Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq-iqtidar birliyi milli həmrəyliyimizin növbəti bariz nümunəsidir

17 iyul 2020 | 11:00

   Azərbaycan güclü, beynəlxalq müstəvidə böyük nüfuza sahib olan dövlətdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illər ərzində möhtəşəm nailiyyətlər əldə edib. Azərbaycan artıq regional deyil, qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və müəllifidir. Təbii ki, bu amil işğalçı Ermənistanı narahat etməyə bilməz. Son günlər Ermənistanın törətdiyi təxribatın əsasında duran amillərdən biri də budur.
   Düşmənin hər bir təxribatına Azərbaycan Ordusu layiqli cavab verir və verməyə də davam edəcək. Tovuz istiqamətində gedən döyüşlərdə də düşmən bir daha ordumuzun gücünü gördü. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, işğal olunmuş torpaqlarımız düşməndən azad ediləcək  və ordumuz Ali Baş Komandanın tapşırığı ilə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaq. Azərbaycan Ordusunun uğurlu əməliyyatı, əldə olunmuş nəticə, hərbi qələbə xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Məhz iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya xalqımızın öz dövlətinə, Prezidentinə və Silahlı Qüvvələrin Ali Baş Komandanına qətiyyətli dəstəyinin ifadəsi oldu. Milli maraqların qətiyyətli müdafiəçisi olan bu insanlar Şəhidlər xiyabanına getdikləri müddət ərzində səsləndirdikləri şüarlarla xalq-iqtidar birliyini, milli həmrəyliyi real surətdə nümayiş etdirdilər.Prezident cənab İlham Əliyevin dediyi kimi: “Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi”. 
   Bütün bunlar həm də Azərbaycan cəmiyyətinin yüksək vətənpərvərlik ruhuna malik olduğunu əyani surətdə nümayiş etdirdi. İftixar olunası haldır ki, aksiya iştirakçıları vətənə sevgi və sədaqət hisslərini böyük coşğu ilə ifadə etdilər. 
   Eyni zamanda vəziyyətlə əlaqədar ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanat qəbul etməsi çox təqdirəlayiq haldır: “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatı yüksək qiymətləndirilməlidir. Siyasi partiyaların belə bir gündə birlik və bərabərlik nümayiş etmələri, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları, hamıya nümunə olmalı, təxribatçı və beşinci kolonun vəziyyəti gərginləşdirməyə çalışmasının qarşısı dərhal və qətiyyətlə alınmalıdır. Ermənistan və ermənipərəst dairələr bilməlidir ki, Azərbaycan güclü dövlətdir, ölkəmizdə möhkəm sabitlik mövcuddur. Xalqımız cənab Prezidentin ətrafında sıx birləşib. Bu birliyi heç bir qüvvə poza bilməz!”.
   Hər birimiz  vətəndaş, millət olaraq borcumuz düşmənə qarşı vahid mövqedə - Ali Baş Komandanın ətrafında birləşib şəhidlərimizin ruhunu şad etmək, vətən təəssübkeşliyi, vətəndaş həmrəyliyimiz ilə örnək olmaqdır.
   Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəhclə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.  Bu günlərdə hamımız bir yumruq kimi dövlətimizin və Ali Baş Komandanımızın ətrafında birləşməli, hər bir addımda xüsusi həssaslıq nümayiş etdirməliyik.
   Bu birlik - həm dövlətimiz, həm ölkəmizin ərazi bütövlüyü uğrunda misilsiz şücaət göstərən Milli Ordumuz, həm şəhidlik zirvəsini fəth edən qəhrəmanlarımız, bütövlükdə isə Azərbaycanımız qarşısında milli məsuliyyətimiz və vətəndaşlıq borcumuzdur!

Allahverdi Məmmədov
Qaradağ Rayon İcra Hakimiyyəti yanında
İctimai Şuranın sədri

Keçidlər