Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayon Ağsaqqallar Şurasının bəyanatı

28 sentyabr 2020 | 11:00

Biz, Qaradağ rayon Ağsaqqallar Şurasının üzvləri olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 27 sentyabr tarixdə Ermənistanın hərbi təxribatlarına cavab olaraq, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə müraciətini diqqətlə dinlədik.

   Biz Azərbaycan Milli ordusunun qətiyyəti ilə fəxr edirik. Müzəffər Milli ordumuzun çevikliyi və peşəkarlığı göz önündədir. Ordumuzun şəxsi heyəti və tank hissələri tərəfindən raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və digər yerlərdə yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar olunur və onların hərəkət trayektoriyasına nəzarət edilir.
   Biz Qaradağ rayon Ağsaqqalları olaraq xalqımızı təxribatlara uymamağa çağırırıq. Hər birimizə yaxşı bəllidir ki, hal-hazırda qoşunlarımızın sürətli əks-hücum əməliyyatları davam etdirilir. Buna görə də vətəndaşlarımız hadisələri həssaslıqla izləməli və təxribat xarakterli məlumatların qarşısının alınmasında fəal iştirak etməlidir. 
   Sevindirici haldır ki, dünən demokratik Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya bir araya gələrək,  Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə bağlı bəyanat yayıb.
   Bəyanatda siyasi partiya rəhbərləri “Belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşlarını və dünya azərbaycanlılarını bir daha milli birliyə və vəhdətə səsləyir, hər kəsi Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə, beynəlxalq ictimaiyyəti isə Azərbaycanın həm tarixi həqiqətlər baxımından, həm də beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa çağırır”.
   Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı təşkil etdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir!
Özlərini demokratik Azərbaycanın qurucuları kimi təqdim edən Müsavat və Xalq cəbhəsi partiyalarının bu bəyanata imza atmamalarını pisləyir, onların tərəfdaşlarına bildiririk ki, gözlərini açıb həqiqəti görsünlər.  Bilsinlər ki, imza atmamaqla onlar bir daha məkrli fikirlərini açıq-aydın nümayiş etdirdilər. Onlara ar olsun!
   Bu gün Azərbaycanlıyam deyən hər kəsin ürəyi Qarabağla döyünməli, hər kəs siyasi mövqeyindən asılı olmayaraq cənab Ali baş Komandanın ətrafında sıx birləşməlidir.
   Hər bir Azərbaycan vətəndaşını “Qarabağ-Azərbaycandır və Nida İşarəsi” deməyə səsləyirik.


Qaradağ rayon ağsaqqalları adından
sədr əvəzi, yazıçı-publisist,
təqdiqatçı Ramin Məmmədov

Keçidlər