Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda milli mətbuat günü-145 il

22 iyul 2020 | 11:00

    Bu gün 145 yaşı tamam olan Azərbaycan milli mətbuatının zəngin tarixi vardır.“Əkinçi”nin maarifpərvərlik məfkurəsi, yaydığı fikirlər xalqımızın azadlıq və milli ruh ideallarına çevrilərək ölkəmizin gələcəyinə mühüm töhfələr vermişdir. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır. Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək milli mətbua-tımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərini bu gün minnətdarlıqla yada salır, onların tarixi xidmətlərini unutmuruq.
   Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxır. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurur və 1875-1877-ci illər ərzində fəaliyyət göstərir. Qəzetin 56 nömrəsi işıq üzü görür. “Əkinçi” qəzetinin nəşri milli şüurun təşəkkülünə, nadanlıq və cəhalətə qarşı mübarizənin güclənməsinə, mədəniyyətimizə sahib çıxmağa, milli əqidəmizin təkamülünə rəvac vermişdir. XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli azadlıq ideyalarının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar.Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin "Əkinçi"nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı. Lakin ötən əsrin 20-ci illərinin əvvəllərində Azərbaycanın zorla sovetləşdirilməsi ilə milli mətbuatımız da sovet imperiyasının siyasi-ideoloji nəzarəti altında fəaliyyət göstərmişdir. Yalnız görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra milli demokratik mətbuatın başlıca prinsipləri formalaşmağa başlamışdır.
Çoxəsrlik tarixə və zəngin ənənələrə malik milli mətbuatımızın müstəqillik illərindəki inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan jurnalistikası söz, fikir, mətbuat azadlığına məhz ulu öndərin zəngin dövlətçilik təcrübəsi sayəsində nail olub. Görkəmli dövlət xadiminin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkədə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qabaqcıl ictimai fikrin, milli məfkurənin inkişafında, müstəqil dövlət quruculuğunda mühüm rol oynayan kütləvi informasiya vasitələrinin cəmiyyətdə ictimai nüfuzunun artması, fəaliyyət dairəsinin genişlənməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüldü. Bu sahədə möhkəm qanunvericilik bazasının yaradılması mətbuatın inkişafında ciddi dönüşə səbəb oldu.  “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”, – deyən ümummilli liderin uzaqgörənliyi sayəsində ölkə mətbuatında söz, fikir və əqidə azadlığının təmin olunması üçün müvafiq qanunvericilik aktlarında dəyişikliklər aparıldı, ölkəmiz mövcud olan beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu.
   Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır.Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan milli mətbuatımızın keşməkeşli yoluna yenidən işıq tutmaqla həm də dövlətimizin mətbuat nümayəndələrinə qarşı sonsuz diqqət və qayğıkeşliyini bir daha göstərdi.Sərəncamda deyilir: “Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiya-larının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.
   Bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Ölkə Prezidenti mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanları yaratmışdır. Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif olunması, onlara fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə dövlətin yüksək qiymətinin təcəssümüdür.       

Ramin Məmmədov
  yazıçı-publisist

Keçidlər