Ölkəsinə ürəkdən bağlı olan görkəmli dövlət xadimi Prezident cənab İlham Əliyevin atdığı böyük tarixi addımlar xüsusi əhəmiyyətə malikdir
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci Vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Bakı şəhərinin Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı olmuşdur. Modul tipli hospitalda 800 xəstəni qəbul etmək üçün hər cür şərait yaradılmışdır.Yeni modul tipli xəstəxanın istifadəyə verilməsi dövlətimizin vətəndaşların sağlamlığının qorunmasına xidmət edən növbəti bir addımı kimi dəyərləndirilməlidir.
Tibb müəssisəndə yaradılan şəraitlə tanışlıqdan sonra yerli televiziya kanallarına müsahibə verən cənab İlham Əliyev ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri ilə bağlı fikirlərini geniş şəkildə bildirərək qeyd etmişdir ki, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar, bu xəstəxanaların 36-sı Prezidentin Sərəncamı ilə son dövrlərdə tikilərək istifadəyə verilmişdir.
Azərbaycan dövləti tərəfindən koronavirus pandemiyasının yayıldığı ilk günlərdən etibarən düşünülmüş, sistemli tədbirlər həyata keçirir. Bu sırada modul tipli xəstəxanaların yaradılması da vacib məqamlardan biridir. Modul tipli beş xəstəxana artıq fəaliyyətdədir. Yaxın zamanda daha beş modul tipli xəstəxana inşa olunacaqdır.
Müsahibəsində karantin rejiminə də toxunan Dövlət başçısı cənab İlham Əliyev qeyd edib ki, hər bir vətəndaş bu rejimə əməl etməlidir və heç kim qanundan üstün deyil. Əsas məqsəd xalqın sağlamlığının qorunmasıdır. İnsanların sağlamlığı ilə yanaşı, sosial müdafiələrinin gücləndirilməsi də dövlətimiz üçün prioritetdir. Heç bir sosial layihə təxirə salınmadı.
Cənab İlham Əliyev müsahibəsində cari ildə ən həssas təbəqəyə aid olan layihələrin icra edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, cari ildə məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək. Şəhid ailələri üçün bu il 1500 mənzil istifadəyə veriləcək. İşsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur. Bu mühüm məqam da diqqətə çatdırılır ki, iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunur. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Pandemiya ölkəmizdə də iqtisadi vəziyyətə mənfi təsir göstərmişdir.
Dövlət başçısının vurğuladığı kimi, neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir. Nəzərə alsaq ki, neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərə bilər, bu halda özlərini xalqa yaxın göstərib, istər pandemiyadan əvvəl, istər hazırda görülən işlərin, istərsə də postpandemiya dövrü üçün nəzərdə tutulan addımların əhəmiyyətini azaltmağa çalışan bu ünsürlər bir daha xarici dairələrin göstərişləri əsasında hərəkət etdiklərini, dövlətin, xalqın maraqlarını arxa plana keçirdiklərini nümayiş etdirirlər. Ermənistana dəstək olan, ölkədə əhalinin sosial vəziyyətinə təsir etmək imkanında olan hansısa hadisəni sevinclə qeyd edən belələrinin xalqın adından danışmağa haqqı yoxdur.
Dağlıq Qarabağ probleminin hazırki vəziyyətəndən də danışan dövlətimizin başçısı Azərbaycanın prinsipial mövqeyindən heç zaman geri çəkilməyəcəyini bir daha bəyan etdi. Cənab Prezident həmçinin, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini tənqid edib, işğalçı Ermənistanın qeyri-konstruktiv addımlarına heç bir mövqe bildirmədiklərini söyləyib. Ümumiyyətlə, bu məsələ ilə bağlı cənab Prezident çox mühüm bəyanatlar verdi və qeyd etdi ki, belə davam edərsə mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verməsi bu ölkənin iç üzünü və mahiyyətini bir daha açdı. Əslində pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri kimi Ermənistan BMT Baş Assambleyasının keçirilməsində maraqlı olmalıydı. Bu qərəzli yanaşmanın kökündə bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür.
Bu təşəbbüsü irəli sürməkdə Azərbaycanın məqsədi COVİD-19-la mübarizədə vahid yanaşmanın tətbiqinə, ölkələrin özlərinə qapanmamasına, inkişaf etmiş ölkələrin ağır vəziyyətdə olan ölkələrə kömək göstərməsinə nail olmaq idi. Bu təşəbbüsün reallaşması üçün 97 səs lazım olmuş, ancaq 130-dan çox ölkənin səsi əldə edilmişdi. Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi böyük siyasəti ürəkdən dəstəkləməklə bərabər, həm də dövlət rəhbərimizin çağırışlarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Bu, həmişə olduğu kimi, koronavirusla mübarizə dövründə də Prezident-Xalq birliyinə növbəti ehtiramımızın və şəxsi töhfəmizin ifadəsi olacaqdır./
Elnarə Hüseynova
Qaradağ Rayonu Müşviqabad qəsəbəsindəki
13 saylı poliklinkanın baş həkimi