Azərbaycan nümayəndə heyəti Volqoqrad vilayətində görüşlər keçirmişdir
04 aprel 2013-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovdan, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı cənab Abdin Fərzəliyevdən və digər şəxslərdən ibarət nümayəndə heyəti Rusiya Federasiyasının Volqoqrad vilayətində rəsmi işgüzar səfərdə olmuşdur.
Nümayəndə heyəti görüşlər zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında olan tarixi, coğrafi, mədəni, iqtisadi əlaqələrdən geniş danışaraq ölkələr arasında bu münasibətlərin gələcəkdə də davamlı olmasını vurğulamışlar. Səfər zamanı keçirilmiş görüşlər proqramı çərçivəsində qubernator S.Bojenov, hökumətin rəhbərliyi və Volqoqrad vilayətində daimi yaşayan həmvətənlərimizlə söhbət və müzakirələr aparılmışdır. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin Volqoqrad vilayətinə səfəri zamanı Azərbaycan tərəfindən Volqoqrad şəhərində yerləşən parklardan birinin abadlaşdırılması və digər məsələlər müzakirə edilmişdir. Azərbaycan nümayəndə heyəti uzunmüddətli əməkdaşlığa, xüsusilə də sosial layihələrin həyata keçirilməsinə hazır olduğunu bildirmişdir. Belə ki, Azərbaycan dövləti tərəfindən Volqoqrad şəhərində “Bakı” parkının salınması, orada dostluq rəmzi olan abidənin ucaldılması və ətraf ərazinin abadlaşdırılması nəzərdə tutulmuş, bununla bağlı səfər zamanı ayrılmış 6 hektar əraziyə baxış keçirilmişdir.
Bundan əlavə, Azərbaycan tərəfi xeyriyyə işlərini həyata keçirəcəkdir. Qonaqlar hamiliyə götürülməsi nəzərdə tutulan Volqoqrad şəhərində yerləşən 4 saylı internat məktəbində olmuş, aparılacaq təmir-bərpa işlərini yerində müəyyənləşdirmişlər. Qeyd etmək lazımdır ki, həmin internat məktəbində 1987-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev görüş keçirmiş və bu məktəbə böyük qayğı ilə yanaşmışdır.
İkitərəfli əməkdaşlığın digər istiqamətinin isə iqtisadiyyat olacağı vurğulanmışdır. Qubernator Sergey Bojenov ilə keçirilən görüşdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində aparılan məqsədyönlü islahatlar və əldə olunan nailiyyətlər, Azərbaycan-Rusiya iqtisadi-ticari münasibətləri ətrafında müzakirələr aparılmışdır. Azərbaycan Respublikasının Volqoqrad vilayətinin xarici ticarət sferasında ilk onluğa daxil olduğu və iki tərəflər arasında 2012-ci ildə xarici ticarət dövriyyəsinin 140 milyon ABŞ dollarından artıq təşkil etdiyi diqqətə çatdırılmışdır. Qubernator S.Bojenovun sözlərinə əsasən bu gün vilayətin hökuməti Azərbaycan investorları üçün bir sıra yeni sənaye və infrastruktur layihələri təklif etməyə hazırdır və Azərbaycan ilə uzunmüddətli əməkdaşlıq sazişini imzalamaq niyyətindədir. O, belə bir sazişin mövcud olmadığını və hal-hazırda həmin sənədin hazırlandığını vurğulamışdır.
İki tərəflər arasında iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq sazişinin Volqoqrad vilayətində cari ilin iyun ayında keçiriləcək Rusiya-Azərbaycan Forumu çərçivəsində imzalanması planlaşdırılır.