Şriftin ölçüsü :

Saytın rəngi :

Qüdrətli Azərbaycan ordusu qələbə əzmindədir

12 iyul 2020 | 11:00

   Prezident cənab İlham Əliyevin ordunun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirləri həyata keçirməsi sayəsində güclü Milli Ordumuz gündən-günə daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün hər cür imkan var.
    12-14 iyul tarixlərində Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücum etməyə cəhd göstərib.Düşmənin xain hücumu zamanı 11 hərbçimiz qəhrəmancasına şəhid olub. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub, yayılmış videolardan da göründüyü kimi, düşmənin texnikası və çoxlu sayda canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası düşmən-dən artıqlaması ilə alınıb.          
   Ermənistanın bu hücum cəhdi və silahlı təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Bu gün Azərbaycan güclü orduya malikdir və ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.         
   Ermənistanın bu cəhdi bizə 1990-cı illərin əvvəllərində məruz qaldığımız işğalı və öz ata-baba yurdlarımızdan qovulduğumuz faciəvi günləri xatırlatdı. O vaxt Qarabağ bölgəsi və ətraf rayonlar işğalın hədəfi idisə, indi, cəzasızlıq hissindən ruhlanan Ermənistan Azərbaycanın digər ərazilərini işğal etməyə çalışır. 
 Dövlət sərhədində törədilmiş bu təxribat göstərir ki, Ermənistan yeni münaqişə ocağı yaratmaqla diqqəti Qarabağ münaqişəsindən və işğal faktından yayındırmaq istəyir. Lakin Ermənistan heç bir vəchlə buna nail ola bilməyəcək. Hazırda Ermənistanın daxilində sosial-iqtisadi problemlər kəskinləşir, hökümət COVID-19 pandemiyası ilə bacara bilmir və bu səbəbdən belə təxribatlara əl atmaqla diqqəti fərqli istiqamətə yönəltmək istəyir.     
  İşğalçı ölkə BMT Baş Katibinin Qlobal Atəşkəs təşəbbüsünü sözdə dəstəklədiyini bildirir, ancaq riyakarcasına hərbi təxribatlar törədir. 
 İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında Cənab Prezident qeyd etmişdir ki: “Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”. Hazırki dönəmdə, ATƏT-in Minsk Qrupu, özəlliklə, həmsədr ölkələr Ermənistanın təxribatlarına rəsmi münasibət bildirməli, işğalçı ölkənin atəşkəsi pozmaq cəhdlərini qınamalıdır. Nəzərə alsaq ki indi dünya birliyi koronavirusla mübarizə aparır, Ermənistan rəhbərliyinin öz tərcümeyi-halına, xislətinə uyğun şəkildə belə bir məqamı fürsət bilib, yeni ərazilər əldə etmə cəhdi beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət almalıdır. Hadisələrin bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir.
    ATƏT-in Minsk qrupu həmsədrləri, beynəlxalq təşkilatları işğalçı Ermənistanın təxribatlarına sərt reaksiya verməli və ikili standartlara son qoyulmalıdır. Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan etmişdir ki, Azərbaycan bu münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həll edilməsinin tərəfdarıdır. Regionda gərginliyə son qoyulması üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad edilməli və bütün azərbaycanlı məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır.       
    Biz düşmənlə müharibə şəraitində olan müdrik xalqımızı, vətəndaşlarımızı təmkinli, səbrli olmağa, təxribatlara uymamağa və belə həssas və ağır zamanda hamını ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşib ordumuza dəstək olmalıyıq.


           Maqsud  Heydərov
                             Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai
Birliyinin Qaradağ rayon filialının sədri

Keçidlər