31 mart - Azərbaycanlıların soyqırımı günüdür
29 mart 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində Heydər Əliyev Mərkəzində 31 mart Azərbaycanlıların soyqırımının anım günü ilə bağlı dəyirmi masa keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev, Azərbaycan MEA-nın Tarix İnstitutunun elmi işçisi Nazim Mustafa və digər qonaqlar iştirak etmişdir.
İlk öncə tədbir qonaqları Heydər Əliyev Mərkəzinin foyesində soyqırım ilə bağlı uşaqların çəkdikləri rəsmlərdən ibarət sərgi ilə tanış oldular.
Tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, və didərgin salınmasının XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri kimi qiymətləndirmişdir. Bu hadisələrə uzun müddət dəyər verilmədiyini söyləyərək, ümummilli lider Heydər Əliyevin 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə imzaladığı Sərəncamın erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət olduğunu vurğuladı.
Daha sonra çıxış edən qonaqlar ötən əsrdə ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışaraq, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 95 il ötməsinə baxmayaraq, bu vəhşiliklərin xalqın qan yaddaşında əbədi iz buraxdığını qeyd etdilər. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasətinin bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə verdiyini, həm də ermənilərin xalqımıza qarşı olan tarixi münasibətin hələ də dəyişmədiyini bildirmişlər.