Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dövləti daim haqqın tərəfində olacaq

22 sentyabr 2020 | 11:00

   Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi haqqında Azərbaycan Prezidenti mövcud problem, sual, narahatlıqlar haqqında xalqa və müttəfiqlərinə açıq mesajlar verir. O qeyd etmişdir ki, “Serbiya və Rusiya prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim”. Bu isə o deməkdir ki, ölkə başçısı heç bir halda bu işlərə göz yummayacaq.
   Cənab Prezident qeyd etdi ki, “Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm”.
   Ermənistan və Gürcüstanda yaşayan, bir çox hallarda gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar.
   Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyl göstərirlər.
   Amma buna baxmayaraq dövlət başçımız qeyd etmişdir ki, “Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur. Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub”.
   Ermənistanın müsəlman ölkələrində diplomatik fəallığı haqqında Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub. Prezidentin xarici siyasət istiqamətləri ilə çıxışlarında əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Azərbaycanın islamofobiyaya qarşı mübarizəsi göz önündədir. Təsadüfi deyil ki, ölkəmizdə islam həmrəyliyi ilə bağlı çoxlu sayda tədbirlər keçirilib. Cənab İlham Əliyevin İSESKO-da, İƏT-də fəal işi hamının göz önündədir. Azərbaycan Prezidentinin beynəlxalq tribunalardan etdiyi müvafiq çıxışları yəqin ki, hamı dinləyir.
   Təsadüfi deyil ki, Azərbaycanı BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Dini tarixi abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib.
   Cənab Prezident xüsusi olaraq vurğulayıb ki, “Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin”. Bu bütün müsəlman ölkələrinin rəhbərlərinə açıq mesajdır.
   İranla Ermənistan münasibətlərinə gəlincə, Azərbaycan Respublikasının Prezidenti demişdir ki, “Ermənistan İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq?”
   Təbii ki, hamımız anlayırıq ki, Ermənistanda islamofobiya dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər. Ermənistan uğursuz ölkədir. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Müsəlman ölkələrinin burda hansı marağı ola bilər?
   Mən orta məktəb şagirdi olmağıma baxmayaraq, ölkə başçımızın çıxışlarını maraqla izləyir, onun fəaliyyətini daim dəstəkləyirəm. Əminəm ki, ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi altında dünyada bir çox ilklərə imza atacaq, dünyada tolerant və suveren ölkə kimi öz sözünü deyən və qüdrətli ölkə olacaq.

Ayxan Abdullayev,
139 saylı orta məktəbin şağirdi

Keçidlər