Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya işğalçı Ermənistanı tanımalıdır

23 sentyabr 2020 | 11:00

   Bu gün hər bir azərbaycanlının vətəndaşlıq borcu çalışdığı müəssisədə, olduğu  yerdə, qeydiyyatdan keçdiyi sosial şəbəkələrdə dövlətin mövqeyini açıq şəkildə bəyan etmək, “Qarabağ Azərbaycandır” şuarını tutarlı şəkildə əsaslandıraraq səsləndirməkdir.
    Hər bir azərbaycanlı düşmən Ermənistanın əsl üzünü hər kəsə tanıtmalıdır. Görülən işlərin, atılan addımların böyük-kiçikliyi önəmli deyil, hər kəs öz səviyyəsində bu işi düzgün qurmalıdır. Ölkə başçımız hər birimizə nümunə olmalıdır. Onun hansı tədbirdə olmasından asılı olmayaraq, bütün mötəbər görüşlərdə daim bir siyasi xətt üzrə qurub fəaliyyətini: Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır, Qarabağ Azərbaycandır.
   Hər dəfə bütün tanıdıqlarıma xatırladıram, vətəndaş olaraq öz hüquqlarımızı bilirik, bəs vətəndaş olaraq öz vəzifələrimizi bilirik mi? Hər bir Azərbaycan vətəndaşının vəzifə borcudur ki, ölkənin bütövlüyü üçün bacardığı irili xırdalı bütün addımları atsın, ölkə başçısının verdiyi mesajları daim səsləndirsin.
   Biz bilirik ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Xaricdə yaşayan hər bir azərbaycanlı bunları daim səsləndirməli, xaricdə olmalarına baxmayaraq, qəlbləri Azərbaycanla döyünməlidir.
   Hami bilir ki, işğalçı Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi qəbul edilmiş və Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Biz gündəlik fəaliyyətimizdə bunu qabartmalıyıq, hər bir rastlaşdığımız xarici vətəndaşa bunu hansısa bir formada çatdırmalıyıq. Olanları hər kəs bilməlidir.
Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bunu açıq aydın özləri də deyir. Statistikaya nəzər salsaq, görərik ki,  bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bunlar geniş şəkildə ictimailəşdirilməlidir dünyada.
   Ermənistan Xocalı soyqırımını törətmişdir. Bu istiqamətdə Leyla xanım Əliyevanın başladığı “Xocaliya Ədalət” kompaniyası geniş keçirilməlidir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır və biz çalışmalıyıq ki, bütün dünya tanısın Xocalı qətliamını.
   Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Buna son qoyulmalıdır. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib və etməkdə də davam edir, bunları biz paylaşmalıyıq.
   Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Biz bütün bunları görə-görə susmalıyıq.
   Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Biz hər yerdə daima Dövlər başçımızın “Qarabağ Azərbaycandır!” şuarını səsləndirməliyik.
   Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu isə, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir. Doğrudur, bu gülüncdür və əminəm ki, Azərbaycan Ordusu onlara layiqli cavabları verəcəkdir.
   Hamımıza yaxşı bəllidir ki, nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub. Bunlar danılmaz faktlardır.
   Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Hər bir azərbaycanlının vətəndaşlıq borcu bütün bunları gündəlik olaraq demək, yazmaq və hər kəsə çatdırmaqdır. Biz ilk növbədə informasiya müharibəsində qalib gəlməliyik. Biz infirmasiya müharibəsi parmaqla, Dövlət başçımız, Prezidentimiz İlham Əliyevə siyasi müharibədə qalib gəlməsi üçün öz kiçik addımlarımızı atmalıyıq.
   “Qarbağ Azərbaycandır” şüarı hər yerdə səslənməlidir.

Nəzakət Axundova,
ziyalı,
Lökbatan qəsəbə sakini

Keçidlər