Şriftin ölçüsü :

Saytın rəngi :

Dinamik inkişafın bütün sahələrdə davamlı təmin edilməsi dövlətimizin fəaliyyətində prioritet məsələdir

26 iyul 2020 | 11:00

   Koronavirus pandemiyası ölkələrin iqtisadiyyatına, kənd təsərrüfatına, eləcə də ərzaq təhlükəsizliyinə mənfi təsirini göstərməkdədir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində koronavirusun geniş yayılmasının qarşısı alınaraq, insanların sağlamlığı qorunur.
   Bu gün Azərbaycanda koronavirus pandemiyası ilə ciddi mübarizə aparılaraq insanların həyatı xilas olunur, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər görülür, postpandemiya dövründə iqtisadiyyatın inkişafı üçün proqramlar qəbul edilir.
   Dövlət başçısı pandemiyanın yarada biləcəyi iqtisadi böhrandan ləyaqətlə çıxmaq üçün yüz min hektarlarla torpaqların əkinə cəlb olunmasını təmin etməklə çox ciddi qabaqlayıcı tədbirlər həyata keçirib.
   Ölkə rəhbərinin postpandemiya dövründə su ehtiyatları üzrə riskləri uzaqgörənliklə qiymətləndirərək tədbirlər görülməsi barədə tapşırıqlar verməsi kənd təsərrüfatının inkişafı baxımından hansısa problem yaranmayacağına verilən zəmanətlərdən biridir.
   Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələri arasında ölkənin etibarlı su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur.
   Bunu iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videomüşavirə bir daha sübut etdi.
   İqtisadiyyatımızın vacib sahəsi olan su təsərrüfatında mövcud olan problemlərin təfərrüatlı müzakirə edildiyi müşavirədə cənab Prezident vurğuladı ki, Azərbaycanda infrastruktur layihələr ardıcıl şəkildə həyata keçirilir və bunun sayəsində ölkəmiz sürətlə inkişaf edir. Hələ bir neçə il bundan əvvəl infrastrukturla bağlı Azərbaycanda xeyli problemlər mövcud idi. Elektrik enerjisi çatışmırdı, qazlaşdırmanın səviyyəsi aşağı idi, nəqliyyat infrastrukturu çox zəif vəziyyətdə idi. Lakin bu gün ölkəmizdə aparılan məqsədyönlü fəaliyyətin nəticəsində bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Bu gün biz nəinki özümüzü elektrik enerjisi ilə təmin edirik, hətta bu sahədə ixrac imkanlarımız da artmışdır.
    Hazırda ölkəmizdə qazlaşmanın səviyyəsi 96%-dir. Hava nəqliyyatının səmərəliliyinə görə ölkəmiz 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 27-ci yerdədir. Həyata keçirilmiş infrastruktur layihələr arasında içməli su və meliorasiya ilə bağlı işlər xüsusi yer tutur. Bu istiqamətdə də ciddi nəticələr var. Ölkəmizdə görülən işlərin nəticəsi olaraq içməli su ilə təminat 2004-cü ildəki 40% səviyyəsindən bu günki 70%-ə çatıbdır. Paytaxt Bakıda içməli su ilə davamlı təminatın səviyyəsi 82%-dir. Halbuki, bir neçə il bundan əvvəl şəhərimizdə fasiləsiz su ilə təmin olunan əhalinin sayı 29% idi. Müşavirədə cənab Prezident ölkəmizdə içməli su və suvarma suyu ilə təminatın 100%-ə qaldırılmasını əlaqədar təşkilatların qarşısında ciddi vəzifə kimi qoydu.
   Aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə qeyd olunduğu kimi, dünyada iqlim dəyişikliyi ilə bağlı böyük narahatlıq var. Bəzi proqnozlar onu göstərir ki, Azərbaycanda bəlkə on ildən, iyirmi ildən sonra səhralaşma prosesi də istisna deyil. Ona görə biz bəri başdan buna hazır olmalıyıq. Keçən ilin quraqlığı bizə çox böyük problem yaratmışdı və hətta yaşlı insanlar belə quraqlıq xatırlamırlar. Bu il də quraqlıq gözlənilir. Ona görə su ehtiyatlarımızın səfərbər olunması, onlardan səmərəli istifadə edilməsi prioritet məsələyə çevrilir.
   Prezident cənab İlham Əliyevin həmin müşavirədə bu sahədə ciddi irəliləyişə nail olmaq üçün xüsusi komissiya yaradılması barədə tapşırığına uyğun olaraq, artıq həmin komissiya yaradılıb. Bu, Prezidentimizin söylədiyi, “Biz suyun hər bir damcısının qədrini bilməliyik” tövsiyəsinin reallaşdırılmasına başlanılmasının əyani nümunəsidir.
   İnanırıq ki, Prezidentimizin rəhbərliyi ilə bu vacib sahədə aparılan islahatlar postpandemiya dövründə daha sürətlə aparılacaq, istər içməli, istərsə də suvarma suyuna tələbat artıqlaması ilə ödəniləcək. Su həyatdır, suyumuz bol olduqca, kənd təsərrüfatımız da inkişaf edəcək, süfrələrimizdə öz milli məhsullarımızın sayı bol olacaq, aqrar sektorda çalışan insanların sayı və qazancı artacaqdır.

Niyaz Eyvazov
Qızıl Aypara Cəmiyyətinin 
Qaradağ Rayon Təşkilatının Sədri

Keçidlər