Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan ərazilərimizi azad etməyə qadirdir

16 iyul 2020 | 11:00

   Hər bir ölkənin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, həm də onun ordusunun qüdrəti ilə ölçülür. Ordu isə o zaman qüdrətli olur ki, onun əsgəri vətənpərvər olsun, Vətən üçün, xalq üçün istənilən təhdid və təhlükəyə layiqli cavab versin. Azərbaycan Ordusu da tarixin ən çətin dövrlərində yaranaraq böyük bir inkişaf yolu keçib, ölkəmizin təhlükəsizliyinin qarantına çevrilib.
   Koronavirus pandemiyasının geniş coğrafiyada yayılaraq bütün bəşəriyyətin bəlasına çevrildiyi bir zamanda mənfur düşmən öz işğalçılıq ənənələrinə sadiq qalaraq Tovuz rayonu istiqamətində sərhəd xəttində təxribat törətmişdir. Bununla da Ermənistan tərəfi süni gərginlik yaradaraq yenə də qeyri - konstruktivlikdən əl çəkməyəcəyini, yeni ərazilər əldə etmək cəhdinin işğalçının növbəti təxribatı olduğunu göstərmiş oldu. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır. Fərəhləndirici haldır ki, qısa müddət ərzində böyük inkişaf yolu keçmiş Azərbaycan Ordusu bu gün Cənubi Qafqaz bölgəsinin ən güclü Silahlı Qüvvəsinə çevrilmişdir. Aprel döyüşləri, eləcə də Naxçıvan zəfəri  və son günlərdəki Tovuz rayonu istiqamətində sərhəd xəttində gedən döyüşlər bunu deməyə əsas verir ki, bu gün Silahlı Qüvvələrimiz qarşısında dayanmış istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır.
   Bəli, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan ərazilərimizi azad etməyə qadirdir. Böyük səbir və dözüm nümayiş etdirən Azərbaycan hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasını istəyib. Münaqişənin həlli ilə bağlı beynəlxalq hüququn bütün prinsiplərinə əməl edən Azərbaycan bu imkanlardan sonadək yararlanmaq istəyini ortaya qoysa da, təəssüflər olsun ki, indiyədək heç bir müsbət nəticə əldə olunmayıb. Hətta danışıqlar prosesi hər dəfə ermənilər tərəfindən pozularaq problemin sülh yolu ilə həllindən imtina edilib. Eyni zamanda düşmən ölkənin ordusu tərəfindən daim Azərbaycanın sərhəd yaşayış məntəqələri atəşə tutulur, mülki şəxslər hədəfə alınır. İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində  ağır artilleriya silahları ilə qəflətən hücuma keçən düşmən qısa müddətdə geri oturdularaq cavab zərbəsi ilə susduruldu.      
  İyulun 13-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Ölkə başçısı, Ali Baş Komandan iclasda düşmənlərin son təxribatının ordumuz tərəfindən qarşısının layiqincə alındığını bildirmiş, Azərbaycanın heç zaman işğal faktı ilə barışmayacağını bir daha qeyd etmişdir: “Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq... Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”.
   Tovuz istiqamətində erməni təxribatı üzündən baş verən döyüşlər Azərbaycan Ordusunun döyüş qüdrətinin, mənəvi, psixoloji üstünlüyünün, əsgər və zabitlərimizin qəhrəmanlığının, döyüş şücaətinin yeni nümunəsi sayıla bilər. Silahlı Qüvvələrimiz Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında istənilən erməni təxribatının anındaca qarşısını almağa, torpaqlarımızın hər qarışını qorumağa tam hazır olduğunu bir daha nümayiş etdirdi.        
    Bu gün ordumuz tərəfindən düşmənin təxribat xarakterli hərəkətlərinə vaxtında və layiqli cavab verilməsi hər birimizdə qürur hissi doğurur. 2016-cı ilin Aprel döyüşlərindən sonra yenidən ordumuzun sarsıdıcı gücünü görən mənfur qonşularımız unutmamalıdırlar ki, xalqımız Ali Baş Komandanın da dediyi kimi, heç zaman işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Bu tarixi ədalətin bərpasına isə az qalıb.

          Azər Zeynalov
9 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi

Keçidlər