Birgə təlimlərin xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün çox böyük faydası var
Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.
Azərbaycan-Türkiyə arasında keçirilən genişmiqyaslı hərbi təlimlər iki qardaş ölkə arasında bağllığıı daha da artıracaq. Hətta belə deyim, birgə təlimlər düşmən ölkə üçün bir gözdağı da oldu. Bu təlimlər təkcə qonşu ölkələrdə yox, bütün dünya ölkələrində danışılır. Hətta dünya mətbuatı da bu təlimlərə böyük diqqət ayırıb məqalələr dərc olunub.
Bunlardan biri də Rusiyanın nüfuzlu nəşrlərindən olan "Nezavisimaya qazeta"dır.
Nəşrdə birgə təlimlərə həsr olunmuş məqalə dərc edilib. Məqalədə Türkiyənin öz döyüş təcrübəsini Azərbaycanla bölüşmək istəməsi təlimlərin əsas hədəflərindən biri kimi göstərilir: "Türkiyə ordusunun lokal münaqişələrdə (məsələn, Suriya, Liviya və İraqda) döyüş tətbiqinin müasir təcrübəsi göstərir ki, Ankara çoxdandır sayla yox, ağılla, bacarıqla döyüşür. Türkiyə Silahlı Qüvvələri zərbə pilotsuz aparatlarını, təyyarələri və vertolyotları, habelə HHM vasitələrini və düşmən arxasında diversiya əməliyyatları həyata keçirən xüsusi təyinatlı bölmələri geniş tətbiq edir. Türkiyə öz təcrübəsini Azərbaycana öyrətməyə hazırdır. Görünür Azərbaycan və Ermənistan sərhədindəki toqquşmalardan sonra iyulun 16-da Bakı və Ankara hərbi rəhbərlikləri arasında gedən danışıqlarda da bu müzakirə olunub".
Artıq dünya mətbuatı da Azərbaycan-Türkiyə arasında olan sarsılmaz dostluq və qardaşlığı etiraf edir. Düşmən ölkələr bunu yaxşı başa düşür ki, Türkiyə hər zaman Azərbaycanın arxasındadır və Dağlıq Qarabağın işğaldan azad etməsi üçün əlindən gələni edəcək.
Qeyd edək ki, Türkiyə parlamentinin hakim AKP-dən olan və Ordu vilayətini təmsil edən millət vəkili Metin Gündoğdu Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər barədə öz fikirlərini bildirib. O, Ermənilərin xain hücumunu pisləyərək Azərbaycan torpaqlarını artıq onlardan geri almağın zamanı gəldiyini vurğulayıb. Və əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın arxasındadır.
Son olaraq söyləyim ki, Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanda panika və təşviş içində izlənilir. Artıq düşmən də anlayır ki, Qarabağın işğaldan azad edilməsi an məsələsidir.
Ramiz Yusubov
YAP GB İdarə Heyətnin üzvü