O gün uzaqda deyil...
Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq -əgər uğrunda ölən varsa,Vətəndir!
Zaman göstərdi ki, tarix bərqərar olandan bu günə kimi Azərbaycan sərhədlərinin tanınması,onun dünya ölkələri arasında bərqərar olması üçün daim yenilməz ordusu,qəhrəman oğulları olub.
Zaman-zaman qəhrəmanlıqları ilə adı dastanlarda gəzən igid oğullarımız haqqında cild-cild kitablar yazılıb,nəğmələr oxunub.Bunları sadalamaq fikrindən tamamilə uzaq olsam da,ona inanıram ki,ot kökü üstə bitər!
Bu gün ,Vətən torpaqlarının 20%-dən çoxunun yağı tapdağı altında olduğu vaxtda ər oğullarımız canını Vətən uğrunda fəda edir,torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim mübarizəsi aparırlar.
O ordu yenilməz və güclüdür ki,onun sıravi əsgərindən generalına kimi hamı ,hər an Vətənini düşünür,Vətən uğrunda canını fəda etməyə hazır olur.İstər tarixin qanla yazılmış səhifələrini varaqlasaq,istər müstəqillik dövrünü araşdırsaq ,istərsə də son dövrdəki mücadilələrimizi saf-çürük etsək şahid olarıq ki, Azərbaycan əsgəri öz adına,Vətənə sədaqət andına ,anasının halal südünə sadiq qalmış, daim Vətən uğrunda mübarizə aparmışdır.Bu vətənpərvərlik,mübarizlik, “qana qan,cana can”-atəşi bir tərəfdən ruhumuzla,əqidəmizlə,oğullarımızın ər oğlu ər olması ilə bağlıdırsa,digər əsas səbəbi isə müzəffər ordumuzun rəşadətinə bağlıdır.
Yenilməz ordumuzun hər bir əsgəri inanır ki,yaxın zamanda Vətən uğrunda canını fəda edən hər bir şəhidimizin qisasını alacaq!Bu mübariz ruhu daşıyanlar üçün Vətən sadəcə sözdən ibarət deyil.
İnamsız bir qartalın qanadları gərilməz,
Döyüşsüz azadlığın meyvələri dərilməz,
Şəhidsiz bir millətin Vətən ruhu dirilməz ,
Oğullar ola-ola necə deyim mərdim yox?!
Ordum varsa,yurdum var,
Ordum yoxsa ,yurdum yox!
Bu gün gənc nəsillə işləyən müəllim kimi bu ruhu öz şagirdlərimə aşılamaqdan xüsusi zövq alıram.Artıq 20 ilə yaxındır ki,Qaradağ rayonunda məktəbdənkanar müəssisədə -7№li UGİM-də “Bədii qiraət”dərnəyinin rəhbəriyəm.Dəfələrlə şagirdlərimlə hərbi vətənpərlik ruhunda hazırladığımız tədbirlərlə rayonumuzda yerləşən hərbi hissələrin əsgər və zabit heyəti qarşısında çıxış edərkən onlarda olan Vətən eşqinə heyran olmuşam.Bu sevgi şagirdlərimin də belə ruhda püxtələşməsinə sözsüz ki,təsirsiz ötüşməyib.Onlardan bir neçəsi hazırda Vətənin bu ağır günlərində cəbhə bölgələrində xidmət edir. İnanıram ki,onların hər biri Vətənə xidmət edərkən Mübariz cəsarəti,Fərid fədakarlığı,Polad əzmi göstərəcək!Onlardan hansısa tezliklə Xankəndində Azərbaycan bayrağını yüksəklərə qaldıracaq!
Bir ana kimi,bir müəllim kimi,Vətənini sevən vətəndaş kimi ər oğullarımıza Qələbə sevinci arzulayıram!Qolunuz qüvvətli,ürəyiniz təpərli olsun,ərənlərim!
İlhamə Balacayeva
7№ Uşaq Gənclər –İnkişaf Mərkəzinin təşkilatçısı,
”Bədii qiraət” dərnəyinin rəhbəri