Mənim prezidentim daim ölkəm üçün çalışır
Ölkəmizin son müasir nailiyyətləri ölkəmizin mühüm sənaye mərkəzi olan Sumqayıt şəhərinin sosial-iqtisadi həyatına da yüksək sürət və keyfiyyət gətirib. Xüsusilə, pandemiya şəraitində də davam edən uğurlu işlər bunu bir daha sübut edir. Ölkə Başçısı cənab İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışındakı çıxışını maraqla dinlədim, Prezident bu məqamı olduqca aydın şəkildə bildirdi.
Cənab Prezident çıxışı zamanı, Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamikanın mövcudluğunu xüsusi olaraq vurğuladı və bildirdi ki, hazırda Parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insanın daimi işlə təmin olunması da müsbət göstəricidir. Xüsusi ilə vurğulayıb ki, daxili tələbat mümkün qədər yerli məhsullar hesabına təmin edilməlidir. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Təbii ki, bu il Sumqayıtda fəaliyyətə başlayacaq şüşə istehsalı zavodu da mühüm fəaliyyət sahəsi olacaq. Tikinti sektoru pandemiya ilə əlaqədar, bir qədər tənəzzülə uğrasa da, bərpa edilir və ediləcəkdir. Harada idxaldan asılılıq daha böyükdür, lakin onu əvəzləmək mümkündürsə və bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs nümayiş etdirən şirkətlərə həm rezident statusu verilməli, həm də dövlət tərəfindən yardım edilməlidir. Onlara güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılıq maksimum dərəcədə azalsın.
Ölkə rəhbəri çıxışında təbliğat işlərinin düzgün qurulmasının əhəmiyyətinə də toxunub. Cənab İlham Əliyev qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Bu Parkın ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur. Dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq bu şəraitdə də dövlət başçısının uzaqgörən və ağıllı siyasəti nəticəsində Azərbaycan elə addımlar atır ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında ola bilsin. Nəticədə, Azərbaycan vaxt itirmədən bütün sahələrdə yeni inkişaf dinamikasına sahib olacaq.
Qaradağ rayonun ziyalı sakini kimi, əminəm ki, ölkə başçısının bütün səyləri Azərbaycan xalqının firavan yaşamasına, dövlətimin daha da güclü və qüdrətli olmasına hesablanıb. Əminəm ki, biz daha da böyük nailiyyətlər əldə edəcək, Azərbaycan adını ölkələr arasında ilklər sırasında görəcəyik.
Nəzakət Axundova,
ziyalı, mühəndis