Şriftin ölçüsü :

Saytın rəngi :

BİZİM YOLUMUZ HAQQ YOLUDUR

29 sentyabr 2020 | 11:00

   Azərbaycan xalqı bu gün həm həyəcanlı, həm də qürurverici günlərini yaşayır. Cəbhə bölgəsində Azərbaycanın ərazilərini qoruyan, ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan ordusu ilə yanaşı, onunla daim bir olan, əldə etdiyi qələbələrlə fəxr edən xalqımız var.
Ölkə Prezidentinin qeyd etdiyi kimi, biz müharibə istəmirik. Amma Azərbaycanın işğal altında olan torpaqlarını istənilən yolla azad etməsi onun suveren hüququdur: «Çox qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə qadir olduğunu nümayiş etdirir. Düşmənin təxribatlarının qarşısını layiqli cavab tədbirləri ilə alan ordumuz hansı imkanlara malik olduğunu bir daha işğalçı dövlətə göstərir. Düşmən müzəffər Azərbaycan Ordusundan aldığı cavabı, zərbəni uzun müddət unutmayacaq".
Bu günlər xalqla ordunun birliyi daha önəmlidir. Xalqla ordunun birliyi həm xalqın, həm ölkənin qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir.

   Əlbəttə, müharibə qurbansız olmur.  Şəhid verməyi bacaran xalq yenilməzdir.
   

           "Torpaq, əgər uğrunda ölən varsa,
                                                                       Vətəndir".


   Biz  işğal olunmuş ərazilərimizin azadlığı uğrunda həlak olan əsgərlərimizə Allahdan rəhmət diləyirik. Onlar Şəhidlik zirvəsinə ucalaraq,  qəhrəmanlıqları ilə gənclərimiz üçün nümunədirlər.
   Azərbaycan xalqı müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid verməyi bacardığını dəfələrlə sübut edib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqını heç zaman məğlub etmək mümkün deyil, millətimiz mərd və yenilməzdir.
"Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!» söyləyən dövlətimizin başçısı cənab İlham Əliyev daim çıxışlarında ermənilərin təxribatı nəticəsində Azərbaycan hərbçilərinin, mülki şəxslərin həlak olduğunu önə çəkərək onların qanının yerdə qalmayacağını bəyan edir -
Möhtərəm Prezidentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim milli məsələmizdir. Biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun, tarixi ədalət bərpa edilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.
  Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, ölkəmizin həyatında, inkişaf tarixində yeni bir mərhələ başlayacaq: “Möhtərəm Prezidentimiz hər zaman bildirir ki, xalqa arxalanır, xalqdan güc alır. Təbii ki, hər zaman xalqının yanında olan, onun daha yaxşı, təhlükəsiz şəraitdə yaşamasını istəyən, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün təkmil islahatlar həyata keçirən, ən əsası Azərbaycanın sözünü imzası qədər dəyərli edən ölkə Prezidentinə milyonların sevgisi, dəstəyi şəksizdir. Xalq-iqtidar birliyi fonunda hər bir çətinlik dəf edilir, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunur.
   Bu əməliyyat nəticəsində bir neçə yaşayış məntəqəmiz işğaldan azad olunub. Xalqımızı bu münasibətlə təbrik edən dövlətimizin başçısı cınab İlham Əliyev bəyan etmişdir ki, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

  Nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan işlər müsbət nəticəsini göstərir: “Bu gün böyük inam və qətiyyətlə bildiririk ki, ordumuzun döyüş ruhu, hazırlıq səviyyəsi düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin mənəvi-psixoloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün böyük imkanlara malikdir. Azərbaycan insanı özünü məğlub deyil, hər an qələbəyə doğru addımlayan qüdrətli bir dövlətin vətəndaşı hesab edir.

   Bu gün Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. İqtisadi böhran içərisində çabalayan işğalçı dövlətin güclü ordudan danışması qeyri-mümkündür: Ən əsası, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında dayanmaq imkanında deyil. Artıq heç kim üçün sirr deyil ki, bu və ya digər güc mərkəzləri işğalçı dövləti silahlandırmaqla ona ölkəmizə qarşı yeni müharibəyə başlamaq üçün dəstək göstərsələr də, Azərbaycanın güclü, qüdrətli ordusunun hər an belə çirkin təxribatların qarşısını böyük qətiyyətlə aldığının şahididirlər.

          "İrəli, Azərbaycan əsgəri!
                              Eşq olsun Azərbaycan əsgərinə!"

    Xalqımız daim dövlətimizlə, suverenliyimizin qarantı olan ordumuzla birlikdədir. 12 iyul hadisələrindən sonra istər ölkə daxilində, istərsə də xaricdə orduya dəstək adı altında keçirilən yürüşlər, aksiyalar da deyilənlərin təsdiqidir. Hər bir Azərbaycan vətəndaşı bir amal uğrunda mübarizə aparır: Torpaqlarımızı işğaldan azad etmək üçün yumruq kimi birləşmək. Bu qüvvə yalnız sayla ifadə olunmur. Bu, eyni zamanda, iradənin, qətiyyətin, xalqa, millətə, torpağa sevginin təzahürüdür.
  Cənab Prezidentimizin də qeyd etdiyi  kimi  bu  gün Azərbaycan Ordusu  öz  torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir.Ermənistan işğalçı dövlətdir ,bu işğala son qoyulmalıdır və son qoyulacaqıdr.
  Bugünkü  Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılıb və talan edilib. Düşmən işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıdıb. Məqsəd isə azərbaycanlıların bütün izlərini silməkdir.
   Çox keçməyəcək, mərd, cəsur əsgərlərimizin iradəsi və torpaqlarımızın azad olunması yolunda irəliyə yönəlmiş addlmları sayəsində erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi , dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq. Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da  hec kimə verən deyilik.
   Bu gün biz bir olub düşmənlərimizin yanan bütün işiqlarını söndürməli, öz torpaqlarımızda Günəş kimi parlaq işıq saçmalıyıq.
   Son hadisələr göstərir ki, Azərbaycan torpaqlarının işğal altında olması uzun sürməyəcək. Əminik ki, məğrur ordumuzun qətiyyətli addımları sayəsində tezliklə münaqişə hansı yolla olursa-olsun, öz ədalətli həllini tapacaq, üçrəngli bayrağımız Dağlıq Qarabağda, Şuşada, Xankəndidə dalğalanacaqdır!

Nurlanə Əliyeva,
YAP Qaradağ rayon Təşkilatı Siyasi şurasının üzvü,  
YAP Qaradağ RT Qadınlar şurasının sədr müavini

Keçidlər