Azərbaycan dünyaya günəş kimi doğur
20 sentyabr – artıq 26 ildir ki, ölkəmizdə Neftçilərin peşə bayramı kimi qeyd olunur və bu bayramın kökü nəinki Azərbaycanın ümumilikdə Dünyanın energetika tarixinə qızıl hərflərlə həkk olunmuş, ölkəmizin geopolitik stabilliyinin və bugünki və gələcək inkişafının qarantı olan 1994-cü il 20 Sentyabr tarixində Ümummilli liderimiz Heydər Əliyevin böyük mübarizəsi və əməyi sayəsində imzalanan Əsrin müqaviləsiylə bağlı olduğu üçün bu bayramın bütün dünyada yaşayan azərbaycanlıların bayramı olduğunu hesab edirəm. Bu müqavilədən əldə olunan gəlirlərin bir başa olaraq Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına yönləndirilməsi də bunu deməyimizə əsas verir.
Əsrin müqaviləsi imzalandığı ilk gündən neft kapitalının insan kapitalına çevirmək strategiyasını öndər tutan Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin Azərbaycanın enerji siyasətinin məntiqli sonluğu kimi istər neft-qaz istərsə də qeyri sektorlarda dünyanın bir çox aparıcı şirkətlərində neçə-neçə azərbaycanlı gənc mütəxəssis məsul vəzifələrdə çalışır, vətənimizin və millətimizin adını zirvələrə ucaldır. Bu gün Abşeron yatağının istismarı üçün istər dənizdə istərsə də quruda əməliyyatların başlaması vaxtilə Əsrin müqaviləsiylə başlayan neft kapitalını insan kapitalına çevirmək siyasətinin qaz kapitalını insan kapitalına çevirmək siyasətinə transformasiyası kimi qəbul etsək heç də yanılmarıq. Belə ki, 90-cı illərdə dünyaya göz açmış gənc mühəndislər olaraq biz bu siyasətin uğurlu nəticəsi kimi Azərbaycanın və Xaricin yüksək reytinqli ali təhsil müəssisələrində öz təhsilimizi başa vurmuş və vətənimizlə yanaşı bizə dost olan Türkiyə, Qazaxstan, Böyük Britaniya, ABŞ, İtaliya və s. kimi dövlətlərdə icra olunan global və regional əhəmiyyətli layihələrin gerçəkləşməsi və uğurla davam etməsinə verdiyimiz qatqılarla onların da neft-qaz sektorunun inkişafına öz töhvəmizi vermiş oluruq.
Biz gənc mühəndislər olaraq inanırıq ki, necə ki, Əsrin müqaviləsi bizim gələcəyimiz üçün yolumuzu aydınlatan bir məşəl oldu Abşeron yatağının istismarıyla bağlı gerçəkləşdiriləcək layihələr də bizim övladlarımızın parlaq gələcəyini aydınlatan bir günəş olacaqdır. Cənab prezidentimiz İlham Əliyevin və ona daima dəstək olan, yanında olan Azərbaycan Xalqıyla birgə atdığı uğurlu addımlar sayəsində Vaxtilə Heydər Əliyevin dediyi “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamının artıq reallığa çevrildiyini görmək biz gəncləri sevindirməklə yanaşı bizlərə çox böyük bir qürur hissi verir.
Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayan və bununla yanaşı millətimizin gələcək inkişafının təminatı olan layihələrdə çalışmaq və bu layihələrin uğurla başa çatması üçün sözün həqiqi mənasında gecə və gündüz çalışmağımızın verdiyi fəxr və qürur hissini fikrimcə heç bir söz və ya cümləylə ifadə etmək mümkün deyil. Gənc mühəndislər olaraq ölkə rəhbərliyinin bizlərə göstərdiyi etimadı yerə vurmadığımızı alnı açıq şəkildə deyə bilmək qürurunu yaşayırıq bu gün.
Bildiyiniz kimi Abşeron yatağının istismarının birinci mərhələsində çıxarılacaq qaz əsasən daxili tələbata yönləndiriləcəkdir. “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində möhtərəm prezidentimiz İlham Əliyev, “necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq” ifadəsini qeyd etmişdi. Biz gənc mühəndislər inanırıq ki, yaxın gələcəkdə tarixi torpaqlarımız Cənab Ali Baş Komandanın rəhbərliyi altında düşmən tapdağından azad olacaq və o torpaqlarda inşa ediləcək sosial və sənaye obyektlərini Abşeron yatağından çıxarılacaq qazla təmin edəcəyik. İşğaldan azad olacaq torpaqlarımızın qazlaşdırılması üçün başladılacaq o layihələrə öz tövhəmizi vermək bizim üçün daha da qürur verici olacaqdır. Biz əminik ki, necə ki, hal-hazırda paytax Bakı qlobal əhəmiyyətli layihələrin imza atma və təməl qoyma mərasimlərinə ev sahibliyi edir yaxın zamanlarda Şuşamız, Xankəndimiz və İrəvanımız da irimiqyaslı layihələrə ev sahibliyi etməklə adlarını Dünya Sənaye tarixinə qızıl hərflərlə yazdıracaqlar. Yalnız o zaman Biz Ümummilli Liderimizin bizə vəsiyyət etdiyi missiyanı başa vurmanın sevincini tam olaraq yaşayacağıq.
Qasım Mustafayev,
mühəndis, ziyalı