Şriftin ölçüsü :

Saytın rəngi :

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

09 iyul 2020 | 11:00

    İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə-sinin nizamlanması üçün lazımi addımlar atmadığını və problemin indiyə kimi həll olunmamasını diqqətə çatdırdı.
   Mahiyyət etibarilə cənab Prezident koronavirus pandemiyasına qarşı Azərbaycan dövlətinin və xalqının birlikdə verdiyi mücadilə,ölkəmizin bu və ya digər məsələlərlə bağlı həyata keçirdiyi beynəlxalq əməkdaşlıq, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu, eyni zamanda ölkəmiz üçün strateji məsələ olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı növbəti dəfə səsləndirdiyi fikirlər, verdiyi ciddi məsajlardır.
   Dağlıq Qarabağ problemi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir və münaqişə yaranan vaxtdan bir sıra nüfuzlu beynəlxalq təşkilatlar problemin aradan qaldırılmasında Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.Bəzi beynəlxalq qurumlar hələ də bu məsələdə ikili standartlardan əl çəkmək istəmir. Lakin Azərbaycanın yeritdiyi məntiqli xarici siyasət sayəsində həmin qurumlar beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsini hiss etdikcə əsl həqiqəti etiraf etmək məcburiyyətində qalırlar.
   Ölkə başçısı cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar keçirdiyi bütün görüşlərdə problemin yalnız ölkəmizin ərazi bütövlüyünün bərpası çərçivəsində həllini mümkün hesab edir.
   Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı  çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa rəhbərlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımayıb və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıblar.
   Ölkə başçısının sözlərinə istinad olaraq qeyd edilməlidir  ki, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib.Lakin istər Ermənistan tərəfi, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrləri anlamalı və yadda saxlamalıdır ki, nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət ərazilərin qanunsuz işğalı və etnik təmizləmənin nəticələrini tanımayacaq. Buna görə də Minsk qrupu hər il nümayiş etdirdiyi kimi passiv fəaliyyət göstərməməli, əksinə, işğalçı ölkə olan Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir.
   Bu məsələ ilə bağlı cənab Prezidentin səsləndirdiyi haqlı, beynəlxalq hüquqa əsaslanan fikirlərə Minsk qrupu cavab verib öz mövqeyini izah etməli və problemin bu günədək həll edilmədiyinə aydınlıq gətirməlidir. Ona görə də ölkə başçısı bir daha Aprel döyüşlərini xatırlatmaqla Milli Ordumuzun nəyə qadir olduğunu yada salmış oldu. Cənab Prezident bildirdi ki, “biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında. Aprel döyüşləri heç kimin yadından çıxmasın!”. Düşünürəm ki, Minsk qrupu vəziyyət daha da gərginləşmədən öz missiyasını yerinə yetirməklə bağlı konkret addımlar atmalı, səsləndirilən fikirlərə tezliklə öz münasibətini bildirməlidir”.
   Prezident cənab İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Azərbaycan Prezidentinin bu təklifi Nyu-Yorkda Qoşulmama Hərəkatının 120 üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca hazırda Hərəkatın sədri olan Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlamışdır.
   Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
   Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya Covid-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar mahiyyətini göstərdi.  Bir qədər əvvəl Prezident cənab İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin iyunun 18-də videokonfrans formatında keçirilən sammitində Ermənistanın baş nazirini terroru dəstəkləyən dövlət kimi növbəti dəfə faktlarla ifşa etmişdi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını qeyd edib. Azərbaycan Prezidenti isə çıxışında vurğulayıb ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmaqla, eyni zamanda, 30 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müqayisə edilməyən nisbətin mövcudluğunu nümayiş etdirən əsaslı faktdır. 
   Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 17 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.

Paşa Məmmədov
Qaradağ rayonu Veteranlar Şurasının sədr müavini,
Qarabağ müharibə veteranı

Keçidlər