QARABAĞ tezliklə azad olunacaq
Qarabağın özü kimi "QARABAĞ” sözü də Azərbaycan xalqına məxsusdur. Bu ad Azərbaycan tarixinə kədərli, faciəli və bir o qədər qəhrəmanlıq səhifələrdən biri kimi daxil olmuşdur. Ta qədimdən Azərbaycanın ən qədim və səfalı guşələrindən biri olan Qarabağımızı bəli vurğulayaraq dediyim “QARABAĞ”ımızı 19-cu yüzilliyin əvvəllərində Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etməyə başladı.
Rusiya imperiyasının işğalından sonra Qarabağa və digər Azərbaycan torpaqlarına – İrəvan və Naxçıvan ərazilərinə İranda və Osmanlı ərazilərində yaşayan erməni ailələri köçürüldülər. Azərbaycanlıların torpaqları əllərindən alınır və buraya köçürülən ermənilərə verilirdi. 1923-cü ildə Azərbaycan xalqının etirazına baxmayaraq Sovet rəhbərliyi vaxtilə bizim torpaqlara köçürülmüş ermənilərə muxtariyyət hüququ vermiş və Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmışdır. Ermənilər bizim torpaqlara başqa yerlərdən köçürülmələrinə baxmayaraq tarixən Vətənimizin ərazilərini mənimsəmək istəmiş, xalqımıza qarşı soyqırımlar həyata keçirmişlər. Bu haqqda çox faktlar gətirmək olar. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində bunların cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Məhz Azərbaycan xalqının tarixinə yazılmış 1990-cı il 20 Yanvar faciəsi bunun əyani sübutudur. Həmçinin 1992-ci ilin fevral ayındakı soyqırımının nəticələri də daha ağılagəlməz, daha dəhşətli oldu. Bu yollarla bu gün Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20%-i Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuz işğal edilmişdir. Bu hərbi təcavüz nəticəsində uşaqlar, qadınlar, ahıl yaşında olanlar da daxil olmaqla çoxlu sayda həmvətənlərimiz həlak olmuş, 1 milyondan artıq soydaşımız öz torpaqlarından qovulmuş və qaçqın vəziyyətinə düşmüşdür. İllər ərzində aparılan danışıqların heç bir nəticəsini görmədiyimiz üçün qırılan ümidimiz 2016 ci ildə yenidən yarandı! Aprel döyüşlərinə və danışıqlara nəzər salsaq BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanı və havadarlarını Azərbaycan hərbi yolla cəzalandıra, işğalçı siyasətdən çəkindirə bilər. Həmçinin hərbi əməliyyatlar da bir daha təsdiqlədi ki, Azərbaycan işğal olunan torpaqlarını azad etmək gücündədir.
Hal-hazırda beynəlxalq danışıqlar da onu göstərir ki ölkə başçısının illər ərzində yürütdüyü siyasətin nəticəsi olaraq QARABAĞ tezliklə işğaldan azad olunacaq. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev demişkən: "Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Mən dəfələrlə demişəm ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var... ... Və Biz ikinci Ermənistan dövlətinin Azərbaycan torpaqlarında yaranmasına imkan verməyəcəyik!. Torpaqlarımız nəyin bahasına olursa olsun azad olunmalıdır".
Və mütləq olacaqdır!
Akşin Hüseynov
Qarabağ DNK-nun sədri,
VKC Karate federasiyasının birinci vitse-prezidenti,
Qarabağ qazisi,
ictimai fəal