Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçi olmaq şərəfdir

21 sentyabr 2020 | 11:00

   Mənim üçün önəmli günlərdən biri – 20 sentyabr - Azərbaycan neftçilərinin peşə bayramıdır. Bu bayramı Biz neftçilərə Ulu Öndər Heydər Əliyev bəxş edib və biz neftçilər bu günü hər il təntənə ilə qeyd edirik. Hamıya məlumdur ki, 20 sentyabr həm də "Əsrin müqaviləsi" adını almış möhtəşəm sazişin imzalandığı bir gündür.
   20 sentyabr 1994-cü ildə Xəzərin Azərbaycan bölməsindəki "Azəri-Çıraq-Günəşli" yataqlarının xarici şirkətlərlə birlikdə tam miqyaslı işlənməsi müqaviləsinin imzalanması Ümummilli Liderin gərgin mübarizəsi və sonsuz qətiyyəti sayəsində mümkün olub.
   "Əsrin müqaviləsi" Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir. Bu, neftimizin və neftçilərimizin çatdığı zirvə, qazandığı qələbə idi. Ən başlıcası, ulu öndərin uzaqgörən siyasətinin daha bir nəticəsi, Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsi idi.
   Ölkə Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: "1994-cü ildə bizim planlarımız çox geniş idi. Biz bilirdik məqsədimiz nədir. Ancaq onu da bilirdik ki, bu məqsədə çatmaq üçün yolumuz hamar olmayacaqdır. Elə də oldu. Azərbaycan çox böyük sınaqlardan şərəflə çıxdı və qarşıda duran bütün vəzifələri uğurla həll etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə əks etdirir". 26 il əvvəl "Əsrin müqaviləsi"ni imzalamaqla Azərbaycan bütün sərvətlərinin xalqa məxsus olduğunu, xalqın öz sərvətlərindən sərbəst şəkildə istifadə edə bildiyini sübut etdi. Ulu öndərin dediyi kimi: "Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün əsas amildir".
   Təsadüfi deyil ki, dünyada ilk neft quyusu məhz burada - Abşeron yarımadasında qazılıb, Aşağı Kür çökəkliyində, Xəzər dənizi akvatoriyasında, Abşeron və Bakı arxipelaqlarında neft, qaz və kondensat çıxarılıb.
   Neftçi deyəndə bəzən yanlış olaraq yalnız quyudan neft hasil edən insanı nəzərdə tuturlar. Qazmaçı da, təmirçi də, operator da, geoloq da, geofizik də, bu sahədə çalışan inşaatçı da, rabitəçi də neftçidir, böyük neftçilər "ordu"sunun üzvüdür. Bu "ordu"nun gücü Xəzərin fırtınalı qoynundakı "Qara daşlar"ı fəth edəndə, sonradan da həmin yerdə dünyada analoqu olmayan dəniz şəhəri salanda özünü daha aydın göstərdi. 1949-cu ildə Xəzərdə, Bakıdan təxminən 100 kilometr aralıda yerləşən "Neft Daşları"nda hasilata başlanması əslində dünyada dəniz neftinin erasının başlanması idi. Azərbaycan bununla bütün dünyaya sübut etdi ki, dənizin dibindən də neft və qaz hasil etmək mümkündür.
   Ölkəmizin neft sənayesi Qurban Abbasov (Neftçi Qurban), Ağaqurban Əliyev, Sabit Orucov, Nikolay Baybakov, Əhəd Yaqubov, Mixail Kaveroçkin, Ənvər Əlixanov, Mirkazım Məmmədov, Baba Babazadə, Fuad Səmədov, Yusif Səfərov, Bəxtiyar Məmmədov, Bəhmən Hacıyev, Xöşbəxt Yusifzadı və onlarca digərlərinin əməyi sayəsində inkişaf etmişdir. Eyni zamanda neft bu insanlara şan-şöhrət gətirmişdir. Neft yataqları neçə illərdir minlərlə azərbaycanlının iş yeri, hünər meydanı, neftçi peşəsi isə çörək ağacı, şöhrət tacıdır.
   Azərbaycanın neft sənayesinin inkişafının bir sıra mühüm mərhələləri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildən, respublikaya rəhbərlik etdiyi ilk dövrlərdən ulu öndər bu sahəyə xüsusi diqqət və qayğı göstərmişdir. Nəticədə Azərbaycanın neft infrastrukturu yeniləşdirilmiş, təzə yataqların axtarış-kəşfiyyat işlərinin bünövrəsi qoyulmuş, neft emalı sənayesinin bazası ən müasir texnologiyalarla zənginləşdirilmişdir. Bir-birinin ardınca "Bahar", "Bulla-Dəniz", "Günəşli", "Ələt-Dəniz", "8 Mart" yataqlarının işlənməsinə başlanmışdır.
   “Abşeron” yatağının həm kəşfi azərbaycanlı mütəxəssis Xoşbəxt Yusifzadə tərəfindən edilib, həm də istifadə edilən bütün qurğular Azərbaycanda istehsal olunub. Beləliklə, Azərbaycan sadəcə xammal hasilatı ilə kifayətlənmir, neft-qaz kəşfiyyatında,  karbohidrogen daşıyıcıları hasilatı üçün tələb olunan texnika istehsalında da öz ənənələrini qoruyur və inkişaf etdirir.
Neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Azərbaycanın uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Azərbaycanın uğurlu gələcəyi də neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır.
   “Abşeron”, “Qarabağ” və  digər layihələrin icrası bundan sonra da neft-qaz amilini öndə saxlayacaq.
   Azərbaycanın Qurban Abbasov, Xoşbəxt Yusifzadə kimi əfsanəvi neftçiləri həmişə xatırlanmalı, yeni nəsillərə onların nümunəvi həyatı təbliğ olunmalıdır.
   Bu gün Azərbaycan neftçisi "Azəri", "Çıraq", "Dərinsulu Günəşli", "Şahdəniz" yataqlarında, Səngəçal terminalında, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda öz xarici həmkarları ilə çiyin-çiyinə çalışır. Azərbaycan neftçisi bir az da irəliyə gedərək Xəzərdə qurulmuş ən müasir platformaları idarə edir. Həmişə və hər yerdə öz səriştəsi ilə hamını heyran qoyur, başqa sözlə, neft ölkəsinin mütəxəssisi olduğunu təsdiqləyir.
   Ümummilli lider Heydər Əliyev neftçinin Azərbaycanda həmişə ən şərəfli peşələrdən birinin sahibi olduğunu demişdir.
   Bütün həmkarlarımı - Azərbaycan neftçilərinin hamısını təbrik edirəm. Bayramın mübarək! Hər birinizə işlərinizdə müvəffəqiyyətlər, hər bir başlanğıcda uğurlar diləyirəm!

Vüsal Həsənli,
Neftçi, mühəndis

Keçidlər