Şriftin ölçüsü :

Saytın rəngi :

Paşinyanln növbəti təxribat fəaliyyətinə başlaması niyyəti baş tutmayacaq

22 sentyabr 2020 | 11:00

   Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri göstərir ki, təcavüzkar ölkənin hakimiyyəti Azərbaycana qarşı yeni hücum planları qurur. Bu, açıq-aydın işğalçı ölkənin hərbi əməliyyatların yenidən bərpası, növbəti təxribat fəaliyyətinə başlaması niyyətinin göstəricisidir.
   Paşinyanın Qarabağa səfəri zamanı əsasən hərbi obyektlərdə olması, oradakı vəziyyətlə maraqlanması Ermənistanın işğalçı ölkə olduğunun və ilhaqçı siyasət yürütdüyünün növbəti bariz nümayişidir. Bundan başqa, Paşinyanın Tovuz rayonu istiqamətində Azərbaycanla sərhəd xəttində təxribat törətməkdə fərqlənmiş erməni hərbçilərini mükafatlandırması, hətta onlardan birinə “Milli qəhrəman” adını təqdim etməsi İyul döyüşlərindən sonra Ermənistan ordusundakı ruh düşkünlüyünü aradan qaldırmağa hesablanıb.
   Ermənistan baş nazirinin Qarabağa intensiv səfərlərini şərtləndirən amillərdən biri də onun ailə biznesini genişləndirmək istəyi ilə bağlıdır. Bu səfərlərlə, həmçinin Ermənistanın sabiq rəhbərliyinə və onların Qarabağdakı əlaltılarına təzyiqləri artırmaqla Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qanunsuz istismarından öz payını götürmək istəyir. Paşinyanın və ailə üzvlərinin adı mafiyalar qurmaqda, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır. Təsadüfi deyil ki, Paşinyan Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində də olub.
   Ermənistanda faşizm ideologiyası dövlət siyasətinə çevrilib. Njde, Dro kimi faşistlər Ermənistanda qəhrəmanlaşdırılır, bu antibəşəri fəaliyyət dövlət siyasəti səviyyəsində icra edilir. Nikol Paşinyan da öz sələflərinin siyasətini davam etdirərək faşistlərin qəhrəmanlaşdırılmasına bəraət qazandırır. Ermənistan hakimiyyətində təmsil olunan bir çox yüksək vəzifəli şəxslər faşistlərin nəsillərinin davamçılarıdır, onlar ailə bağları ilə faşizm ideyalarına sadiqdir, bu xislətləri ilə fəxr edirlər. Paşinyanın babası da faşist olub, onun irqi amilə görə yəhudilərin kütləvi şəkildə məhv edilməsində iştirak etməsinə dair əsaslı faktlar var. Paşinyan məhz sələflərinin xəttini davam etdirərək cəbhə bölgələrində azərbaycanlı mülki əhalinin, yaşayış məntəqələrinin davamlı olaraq atəşə tutulmasında xüsusi fəallıq göstərir. İyul döyüşləri bir daha bunu sübut edir.
   Bu gün narahatlıq doğuran əsas məqamlardan biri də Ermənistan tərəfindən işğal altında olan Azərbaycan ərazilərinin qeyri-qanuni məskunlaşdırılması məsələsidir. Ermənistanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır. Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra ölkədə yaşayan erməni mənşəli Livan vətəndaşlarının “tarixi torpaqlarına” geri dönüşü ilə bağlı mövzu Ermənistanda yenidən aktuallaşıb. Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası məsələsi gündəmdədir. Dağlıq Qarabağda köçürmə siyasəti beynəlxalq hüququn norma və standartlarına zidd şəkildə və tarixin saxtalaşdırılması kontekstində aparılır. Ümumiyyətlə, işğal olunmuş ərazilərə Livan ermənilərinin süni şəkildə köçürülməsi erməni əhalisinin heç vaxt yaşamadığı ətraf rayonların etnik quruluşunu dəyişdirmək niyyəti güdür. Ermənistanın əsas məqsədi Livandan işğal olunmuş bölgələrə süni köçlər vasitəsilə boş əraziləri iqtisadi cəhətdən canlandırmaq və yeni demoqrafik vəziyyətin yaradılması ilə gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri dönməsinin qarşısını almaqdır. ASALA erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığı nəzərə alınarsa, xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Azərbaycan ərazilərinə gəlməsi istisna edilmir. Təəssüf ki, beynəlxalq təşkilatlar, xüsusilə də münaqişənin həllində yaxından iştirak edən ATƏT-in Minsk qrupu işğal edilmiş torpaqlarda aparılan süni köç fəaliyyətləri ilə bağlı yenə də susqunluq nümayiş etdirirlər. Halbuki onlar bu məsələnin ciddiliyini nəzərə alaraq dərhal reaksiya verməli idilər.
   Paşinyanın və ailə üzvlərinin adı mafiya hadisələrində, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır. Paşinyanın Qarabağa səfəri də ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş. ərazilərində qızıl və digər metalların qeyri-qanuni istismarından payını götürmək niyyəti daşıyır. Bu səbəbdən bu bölgənin müharibə zonasında olması ona sərf edir. Paşinyan sələflərinin xəttini davam etdirərək cəbhə bölgələrində azərbaycanlı mülki əhalinin, yaşayış məntəqələrinin davamlı olaraq atəşə tutulmasında xüsusi fəallıq göstərir. Ermənistan rəhbərliyi və onun ətrafı yaxşı anlayır ki, onlar bizimlə döyüşə hazır deyillər və bu səbəbdən çalışırlar ki, imkan daxilində öz şəxsi korporativ maraqlarını təmin etsinlər.
   Ermənistan heç vaxt tənəzzüldən qurtula bilməyəcək və məhvə məhkumdur. Azərbaycan dövlətinin, Ordusunun gücünü nəzərə almayan bu ölkənin müqəddəratı sual altındadır. Paşinyan hakimiyyəti son variant olaraq 100 minlik könüllülər ordusu yaratmaq istəyir və buraya Livandan gələn erməniləri də cəlb etmək fikrindədir. Əslində, bu, terrorçu ordu olacaq. Ümumiyyətlə, Paşinyanın dünyada baş verən proseslərlə bağlı heç bir məlumatı yoxdur. Livanlılar Cənubi Qafqazda nə baş verdiyini bilirlər. Təbii ki, onlar bir münaqişə zonasından ikinci münaqişə bölgəsinə keçməyi qətiyyən istəməzlər.
   Lakin Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycanın dövlət başçısı və onun komandası vəziyyəti düzgün təhlil edir, qüvvələr nisbətində vəziyyətin necə olduğunu yaxşı bilir. Azərbaycanın dövlət siyasətinin mahiyyəti ondan ibarətdir ki, Ermənistanın və onun hakimiyyətinin faşist ideologiyasını, siyasətini ifşa etsin, onların iç üzünü, Paşinyan hökumətinin destruktiv rolunu bütün dünyaya göstərsin.
   Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Çünki işğalçı Ermənistan 30 ildir Azərbaycan ərazilərini işğal altında saxlayır. Ölkəmizin ərazi bütövlüyü dünya miqyasında tanınır. Azərbaycan öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun bərpa edəcək.

Zöhrə Verdiyeva,

ziyalı, müəllim

Keçidlər