Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Qaradağ rayon təşkilatının 20-ci ildönümü

15 mart 2013 | 11:00

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

14 mart 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin deputatı Mixail Zabelin, Qaradağ rayon rəhbərliyi və rayon ictimaiyyəti iştirak etmişdir.
    Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev adına parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül-çiçək dəstələri düzmüş, xatirəsini dərin ehtiramla yad etmişlər.
    Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurultayındakı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qaradağ rayonundan deputat seçilərkən 1999-cu ildə Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının konfransındakı çıxışından fraqmentlərin nümayiş edildi.
    Tədbiri giriş nitqi ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə meydana gəldiyini qeyd edərək, 1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulduğunu, partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişərək, iqtidar partiyasına çevrilib ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdiyini söyləmişdir. Ulu öndər Heydər Əliyevin qoyduğu tarixi ənənələrin bu gün də Prezidentimiz İlham Əliyev tərəfindən sədaqətlə həyata keçirilməkdə olduğunu bildirərək, artıq 10925 nəfəri özündə birləşdirən YAP Qaradağ rayon təşkilatının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli, uğurlu siyasətini hər zaman dəstəklədiklərini xüsusilə vurğulamışdır.
    Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı öz nitqində ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələrək Azərbaycanımızı bu bəladan qurtardığını və qısa zaman kəsiyində dünya dövlətlərinə tanıtdığını bildirərək, bu günün və gələcəyin partiyası kimi xalqın böyük inamını qazanan YAP-ın siyasətinin ana xəttini ərazi bütövlüyümüzün bərpa olunması, Vətənimizin mənafeyinin qorunması, hüquqi dövlət, azərbaycançılığı tərənnüm edən milli birliyin yaranması kimi vacib məsələlərin təşkil etdiyini bildirmişdir.
    Daha sonra çıxış edən Milli Məclisin deputatı Mixail Zabelin partiya sıralarında Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq, millətinə bağlı olan insanların təmsil olunduğunu, zamanın çətin sınaqlarından çıxan, öz ətrafında cəmiyyətimizin ən intellektual təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu ictimai-siyasi qüvvəyə çevrildiyini söyləmişdir.
  Digər natiqlərin hər biri öz növbəsində bu gün Azərbaycanın ictimai-siyasi həyatında hakim olan Yeni Azərbaycan Partiyasının alternativsiz siyasi təşkilat kimi nüfuzunun gündən-günə artırdığını, dövlət-xalq, xalq-dövlət prinsipi ilə böyük nailiyyətlərin əldə etdiyini vurğulamışlar.
  Tədbirin sonunda YAP Qaradağ rayon təşkilatının fəallarına fəxri fərmanlar və partiya sıralarına yeni üzv olanlara YAP biletləri təqdim olunmuşdur.

Keçidlər