Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi COVİD-19 pandemiyasına qarşı aparılan qabaqlayıcı tədbirlər pandemiyanın ölkəmizə daha az təsir göstərməsinə səbəb olmuşdur.

23 sentyabr 2020 | 11:00

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin yaradılmasının 75 illiyi ilə əlaqədar yüksək səviyyəli iclasda etdiyi çıxışda bir çox məsələlərə toxunmuşdur. Cənab prezidentin çıxışının əsas mahiyyəti BMT və Azərbaycan, Qoşulmama Hərəkatı ilə respublikamızın qarşılıqlı əlaqələri eyni zamanda Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət, son vaxtlar bütün dünyanı cənginə almış COVİD-19 pandemiyasına qarşı mübarizə və Azərbaycanın demokratik prinsiplərə sadiqliyi təşkil etmişdir.
    1955-ci ildə qəbul edilmiş Bandunq Bəyannaməsinin bu il 65 illiyi qeyd edilir. Bu Bəyannamə Qoşulmama Hərəkatının təməl prinsiplərini özündə əks etdirir. Azərbaycan Respublikası Qoşulmama Hərəkatı ilə sıx əlaqələr saxlayır. Hətta 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə toplantısı Bakıda keçirilmişdir. Bu toplantının ölkəmizin paytaxtında keçirilməsi Qoşulmama Hərəkatının prinsiplərinə sadiq olduğumuzu göstərir və ölkə Prezidenti İlham Əliyev cənablarının yürütdüyü düzgün və məqsədyönlü siyasətinin nəticəsidir. Dünyada sülhün qorunması və təmin edilməsi, eyni zamanda beynəlxalq hüquqa hörmət Qoşulmama Hərəkatının əsas prinsiplərindən hesab edilir.
   Dünyada sülhün və təhlükəsizliyin qorunması prinsiplərini əldə rəhbər tutan BMT-nin yaranmasının 75 illiyi tamam olur. Azərbaycan Respublikası 1992-ci il martın 2-dən BMT-nin üzvüdür. Bu illər ərzində Azərbaycan-BMT münasibətləri yüksək səviyyədə inkişaf etmiş və etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının BMT ilə yaratdığı əlaqələr Azərbaycan Respublikasının müstəqilliyinin qorunmasına və möhkəmlənməsinə yönəlmişdir.
    Prezident İlham Əliyevin çıxışında Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətə də toxunulmuşdur. O, qeyd etmişdir ki Ermənistan BMT nizamnaməsini kobud şəkildə pozaraq uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən tam dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsi işğalçı Ermənistanın Beynəlxalq hüquqa məhəl qoymamasına sübutdur.
   Prezident İlham Əliyev Ermənistanın son vaxtlar sərhəddə təxribatlar törətməsi hətta mülki əhalini hədəf seçməsi bu dövlətin sülh prosesinə vurduğu zərbə olduğunu qeyd etmişdir. İşğalçı dövlət müharibəyə hazırlaşır, ordusuna muzdlu mülki vətəndaşları cəlb edir. Bu bir daha sübut edir ki, Ermənistan hakimiyyəti təcavüzkarlıq meyllərindən əl çəkmək istəmir. Lakin ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan ordusu təcavüzkarı susdurmağa daima hazırdır. Hətta son illər Ermənistan Respublikasının  faşizmi dövlət səviyyəsində təbliğ etməsi, Nasist Almaniyasına xidmət etmiş terrorçu Qaregin Njdeyə işğalçı dövlətin paytaxtında abidənin qoyulması, düşmən dövlət hakimiyyətinin faşist meylli siyasət yürütməsini Prezident İlham Əliyev bütün çıxışlarında və beynəlxalq konfranslarda dünya ictimaiyyətinə layiqincə və kəskin olaraq çatdırır.
  Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi COVİD-19 pandemiyasına qarşı aparılan qabaqlayıcı tədbirlər  pandemiyanın ölkəmizə daha az təsir göstərməsinə səbəb olmuşdur.
  Məhz Prezidentimizin apardığı siyasət nəticəsində Azərbaycanda demokratik ənənələr inkişaf etməkdədir. Ölkəmizdə bütün azadlıqlar - media, sərbəst toplaşma, dini etiqad azadlığı tam şəkildə təmin edilmişdir.
  Prezident İlham Əliyev cənabları öz çıxışında ölkəmizin mədəniyyətlərarası dialoqun mərkəzi olduğunu diqqətə çatdırmışdır.
  Prezidenti İlham Əliyevin də  qeyd etdiyi kimi son 17 ildə iqtisadiyyatımız artan templə inkişaf etmiş və ”2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış ”Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə  Azərbaycan 166 ölkə arasında 54-cü yerdə qərarlaşmışdır. Bu dayanıqlı inkişaf Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.
  Əminəm ki, ölkə Prezidenti İlham Əliyev cənablarının yürütdüyü düzgün  siyasət hansı yolla olursa olsun, işğal olunmuş torpaqlarımızın geri qaytarılması ilə nəticələnəcəkdir. Bu yolda Prezidentimizin apardığı yorulmaz siyasətdə ona uğurlar və müvəffəqiyyətlər arzu edirəm.

    Rafiq Şahverdiyev,
E.İsmayılov adına 253 saylı tam orta
    məktəbin  direktoru

Keçidlər