Tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq
Tarixi anları yaşayırıq. Bu gün, bu an hər bir ölkə vətəndaşınin diqqəti Televiziyalardadır. Hər an şad xəbər gözləyirik.
Hər bir Azərbaycan vətəndaşı üçün qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Düşmənin son zamanlar törətdiyi təxribatlarının qarşısı layiqli alındı. Bir daha Ordumuz hansı imkanlara malik olduğunu işğalçı dövlətə göstərdi. Əminəm ki, düşmən müzəffər Azərbaycan Ordusundan aldığı cavabı uzun müddət unutmayacaq.
Doğrudur itkilərimiz var, amma “Torpaq uğurunda ölən varsa, VƏTƏNDİR”.
İşğal olunmuş ərazilərimizin azadlığı uğrunda həlak olan əsgərlərimizə Allahdan rəhmət diləyirik. Onlar şəhidlik zirvəsinə ucalaraq qəhrəmanlıqları ilə bütün gənclərimiz üçün nümunədirlər.
Torpaq, əgər uğurunda ölən varsa Vətəndir!, deyərək orduya yollanan hərbiçilərimiz, qəlbimiz sizinlədir.
Şəhid verməyi bacaran xalq yenilməzdir. Bu gün hər zaman olduğu kimi, bir daha Azərbaycan xalqı müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid verməyi bacardığını sübut etdi.
Bu, bir daha hamıya onu göstərir ki, Azərbaycan xalqını heç zaman məğlub etmək mümkün deyil, millətimiz mərd və yenilməzdir.
Ölkəmizin rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyev "Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!" söyləyərkən göz yaşımı saxlaya bilmədim.
Dövlətimizin başçısı cənab İlham Əliyev daim çıxışlarında ermənilərin təxribatı nəticəsində Azərbaycan hərbçilərinin, mülki şəxslərin həlak olduğunu önə çəkərək, onların qanının yerdə qalmayacağını bəyan etmişdir. Və son təxribatın layiqli cavabı da onu göstərdi ki, bu gün Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil.
Dünyaya bəllidir ki, Ermənistan iqtisadi böhran içərisində çabalayan işğalçı dövlətdir və onun hər hansı bir güclü ordudan danışması qeyri-mümkündür, gülüncdür.
Ən əsası Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında dayanmaq imkanında deyil.
Artıq heç kim üçün sirr deyil ki, bu və ya digər güc mərkəzləri işğalçı dövləti silahlandırmaqla ona ölkəmizə qarşı yeni müharibəyə başlamaq üçün dəstək göstərsələr də, Azərbaycanın güclü, qüdrətli ordusunun hər an belə çirkin təxribatların qarşısını böyük qətiyyətlə aldığının şahididirlər.
Bu gün hər bir Azərbaycan Respublikasının vətəndaşı “İrəli, Azərbaycan əsgəri! Eşq olsun Azərbaycan əsgərinə!” deyir.
Xalqımız daim dövlətimizlə, suverenliyimizin qarantı olan ordumuzla birlikdədir.
12 iyul hadisələrindən sonra istər ölkəmiz daxilində, istərsə də xarici ölkələrdə Azərbaycan Ordusuna dəstək adı altında keçirilən yürüşlər, aksiyalar da deyilənlərin təsdiqidir.
Bu gün hər bir Azərbaycan vətəndaşı bir amal uğrunda mübarizə aparır: Torpaqlarımızı işğaldan azad etmək! Bu amal uğrunda bu gün biz yumruq kimi birləşməliyik. Bu birləşmə gücü eyni zamanda, iradənin, qətiyyətin, xalqa, millətə, torpağa sevginin təzahürüdür.
Son hadisələr onu göstərir ki, Azərbaycan torpaqlarının işğal altında olması uzun sürməyəcək.
Tezliklə münaqişə öz ədalətli həllini tapacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq.
Qəbələ bizimlədir!
Eşq olsun Ali Baş Komandana!
Eşq olsun Azərbaycan ordusuna!
Bəxtiyar Həsənov