Şriftin ölçüsü :

Saytın rəngi :

Əminik ki, tezliklə torpaqlarımız Ali Baş Komandanın əmri, ordumuzun gücü ilə erməni işğalçılarından azad olunacaqdır

13 iyul 2020 | 11:00

   Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin səyləri nəticəsində inkişafının yeni mərhələsinə qədəm qoymaqdadır. Prezident  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində  kompleks tədbirlər həyata keçirilmək-dədir.            
   Prezident cənab İlham Əliyevin ordunun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirləri həyata keçirməsi sayəsində güclü Milli Ordumuz gündən-günə daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün hər cür imkan var.   Hazırda dünya çox çətin dönəm yaşayır. Koronavirus pandemiyasının geniş coğrafiyada yayılaraq bütün bəşəriyyətin bəlasına çevrildiyi bir zamanda mənfur düşmən öz işğalçılıq ənənələrinə sadiq qalaraq Tovuz rayonu istiqamətində sərhəd xəttində təxribat törətmişdir. Bununla da Ermənistan tərəfi süni gərginlik yaradaraq yenə də qeyri-konstruktivlikdən əl çəkməyəcəyini, yeni ərazilər əldə etmək cəhdinin işğalçının növbəti təxribatı olduğunu göstərmiş oldu. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır. Fərəhləndirici haldır ki, qısa müddət ərzində böyük inkişaf yolu keçmiş Azərbaycan Ordusu bu gün Cənubi Qafqaz bölgəsinin ən güclü Silahlı Qüvvəsinə çevrilmişdir. Aprel döyüşləri, eləcə də Naxçıvan zəfəri  və dünənki Tovuz rayonu istiqamətində sərhəd xəttində gedən döyüşlər bunu deməyə əsas verir ki, bu gün Silahlı Qüvvələrimiz qarşısında dayanmış istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır.
   Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən Ermənistanın diktatura rejiminin cəbhədə təxribatlar yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışması yeni taktika deyil. Azərbaycanın Silahlı Qüvvələri, qəhrəman əsgərlərimiz səbəblərindən asılı olmayaraq cəbhə xəttində erməni tərəfinin törətdiyi hər bir təxribata həmişə layiqincə cavab verib, ağır zərbələrlə düşməni yerində oturdub. Tovuz istiqamətində erməni təxribatı üzündən baş verən döyüşlər Azərbaycan Ordusunun döyüş qüdrətinin, mənəvi, psixoloji üstünlüyünün, əsgər və zabitlərimizin qəhrəmanlığının, döyüş şücaətinin yeni nümunəsi sayıla bilər. Silahlı Qüvvələrimiz Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında istənilən erməni təxribatının anındaca qarşısını almağa, torpaqlarımızın hər qarışını qorumağa tam hazır olduğunu bir daha nümayiş etdirdi.           
  Bu, bir daha sübut edir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmir və bizim əzəli torpaqlarımıza qayıtmağımıza imkan vermək niyyətində deyil. Ermənistanın bu cəhdləri bizi doğma yurdumuza geri dönmək əzmimizdən çəkindirmir və pozulmuş hüquqlarımızın bərpa edilməsinə mane ola bilməyəcək. Dövlət sərhədində törədilmiş bu təxribat göstərir ki, Ermənistan yeni münaqişə ocağı yaratmaqla diqqəti Qarabağ münaqişəsindən və işğal faktından yayındırmaq istəyir. Lakin Ermənistan heç bir vəchlə buna nail ola bilməyəcək.     
  Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında Silahlı Qüvvələrimizin düşmənin istənilən təxribatına bundan sonra da layiqli cavab verəcəyinə, işğal altında olan torpaqlarımızı azad edəcəyinə, Vətən yolunda həlak olan bütün şəhidlərimizin, o cümlədən Tovuz istiqamətində döyüşlərdə şəhid olmuş baş leytenant Rəşad Mahmudovun, çavuş Vüqar Sadıqovun, baş əsgər Elşad Məmmədovun və əsgər Xəyyam Daşdəmirovun qanının yerdə qoymayacağına dərindən inanırıq. 
    Allah şəhidlərimizə rəhmət etsin!        
  Əminik ki, tezliklə torpaqlarımız Ali Baş Komandanın əmri, xalqımızın dəstəyi və qəhrəman ordumuzun gücü ilə erməni işğalçılarından azad olunacaqdır!
                

Həsrət Almasov
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  
Qaradağ Rayon İdarəsinin mütəxəssisi,
Qarabağ qazisi,
Prezident təqaüdçüsü

Keçidlər