Çimərliklərdə reydlər aparılır
Məlumat verildiyi kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib.
Bununla əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti və struktur bölmələri tərəfindən aidiyyəti qurumlarla birlikdə çimərliklərdə karantin qaydaları tələblərinə uyğun vətəndaşların istirahəti üçün lazımi şərait yaradılıb, çimərliklərdə təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əlavə tədbirlər görülür. Çimərliklərdəki mövcud vəziyyətə nəzarət məqsədi ilə Qaradağ Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumların nümayəndələri gündəlik reydlər keçirir və maarifləndirmə işləri aparırlar. Reydlər nəticəsində aşkar edilmiş çatışmamazlıqlarla bağlı müvafiq tədbirlər görülür.
Vətəndaşlara ictimai çimərliklərdə spirtli içkilərin satışı və gətirilməsinin qadağan edildiyi, içkili şəkildə dənizdə çimməyin qadağan edilməsi, istirahət edərkən məişət və digər tullantıları həm dənizə həm də çimərlik ərazisinə atılmasına yol verilməməsi və belə hallar baş verərsə, müvafiq olaraq Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən akt tərtib edilərək İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə ediləcəkləri barədə məlumat verilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti və DİN əməkdaşları tərəfindən çimərliklərin cavabdeh şəxsləri ilə söhbətlər aparılmış, onlara bildirilmişdir ki, vətəndaşların sağlamlığı və təhlükəsizliyi məsələləri hər zaman ön planda olmalıdır. Buna görə də karantin şəraitinin pozulması və antisanitariya vəziyyətinə yol verilən çimərliklər barədə ən ciddi ölçü götürüləcəkdir.
Bir daha vətəndaşlarımızı çimərlikdə olduqları zamanı mövcud qaydalara və təmizliyə riayət etməyə çağırırıq.