyğusudur. Tariximizin səhifələri Azərbaycanın qəhrəman övladlarının şücaətləri ilə doludur. Biz qəhrəmanlarımızı heç vaxt unutmamalıyıq. Düşmənlə apardığı amansız mübarizə onları xalqın qəhrəmanlarına çevirib.
Vətəni sevmək ən böyük mərdlikdir. Çünki üzərində yaşadığı torpaqlar və eyni millətə mənsub insanlar, birlik və bərabərlik içərisində yaşadıqları zaman o ölkədə dinclik və güvən mühiti təsis edilir.
Buna görə də, bu torpağın üstündə gəzən hər kəs vətənpərvərlik duyğuları sayəsində lazım olduğu zaman vətəni üçün ölməyə belə hazır olmalıdır.

Doğma Vətəni uğrunda canını qurban verənlər  Şəhidlərdir.  Keçmişdən günümüzə yüz minlərlə polisimiz, əsgərimiz şəhidlik mərtəbəsinə yüksələrək, vətənimiz uğrunda həyatlarını ortaya qoymuş, ölkəmizin inkişafı naminə şəhid olublar. Bu uca məqama çatan şəhidlərin ruhu sayəsində bu gün bizlər rahat şəkildə yaşayırıq. Bizlər o insanların nəsliyik.
Bu səbəbdən onlara layiq bir övlad kimi yaşamalı və onlar qədər biz də vətənpərvərlik duyğularını ürəyimizdə səmimi bir şəkildə hiss etdirməliyik.
Bu Vətən hamımızındır.

Min illərdir ata-babalarımızdan qalan   bu torpaqları gələcəyə aparmaq lazımdır. Onu başqa xalqların əsarəti altına atmaq insanlığa sığmaz. Heç bir halda Vətənin müdafiəsindən geri çəkilməməliyik, ən çətin anlarda belə bayrağımızı yüksəkliklərə qaldırmalı, ölkəmizin adının ən yaxşıları sırasında çəkilməsi naminə ən ağır şəraitlərdə belə çalışmaqdan geri durmamalıyıq.
Bu gün Azərbaycanın daha etibarlı müdafiə olunmasına gərək var. Bu yöndə gecə-gündüz səngərlərdə xidmət edən əsgərlərimizə dəstək olmalıyıq. Hər birimiz bu Vətənin  könüllü əsgərləriyik. Biz Vətənə xidmət borcunu bu torpağa olan mənəvi borc kimi verməliyik. Biz həyatımızın sonuna kimi Vətənimizə borcluyuq.
Hər birimiz bu torpağın vətəndaşı olduğumuz üçün ona təşəkkür borcumuz da var. Azərbaycan bizim qürur yerimizdir. Öz Vətənini düşünən hər bir insan üçün Vətənpərvərlik bir ideologiya olmalıdır. Milli şüura sahib olmaq vətənə məhəbbətdən qaynaqlanır.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”. Bəli, Azərbaycanın gələcək varlığı naminə nəinki gənclər, hər birimiz Vətənpərvər olmalıyıq. Çünki borcumuzun olduğu bu Vətəni qorumaq bizim ən ümdə, ən ülvi  amalımızdır.

"Ordum varsa, yurdum var"

“Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır”, – deyən ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi sənaye kompleksi yaradılmış, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilmişdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.

Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. 4 günlük müharibə kimi tarixə düşən bu döyüşlərdə ordumuz Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarəti altına keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqelər ələ keçirildi.
    Məlum olduğu kimi sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub. Mülki əhali və yaşayış məntəqələrimiz düşmən atəşinə məruz qalımışdır. Bundan sonra Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən düşmənə bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.
Bu günlər cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulmuş və döyüş fəaliyyətinin qarşısı alınmışdır.

Heç şübhəsiz ki 27 sentyabr hadisələri Ermənistanın yeni işğal siyasətinin təzahürüdür. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilmişdir. Bu siyasət erməni hökuməti öz dövlətində Azərbaycanın düşmən obrazının formalaşmasına xidmət edən məqsədyönlü addımlardır. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində də bu təxribatlar haqqında bildirmişdir ki: “Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır.
Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyk zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, onda hansı danışıqlardan söhbət gedə bilər?!

30 ilə yaxın işğalçılıq prosesini davam edən Ermənistan son zamanlar işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu, hərbi cinayətdir və Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu siyasət göstərir ki, Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur, ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Bununla yanaşı işğal edilmiş ərazilərimizdə rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir və tarixi abidələrimiz dağıdılır. Bütün faktlar bir daha onu göstərir ki, bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Xalqımız ordumuzun hərbi qüdrətinə və Azərbaycan əsgərinin bəxş edəcəyi qələbə sevincinin uzaqda olmadığına qəti şəkildə inanır. Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir. Cənab Prezidentin vurğuladığı kimi “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Nurlanə Əliyeva,
YAP Qaradağ rayon təşkilatı Siyasi Şurasınln üzvü,
Qadınlar Şurasının sədr müavini

Keçidlər