Ölkəmizdə görülən işlər, əldə edilən göstəricilər və qazanılan nailiyyətlər Prezident cənab İlham Əliyevin apardığı uzaqgörən siyasətin bariz ifadəsidir
Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində ölkəmizdə makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və yüksəliş tempinə nail olunub.
Bu gün dünyada koronavirus pandemiyasının bir çox ölkələrin iqtisadiyyatına ciddi ziyan vurması, neftin qiymətinin kəskin aşağı düşməsi fonunda Azərbaycanda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyata təsirlərinin azaldılması, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə önəmli tədbirlər həyata keçirilir. Pandemiyaya qarşı aparılan tədbirlərə görə Azərbaycan dünyanın qabaqcıl ölkələri sırasındadır. Beynəlxalq müstəvidə baş verən problemin yarada biləcəyi fəsadların neytrallaşdırılması istiqamətində zəruri addımlar atılmaqla yanaşı, bütün infrastruktur layihələri də uğurla və ardıcıl şəkildə davam etdirilir. Bu isə ölkədə islahatların davamlılığından xəbər verir. Pandemiya dövründə bütün infrastruktur layihələri uğurla və ardıcıl şəkildə davam etdirilir.
Bu layihələrin uğurlu icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Bütün sahələrdə dinamik inkişafını təmin etmək üçün dövlət başçısı cənab İlham Əliyev böyük əzmkarlıq göstərir.
Bu gün ölkəmizin 30-dan çox elektrik stansiyası var və bu, enerji təhlükəsizliyini təmin edir. Hətta, Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, bu enerjini ixrac belə edir. Bununla yanaşı, ölkəmizdə qazlaşdırma 96 faizə çatıb və bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir.
Ölkəmizdə digər sahələrdə olduğu kimi, su təsərrüfatında da son illərdə böyük uğurlar qazanılıb. Çünki su təmizlik, aydınlıq, həyat deməkdir. Həyatımız isə ərzaq təhlükəsizliyinin təmin olunmasından xeyli dərəcədə asılıdır. Ona görə də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter alması hər bir vətəndaşımızı ürəkdən sevindirir. Bəhrələrini hamılıqla gördüyümüz həmin tədbirlərin əsası ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə qoyulub.
Ümummilli lider meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsini ona görə vacib sayırdı ki, məhsuldar torpaq sahələrimiz əkilməmiş qalmasın, şoranlaşmanın qarşısı alınsın, əhalinin yerli əkinçilik məhsullarına tələbatı daxili imkanlar hesabına ödənilsin, ərzaq təhlükəsizliyi təmin edilsin, güclü iqtisadiyyata nail olaq, iqtisadi asılılıq qapılarımızı döyməsin.
Bu sahədə reallaşdırılan layihələr müstəqil Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin prioritet istiqaməti kimi getdikcə daha çox aktuallıq kəsb edir. Təsadüfi deyil ki, insan həyatı üçün əvəzedilməz sərvət olan içməli suyun əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyevin “Su həyat mənbəyidir, təmiz su isə sağlam həyat deməkdir” sözləri də insan amilinə verilən önəmin təcəssümüdür.
Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri də xüsusi əhəmiyyət kəsb edir. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində olduğu halda, bu gün 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idisə, bu gün bu rəqəm təxminən 82 faizdir. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idisə, bu gün bu rəqəm 63 faizdir.
Bunlara baxmayaraq Prezident cənab İlham Əliyevin məlum müşavirədə tapşırığı ondan ibarətdir ki, Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır. Su təhlükəsizliyimizin təmin edilməsi Prezident İlham Əliyevin perspektiv prioritetləri sırasındadır. Məqsəd ondan ibarətdir ki, bundan sonrakı müddətdə su itkilərinə yol verilməsin, suyun mənbəyi düzgün təhlil edilsin və xərclərə nəzarət gücləndirilsin. Su çatışmazlığı əlbəttə ki, insanların gündəlik yaşayışı təsir etdiyi kimi məhsuldarlığa da təsir edir. Bu səbəbdən də perspektiv layihələr çərçivəsində 22 kanal yenidən qurulacaq, bunun nəticəsində də təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatını tam həll ediləcək.
Əminik ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə postpandemiya dövründə bütün sahələrdə sürətli inkişafı təmin ediləcək, ölkəmiz heç kimdən asılı olmayacaq, insanların ərzaq məhsullarına olan tələbatı daxili imkanlar hesabına ödəniləcək. Azərbaycan pandemiya dövründə olduğu kimi, pandemiyadan sonrakı dövrdə də dünyanın ən qüdrətli dövlətlərindən biri olduğunu sübuta yetirəcək. Bu dövlətimizin siyasətidir.
Sədi Namazov
Qaradağ idman klubunun rəhbəri,
Respublikanın əməkdar idman ustası,
əməkdar məşqçi, Qarabağ müharibəsi veteranı