Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi sabitliyi, inkişafı təmin etməklə torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminlik yaradır

17 iyul 2020 | 11:00

   İyulun 12-də başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətməsi işğalçı ölkənin təcavüzkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu hadisələr Ermənistan dövlətinin beynəlxalq hüquq normalarını növbəti dəfə kobud surətdə pozmasını, pandemiya şəraitində də təxribatçı fəaliyyətini davam etdirməsini bir daha göstərdi. Beynəlxalq ictimaiyyət və  ATƏT-in Minsk qrupu bir daha gördü ki, Ermənistanın problemin sülh yolu ilə həllində maraqlı deyil və təcavüzkar niyyətindən əl çəkmək istəmir.   
    Qürurverici haldır ki, Ermənistan tərəfinin bütün təxribatçı hərəkətləri qüdrətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən iflasa uğradılır, dövlətimiz öz sərhədlərini qoruyur, eyni zamanda, operativ vəziyyətə nəzarət edilir.     
Azərbaycan Ordusu bundan əvvəl də dəfələrlə işğalçı Ermənistanın təxribat cəhdlərinin qarşısını qətiyyətlə alıb. 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad edən müzəffər ordumuz iki il sonra uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsini nəzarətə götürdü, təcavüzkarları həmin bölgədən çıxardı.   
    Azərbaycan Silahlı Qüvvələri tərəfindən götürülmüş strateji yüksəkliklər Ermənistanın bir neçə yaşayış məntəqəsinə, o cümlədən bu ölkədən Dağlıq Qarabağa gedən avtomobil yoluna nəzarət etməyə imkan verir. Məhz dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə layiqli cavab verilməsi də bu baxımdan xüsusi qeyd edilməlidir.     
   Prezident cənab İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır”.        
   Bu təxribat cəhdinin qarşısının qətiyyətlə alınması onu göstərir ki, Azərbaycan dövləti işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir. Bu, eyni zamanda, Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə bir daha əyani surətdə nümayiş etdirdi.  15 iyulda xalqımız ordumuza və Ali Baş Komandanımıza dəstək nümayiş etdirərək, xalq - iqtidar birliyinin, xalq - ordu birliyinin vəhdətinin təcəssümü olaraq paytaxt ərazisində "Ya Qarabağ ya ölüm", "Şəhidlər ölməz, Vətən bölünməz", "Ali baş komandan əmrini gözləyirik" kimi şüarlar səsləndirdilər. Təbii ki, bütün bunlar çox qürurvericidir”.          
   Bu aksiyadan məkrli məqsədlər naminə istifadə cəhdləri də müşahidə olundu ki, bu, tamamilə yolverilməzdir. Bu, özünü orduya dəstək prosesinə siyasi rəng qatmaq, aksiyanı nəzarətdən çıxararaq xaos yaratmaq cəhdlərində göstərdi. Əlbəttə, sərhəddə hərbi əməliyyatların davam etdiyi, işğalçıya adekavat cavab verildiyi zaman bir qrup şəxsin paytaxt Bakıda iğtişaş yaratmağa çalışması, hətta Azərbaycan Respublikasının Milli Məclisin binasına daxil olaraq qanunazidd əməllər törətməsi, asayiş keşikçilərinə qarşı zorakılıq və müqavimət göstərilməsi qəbul olunmazdır. Bu, həm dövlətimizin milli maraqlarına, həm ölkə Konstitusiyasına və qanunlara ziddir, həm də Vətənimiz, ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin ruhuna sayğısızlıqdır.        
   Heç şübhəsiz, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları istər orduya dəstək məqsədilə keçirilən aksiya çərçivəsində, istərsə də sosial şəbəkələrdə təxribatçı fəaliyyətlə məşğul olanlara qarşı geniş araşdırmalar aparacaq, milli maraqlara və müvafiq qanunlara zidd hallara yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar.          
   Əlbəttə, antimilli ünsürlər və onları dəstəkləyən ermənipərəst dairələr bu cür vasitələrlə Azərbaycanın inkişafına, öz milli maraqlarını qorumasına əngəl yarada bilməzlər. Çünki Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, milli ordumuza güvənir. Ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi isə sabitliyi, inkişafı təmin edən mühüm amil olmaqla yanaşı, torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminlik yaradır.
                

Atakişi Cəfərov
180 nömrəli tam orta məktəbin direktoru

Keçidlər