Özünüməşğulluq proqramı haqqında məlumat
Azərbaycan Respublikasının sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması, məşğulluğun coğrafiyasının genişləndirilməsi, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasından ibarətdir. Bu istiqamətdə bir çox addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 07.04.2016-cı il tarixində “Özünüməşğulluq” proqramı ilə bağlı imzaladığı Sərəncam çox böyük əhəmiyyət kəsb edir. Sözügedən Sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla, özünüməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.
Özünüməşğuluq proqramına qoşulmaq üçün vətəndaşlar Ərazi Məşğulluq Mərkəzi filialına müraciət edərək, işsiz kimi qeydiyyata düşüb, müvafiq sənədləri təqdim etməlidir. Seçim mərhələsində ünvanlı dövlət sosial yardımı alanlar, əlillər, bir ildən artıq mərkəzdə işsiz kimi qeydiyyatda olanlar, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə müəssisəsindən azad olmuş şəxslər üstünlük hüququna malikdirlər. Özünüməşğulluq proqramı bir çox sahələri əhatə edir lakin vətəndaşlarda ən çox maraq yaradan Un məmulatlarının İstehsalı, Tekstil məhsullarının istehsalı, Plastik qapı və pəncərə hazırlanması, Kişi bərbərxanası, Qadın gözəllik salonu, Avtoçilingər, Foto xidməti, Ayaqqabı təmiri və istehsalı və digər sahələridir.
Özünüməşğulluq proqramının icrası Qaradağ rayonunda da sürətlə həyata keçirilir. Artıq qısa müddət ərzində işsiz və işaxtaran şəxslərdən bir 45 sakin özünüməşğulluq proqramına cəlb olunmuşdür. Ümumilikdə son iki il ərzində 355 nəfər Qaradağ sakini özünüməşğulluq proqramından bəhrələnmişlər . Onlar müxtəlif biznes sahələri üzrə aktivlərlə təmin edilərək öz bizneslərini qurmuşlar.
Ölkə başçısının tapşırığına əsasən cari ildə 12000 işsiz və işaxtaran şəxslərin öz biznesini qurmaq üçün aktivlərlə təmin olunması nəzərdə tutulur.