Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Ali Baş Komandanın yanında olduqlarını birmənalı olaraq bəyan etdilər
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistan Respublikası ilə müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə bir hissəsini işğal etmişdilər.
Azərbaycan Prezideni, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmişdir.
Azərbaycan Ordusu işğalçı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribatının qarşısını qətiyyətlə aldı, Ordumuzun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi.Tovuz rayonu istiqamətində baş verən hadisələr eyni zamanda Azərbaycan dövlətinin, Azərbaycan ordusunun nələrə qadir olduğunun nümayişi ilə yanaşı milli birliyin, vətənpərvərliyin və həmrəyliyin daha bir nümunəsi oldu.
Eyni zamanda Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərəsi idi.Qürurverici haldır ki, siyasi baxışlarından, yaşından və statusundan asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər.
Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların da bu prosesdən geri qalmaması dediklərimizin bariz nümunəsidir. Siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirərək son hücumların məhz sərhəd zonasında baş verməsinin təsadüfi olmadığı, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri, Ermənistanın təcavüzünün təsdiq edilməsi baxımından əhəmiyyətlidir. Beləliklə biz çoxdan arzuladığımız, digər ölkələrin siyasət mədəniyyətində həsəd və qibtə ilə izlədiyimiz bir anın şahidi olduq. Azərbaycanda dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşdilər. Eyni zamanda iyulun 15-də
Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı cənab İlham Əliyevin çıxışından sonra düşmənə qarşı döyüşlərə qatılmaq üçün gənclərimizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayon bölmələrinə müraciət etmələri də onların haqq-ədalət naminə döyüş əzminin bariz ifadəsidir.Yüksək döyüş əzmi ilə seçilən Azərbaycan gəncliyi vətənin dar günündə də ön sıralarda yer aldı. Qürurverici haldır ki, Azərbaycanın düşmənin məkrli niyyətinə qarşı zəfər yürüşündə gənclərimiz vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olduqlarını bir daha nümayiş etdirdilər.
Eyni zamanda iyulun 14-də parlamentin önündə minlərlə insanın toplaşdığı aksiyalar onu göstərdi ki, Azərbaycan xalqı həqiqətən də mütəşəkkil olmağı bacarır. Təəssüf ki, əsas şüarı vətən, torpaq olan dinc yürüş prosesində, sonradan gənclərin bir hissəsi təxribat nəticəsində yanlış istiqamətə yönləndirildi və arzuolunmaz hadisələr baş verdi. Milli Məclisin inzibati binasına zor gücünə daxil olaraq, orada dağıntılar törətmək istəyənlərin qanuna zidd cəhdləri Azərbaycan polisinin son dərəcə təmkinli, dözümlü, eyni zamanda qətiyyətli davranışı sayəsində dəf edildi. Gənclərimizin nümunəvi davranışları işğalçı və təcavüzkar Ermənistan hökumətinə, sapı özümüzdən olan “balta”lara - Milli Məclisin binasında vandallıq törədənlərə, asayiş keşikçilərinə qarşı zor tətbiq edənlərə, gənclərin vətənpərvərlik hissləri ilə oyunbazlıq edənlərə tərs sillə oldu.
Dövlət, xalq qarşısında vəzifə və məsuliyyətini yaxşı dərk edən gənclərimiz Ali Baş Komandanın əmri ilə döyüşə getməyə, torpaqlarımızı erməni işğalçılarından azad etməyə onlara əmanət olan torpaqlara göz dikənlərə qarşı mübarizə aparmağa bir nəfər kimi hazırdırlar.
Nəbi Şükürov
1 saylı ASAN Xidmət Mərkəzinin əməkdaşı,
Aprel döyüşlərinin iştirakçısı