Azərbaycan Türkiyə qardaşlığı daimidir
Azərbaycanlı olaraq daim Türk xalqının bizimlə olmasına sevinirəm. Təsadüfi deyil ki, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev demişdir: “İki dövlət, bir millət”.
Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti dəfə Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi.
Hər bir Azərbaycan vətəndaşı kimi, mən də Ölkə başçısının sözləri ilə xüsusi vurğulamaq istəyirəm: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirmək istəyirəm”.
Təbii ki, ölkəmiz daim Türkiyənin yanındadır və bizim qardaşlığımız əbədidir. Hər dəfə bu mövzulara toxunanda cənab Prezidetn deyir ki, “Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir.”
Hamımıza bəllidir ki, Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir.
Son hadisələr zamanı təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir. Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil- Ermənistan özü baş çıxarsın. Biz müharibə şəraitində yaşayan dövlətik.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu ermənilər gözəl bilirlər, ona görə də psixoloji stress keçirirlər. Məhz qorunmaq üçün onlar müxtəlif qapıları döyüb yardım istəyirlər. Amma bu onlara kömək olacaq mı?
Əminəm ki, Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək .
Bəllidir ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və bu mövzuda ölkə rəhbərinin mövqeyi qətidir.
Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik. Amma əminəm ki, bu müvəqqətidir. Biz mütləq şəkildə öz torpaqlarımıza qayıdacağıq.
Azərbaycan xalqının nümayəndəsi olaraq, mən öz prezidentimlə həmfikirəm və onun sözləri ilə qeyd etsəm, “Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”. Məhz sərt və qətiyyətli mövqeyinə görə cənab Prezidentə minnətdaram.
Mən əminəm ki, torpaqlarımız qayıtdıqdan sonra, biz dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq.
Mən ölkə başçımız cənab İlham Əliyevin dediklərinə inanıram və əminəm. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Aygün Zeynalova,
ziyalı, müəllim